Mayın 4-də 1-ci siniflərə elektron qəbul prosesinə başlandı. Lakin bir neçə saniyə ərzində bütün siniflərdə yerlər tamamilə doldu. Bu hal bəzi valideynlərdə prosesin şəffaf keçirilməsinə şübhə yaratdı. İctimaiyyət bənzər vəziyyətlə ötən ay MİDA-nın mənzilləri elektron qaydada satışa çıxarması zamanı da üzləşmişdi.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qeydə alınan hal saytın texniki problemi ilə əlaqədardır. Onun sözlərinə görə, bənzər problemlərin qarşısını almaq üçün sistemdən müəllimlərin adı silinməlidir:
“Azərbaycanda 2016-cı ildən etibarən uşaqların birinci sinifə qəbulu elektron qaydada həyata keçirilir. Bu, əvvəl Bakı şəhərində tətbiq edilirdisə, sonradan bölgələr də prosesə qoşuldular. Təkcə 1-ci sinifə gedən 160 min uşağın hər biri mektebeqeder.edu.az portalı vasitəsilə məktəb müəllimi seçimini edir.
Lakin son illərdə qısa müddətdə məktəblərdə çıxarılan yerlərin, sinif sayının avtomatik olaraq dolması prosesilə qarşılaşırıq. Valideynlər buna görə az qala proqramistə müraciət etməlidir. Hesab edirəm ki, bu sistem çətin olmamalıdır. Bu gün başlayan prosesin əvvəlində yüklənmə olduğuna görə saytda texniki problemlər var idi. Nəzərə alsaq ki, bu vaxt ərzində 160 minə yaxın uşağın qeydiyyatdan keçməsi gözlənilir. Kifayət qədər valideyn müraciət etdiyinə görə qısa müddətdə saytda donmaların olduğunu müşahidə etdik.
Gecikmələrdən sonra təkcə Bakıda yox, bölgələrdə də, məsələn, Sumqayıtda bir neçə məktəbin bir neçə saniyədən sonra dolduğu aşkarlandı. Doğrudur, bunların bəziləri məktəbəqədər hazırlıq qruplarından gələn uşaqlardır. Amma onların sayı sinifi doldurmaq üçün yetərli deyil.
Proses təbii ki, elektron qaydada həyata keçirilir. Hazırda saytda texniki problem var. Hansısa valideyn işdədirsə, sürətli interneti yoxdursa, onun uşağı təbii ki, prosesdən kənarda qalacaq. Müraciət etdikdə də məktəbdə yerin dolduğu bildirilir. Fikrimcə, bu, düzgün yanaşma deyil. Biz sinfi seçərkən müəllimləri göstərməməliyik. Hər kəs deyir ki, uşaq filan müəllimin sinifində olsun. Ona görə də seçim zamanı sistemdən müəllimlərin adları silinməlidir. Yalnız "1 A, 1 B" kimi seçimlər saxlanmalıdır. Seçim başa çatdıqdan sonra müəllimin kimliyini öyrənmək daha yaxşı olar”.
Kamran Əsədov qeyd edib ki, elektron formada təşkil olunan proses şəffaf olsa da, əlçatan deyil. Ekspert təklif edir ki, baş verən halın qarşısını almaq üçün məktəblərə əlavə müəllimlər cəlb olunmalıdır: “Amma qısa müddət ərzində yerlərin dolması özlüyündə müəyyən problemlər yaradır. Ola bilər, kiminsə sürətli interneti yoxdur, yaxud internetdən istifadə edə bilmir. Buna görə həmin şəxs prosesdən kənarda qalacaq. Düşünürəm ki, bu, müəyyən qədər yanlışdır. Hər kəs istəyir ki, yaxınlığındakı məktəbdə təhsil alsın.
Məncə, biz daha çox müraciət olunan məktəblərə əlavə müəllimlərin qəbulunu həyata keçirməliyik. Valideynlər həmin məktəbdə övladlarının oxumasını istəyirlər, bu da məktəblər arasında rəqabət mühitini yaradacaq”.