Musa Quliyev : “Dərman çörəkdən də irəlidir”
Parlamentin Sosial siyasət komitəsinin toplantısı keçirilib. Toplantıda “Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri müzakirə edilib.
Komitə sədi Hadi Rəcəbli deyib ki, Dərman bazarında qiymətlərin kəlləçarxa çıxmaması üçün dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi nəzərdə tutulur.
Onun qeyd etdiyinə görə, adıçəkilən qanuna 4.1.5-ci maddənin əlavə olunması təklif olunur ki, burada da “dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsi” məsələsi öz əksini tapır.
Həmçinin, təklif olunur ki, 4.5-ci maddədə “tarifləri” sözündən sonra “və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri” sözləri əlavə edilsin.
Eyni zamanda, qanuna “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafuiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”-məzmununda 4.6-cı maddənin əlavə olunması təklif edilir.
Hadı Rəcəbli hesab edir ki, bu dəyişikliklər xırda həcmli olsalar da, böyük və əhəmiyyətli dəyişikliklərdir: “Bildiyiniz kimi, dərman vasitələri ilə bağlı bizim komtə tərəfindən bir sıra işlər görülüb. Məhz bunun da nəticəsində ölkənin dərman bazarında, dərman vasitələrinin istehlakında xalqın, vətəndaşın mənafeyi baxımdan uğurlu nəticələr əldə edilib. Bunlar göz qarşısındadır. Onu da deyim ki, indiyə kimi rayonlara ayrılan dərman vəsaitləri ilə bağlı vəsaitlər rayonların büdcəsinə cəmləşirdi. İndi isə, yəni, növbəti ilin büdcəsində bu vəsaitlərin bir əldə cəmləşməsi nəzərdə tutulur. Yəni, bundan sonra Səhiyyə Nazirliyi vasitəsilə bu vəsaitlər ayrılacaq. Əgər bir rayonda dərmanın qiyməti məsələn, 5 manata, digər rayonda isə 10 manata idisə, bundan sonra bütün rayonlarda qiymətlər eyni olacaq. Bu gün gündəliyə çıxarılan qanun layihəsində də əksini tapan dəyişikliklər məhz bu məqsədə xidmət edir. O məqsədə xidmət edir ki, qiymətlər kəlləcarxa çıxmasın”.
Komitənin sədr müavini Musa Quliyev təklif olunan dəyişiklikləri dəstəklədiyini bildirsə də, qeyd edib ki, bu dəyişikliklərin ciddi əsaslandırılması lazımdır, geniş izahatı verilməlidir: “Çünkui plenar iclasda bununla bağlı xeyli suallar olacaq. Eyni zamanda, qiymətlər dövlət-müvafiq icra hakimiyyəti tərəfindən tənzimlənəcəksə, o zaman yerli sahibkarlar dərman vasitələrinin alınıb ölkəyə gətirilməsində maraqlı olmayacaqlar. Həmçinin, apteklər bahallı dərmanlarla dolacaq. Halbuki insanlar daha uçuz və orta qiymətlərlə dərman vəsaitələri almaqda maraqlıdırlar. Onların imkanları buna çatır”.
Musa Quliyev deyib ki, dərman çörəkdən də irəlidir: “İnsan çörəksiz yaşaya bilər, amma dərmansız yox. Ona görə yaxşı olardı ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisi buraya dəvət olunsun və bu məsələni əsaslandırsın. Bununla belə, həm də yaxşı olardı ki, bu dəyişikliklər “İcbari tibbi sığorta haqqında qanun”un tətbiqindən sonra qüvvəyə minsin”.
Millət vəkili İlham Məmmədov isə təklif edib ki, dərman vasitələri Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunsun.
Müzakirələrdən sonra irəli sürülən təkliflər nəzərə alınmaqla, sözügedən qanun layihəsinin parlamentin plenar iclasa tövsiyə olunması qərara alınıb.
Nemət