6 May 2022 14:38
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə Birinci Qarabağ müharibəsində iki oğul itirən 92 yaşlı ananın evsiz qalması ilə bağlı məlumat vermişdik.

Goranboy rayon Səfikürd kəndinin sakini Bəyaz Səfərovaya 2018-ci ildə nazirlik xətti ilə 3 otaqlı ev tikilib. Tikinti zamanı icraçı təşkilatın kobud səhvi ucbatından yeni tikilmiş mənzilin divarlarında geniş çatlar yaranıb, divar çökdüyü üçün otaqlardakı qapılar örtülmür.

Sözügedən məsələ ilə bağlı Teleqraf.com-un sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi cavab verib.

Qurumdan bildirilib ki, Goranboy rayonunda qeyd edilən şəhid ailəsinin üzvləri üçün fərdi evin inşa edilməsi məqsədilə 2016-cı ilin 14 iyul tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə podratçı şirkət arasında müvafiq müqavilə bağlanıb və fərdi evin tikintisinə başlanıb: “Həmin dövrdə fərdi evin tikintisini həyata keçirən şirkət tərəfindən kobud səhvlərə yol verilib.

Səfikürd kənd sakini Aqil Zahid oğlu Səfərovun bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2021-ci ildə daxil olan müraciəti dərhal nazirliyin mütəxəssisləri tərəfindən araşdırılıb və qeyd olunan ünvana baxış keçirilib. Həqiqətən də o dövrdə fərdi evin tikintisi zamanı kobud səhvlərə yol verildiyi təsdiq olunub və aşkarlanmış qüsurlar barəsində səlahiyyətli nümayəndələrin iştirakı ilə müvafiq akt tərtib edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailəsinin hüquqlarının təmin edilməsi məqsədilə o zaman fərdi evin tikintisini həyata keçirən podratçı şirkət barəsində müvafiq hüquqi prosedurlara başlayıb və bununla bağlı məsələ nazirliyin diqqətindədir”.

Ev tikintisini həyata keçirən podratçı şirkətin adına gəlincə, Agentlik araşdırma getdiyi üçün şirkətin adını açıqlamağı doğru hesab etmir.


Müəllif: Yeganə Oqtayqızı