14 Sentyabr 2022 17:12
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Savaş zamanı mülki vətəndaşların təhlükəsizliyinin qorunması Azərbaycan üçün hər zaman prioritet olub. Təəssüf ki, hələ də bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistanın feyk xəbərlərinə istinad edərək Azərbaycanı ittiham etməkdə davam edirlər. II Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər, indi döyüşdə məhv edilən erməni hərbçilərini “günahsız mülki sakinlər” kimi təqdim etməkdən belə çəkinmirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Vətən müharibəsində Ermənistanın atdığı raket və bombalar 100 mülki vətəndaşımızın həyatını itirməsinə, 416 nəfərin yaralanmasına səbəb olub: “Ermənistanın raketlə Bərdə şəhərini vurması nəticəsində 1 gündə 21 vətəndaşımız həyatını itirdi. O zaman bu hadisələri əksər aparıcı xarici media qurumları işıqlandırmadı. İndi isə hətta bəzi ölkə rəsmiləri belə feyk bəyanatlar verməkdə sanki yarışa çıxıblar.

Azərbaycanın işi haqq işidir. Münaqişənin həlli isə əsassız ittihamlarla deyil, ölkələrin bir-birlərinin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh müqaviləsi ilə mümkündür.

Allah şəhidlərimizə rəhmət etsin”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər