1 Dekabr 2014 04:54
582

Ölkəmizdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, həmçinin Azərbaycan Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi məhz uşaqların sağlamlığının qorunmasına, normal fiziki inkişafının təmin edilməsinə və xəstəliyin ilkin mərhələdə aşkar edilməsinə xidmət edir.

Teleqraf.com xəbər verir ki, respublikanın hər yerində olduğu kimi, Şəkidə də 18 yaşadək uşaqların icbari tibbi müayinədən keçirilməsi mütəşəkkil davam edir.Şəki Birləşmiş Uşaq Xəstəxanasının konsultativ poliklinikasının müdiri Qabil Qədimovun bildirdiyinə görə, rayonda 18 yaşadək 38 min 955 uşaq var. Bu ilin 11 ayı ərzində rayon üzrə 35 mindən çox uşaq icbari dispanserizasiyadan keçirilib. Aparılan tibbi müayinələr zamanı 7015 uşaqda müxtəlif xəstəliklər aşkar edilib.

Həyata keçirilən sağlamlaşdırıcı tədbirlər nəticəsində onlardan 3028 nəfəri tam müalicə olunaraq dispanser qeydiyyatından çıxarılıb. Hazırda 3987 uşaq poliklinikada dispanser qeydiyyatındadır.Poliklinika müdirinin dediyinə görə, şəhərin bütün ümumtəhsil məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində, eləcə də uşaq evində, internat məktəbində uşaqların icbari tibbi müayinəsi artıq başa çatdırılıb. Kənd yerlərində də müayinələr yekunlaşmaq üzrədir.


Müəllif: