12 Sentyabr 2022 20:53
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Amerika Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti Şuşada olub.

Teleqraf.com xəbər verir ki, Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azerinin başçılıq etdiyi nümayəndə heyəti yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və post-müharibə dönəmində aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olub.

Mədəniyyət paytaxtımızda “Bazarbaşı”, Cıdır düzü, güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın sarayını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəyovun heykəlini, Bülbülün ev-muzeyini və Gəncə Qapısını ziyarət edən qonaqlar Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyətinin sədri Məftun Abbasov və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər.

Görüşlər zamanı Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V Qurultayına və Diaspor Gənclərinin III Yay Düşərgəsinə ev sahibliyi etdiyi, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə diaspor fəallarının və xaricdə yaşayan soydaşlarımızın qədim şəhərə tez-tez səfərlər etdiyi barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Amerika Azərbaycan Cəmiyyətinin nümayəndə heyətinin ölkəmizə səfəri Komitənin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib. Müxtəlif sahələri təmsil edən amerikalıların daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində bir sıra rəsmi qurumlar və ali məktəb kollektivləri ilə görüşüb. Nümayəndə heyətinə Amerika-Azərbaycan Cəmiyyətinin üzvləri Seva Əzimova və Nigar Pənahova, məşhur “Nai-Ni Chen Dance Company” şirkətinin icraçı direktoru Endrü Çanq (Andrew Chiang), türk əsilli amerikalı jurnalist, “Turk of America” jurnalının baş redaktoru Cemil Özyürt daxil olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər