Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ziyafət müəllim, bu yaxınlarda Niderlandda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı ittihamlar səsləndirdi. Sülh prosesinin gündəmdə olduğu bir dövrdə bu cür yanaşmalar prosesə necə təsir edə bilər?
- Azərbaycanın hədəfi odur ki, proses sülhə doğru getməlidir. Ölkəmizin Ermənistana sülhlə bağlı təklif etdiyi prinsiplərin başqa bir alternativi yoxdur. Amma təəssüf ki, qarşı tərəf yenə də öz məkrli niyyətində əl çəkmək istəmir. Bu yaxınlarda Niderlandda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi. O, guya erməni “diversantlar”ın Ermənistana qaytarılması və digər məsələlərlə bağlı absurd məqamlara toxundu. Halbuki Azərbaycan ermənilərin “hərbi əsir” adlandırdığı əslində isə ölkəmizin suveren ərazisində diversiya-təxribat hadisələri törətmiş şəxslərin bəziləri xoş məram göstərilərək qarşı tərəfə təhvil verilib. Amma Ermənistan Azərbaycanda guya hələ də “hərbi əsirlərin” mövcudluğunu iddia etdiyi şəxslər əslində hərbi təxribat törətmiş adamlardır. Azərbaycan ərazisində Qarabağda bu şəxslər hərbi təxribatlar, cinayətlər törədiblər. Ona görə də, bunları “hərbi əsir” adlandırmaq düzgün deyil. Onlar Cenevrə Konvensiyasına əsasən hərbi əsir hesab olunmurlar. Bu baxımdan Azərbaycana qarşı belə haqsız iradların irəli sürülməsi heç bir məntiqə əsaslanmır.
- Düşənbədə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verilən açıqlamalara əsaslanaraq sülh müstəvisində aparılan işin effektiv nəticələnəciyini söyləmək olarmı?
- Düşənbə görüşündə də Azərbaycan Xarici İşlər naziri o mövqeni ortaya qoydu ki, sülh prosesi mümkün qədər tezləşdirilməlidir. Bu məsələ ilə bağlı müəyyənləşəcək komissiyalar artıq fəaliyyət göstərməlidir. Delimitasiya və demarkasiya prosesləri icra edilməlidir. Bununla da ölkəmiz bir daha nümayiş etdirir ki, biz sülhün tərəfdarıyıq. Amma qarşı tərəfdə qeyri-müəyyənlik hökm sürür. Çünki erməni baş nazir gedib Avropada bir söz, gəlib İrəvanda başqa bir söz deyir. Niderlandda tamam başqa məqamlara toxunur, Moskvaya gələndə isə fərqli bir mövqe nümayiş etdirir. Ona görə də, özünü hökümət başçısı adlandıran insan bir qədər ciddi olmalıdır. O, verdiyi bəyanatlara ciddi yanaşmalı və dediyi fikirlərin arxasında dayanmalıdır.
- Azərbaycanın erməni tərəfinin qeyri-adekvart davranışları fonunda sərgiləyəcəyi mövqe nədən ibarət ola bilər?
- Üçtərəfli formatda təsbit edilmiş bəyanatlar və müddəalara ciddi əməl etmək lazımdır. Əgər Ermənistan bunu edəcəksə, prosesdə tezliklə irəliləyişə nail olunacaq. Əks halda Azərbaycanın mövqeyi ortadadır. Ermənistan əgər Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, ölkəmiz də eyni mövqedən çıxış edəcək. Bunun hansı nəticələrə gətirib çıxaracağı qarşı tərəfə də tam aydın olmalıdır. Onlar bunu bilməlidirlər.
- Sizcə, bu cür qeyri-müəyyən mövqe haradan formalaşır?
- Bəzən ictimai rəyin mövqeyi ilə oynamaq, ona hesablanan iradə sərgiləmək məntiqə uyğun deyil. Belə metodlarla dövlət idarə edilmir. Dövlətin mənafeyi olmalıdır. Ermənistanın baş naziri öz xalqına izah etməlidir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, ölkəsinin gələcəyi yoxdur. Bunu açıq izah etməlidirlər. Əks halda prosesi sağa-sola hərləməklə heç bir nəticə əldə etmək mümkün olmayacaq. Təəssüf ki, Ermənistanda bu gün belə bir vəziyyət hökm sürür. Amma bütün bunlara baxmayaraq Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır.
- Sülhün tərəflərə vacibliyi ilə bağlı real mənzərə niyə hələ də tam aydınlaşmır?
- Sülh müqaviləsinin imzalanması Ermənistan üçün ən yaxşı çıxış yoludur. Bu ölkə sülhdən böyük mənfəət götürə bilər. Dalana dirənmiş bir dövlət ancaq qonşularla normal münasibətlər fonunda ağır durumdan çıxmaq imkanı qazanar. Bu ölkənin ümumilikdə regionda normal yaşaması Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmasından asılıdır. Bunun əksinə Ermənistanda hansısa revanşist qüvvələrin keçirəcəyi mitinqlərdə anti-Azərbaycan, anti-Türkiyə şüarları səslənəcəksə, baş nazir özünə olan təzyiqlərdən çəkinib təsirə düşəcəksə, bu, çıxış yolu olmayacaq. Sadəcə olaraq vaxt udmaqdır. Bu da nəticə etibarı ilə Ermənistana daha böyük zərbə vura bilər.
- Minsk Qrupu ilə bağlı Ermənistanın israrları nədən qaynaqlanır?
- Ermənistan hər vəchlə çalışır ki, olmayan ATƏT-in Minsk Qrupunu bu prosesə cəlb etsin. Minsk Qrupu 30 il ərzində heç bir fəaliyyət göstərmədi. Belə olan halda bu təşkilatın hansı müstəvidə fəaliyyət göstərəcəyi maraqlıdır. Çünki məsələ həll olunub, müharibə bitib. Ona görə də, Ermənistan birbaşa Azərbaycanla öz məsələlərini həll etməlidir. Bunun əksinə gündə bir paytaxtda bəyanat verməklə prosesi uzadacaqlarsa bu yekunda özlərinə zərbə vuracaq.