10 May 2022 09:59
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təqvimdə dahi insanların yalnız doğum günü olur. Ona görə də Azərbaycan xalqı 10 may tarixini məhz Ulu öndər Heydər Əliyevin doğum günü kimi qeyd edir. Azərbaycan xalqının qəlbində Ulu öndərin irsi yaşayır. Heydər Əliyevin fəaliyyəti məhz Azərbaycan Respublikasının, ölkəmizin inkişafı, dövlətçiliyinin gücləndirilməsi ilə bilavasitə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ulu öndər fenomeninə yalnız Azərbaycan Respublikasının kontekstində yox, 200 il ərzində ölkəmizə qarşı hazırlanmış məkrli planlar çərçivəsində baxmaq lazım idi:

"İstər 19-cu, istər 20-ci yüzillikdə addım-addım ölkəmizə qarşı bu plan həyata keçirilirdi. Məhz Qarabağ hərəkatı, erməni lobbisi və dairələri tərəfindən Qarabağın işğalı da 1980-ci illərin sonunda ulu öndərin SSRİ rəhbərliyindən götürülməsindən və ona qarşı məkrli planların həyata keçirilməsindən sonra başladı. Burada məkrli planı həyata keçirənlər hər şeyi çox yaxşı şəkildə planlaşdırmışdılar.

Amma onlar iki şeyi nəzərə ala bilməmişdilər. Bu, rəhmətlik Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının əzmi idi. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin təməlləri atıldı. Ölkəmizin daxili siyasətinin inkişafı, xarici siyasət strategiyasının əsasları qoyuldu. O addımla da Azərbaycan dövləti yeni inkişaf mərhələsinə keçid etdi".

Prezidentin sözçüsü bildirib ki, Heydər Əliyevin yalnız yaşadığı dövrlə yox, özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı: "Ulu öndər tərəfindən əsası qoyulan siyasi irs bu gün də qorunub saxlanılır. Ulu öndərin bir vəsiyyəti var idi, Qarabağın işğaldan azad olunması. 8 Noyabr 2020-ci ildə Azərbaycan qəlbinin tacı olan Şuşa şəhəri işğaldan azad olundu. Cənab prezident tərəfindən də xalqımıza, dünya azərbaycanlılarına müraciətdə məhz ata vəziyyətinin həyata keçirilməsini səsləndirdi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər