"Dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb".
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilan rayonu Ağalı kənd orta məktəbinin açılış tədbirində deyib.
“Əziz şagirdlər, bu əlamətdar günlə bağlı hər birinizi təbrik edir və dərslərinizdə uğurlar arzu edirəm. Gördüyünüz kimi, məktəbiniz yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlətimiz tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. Siz də daha yaxşı oxumalı, gələcəkdə Azərbaycanın və dünyanın nüfuslu universitetlərinə qəbul olmalısınız. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək “Təhsil millətin gələcəyidir!” Siz də bizim gələcəyimizsiniz və sizin savadlı olmağınız gələcəkdə Zəngilanın, Qarabağın və bütövlükdə Azərbaycanımızın inkişafına köməklik edəcək. Müəllimlərimizi də təbrik edir, onlara da bu çətin və məsuliyyətli işdə uğurlar arzu edirəm“, - o vurğulayıb.
İyirmi doqquz ildən sonra işğaldan azad olunmuş torpaqlarımızda yeni məktəbdə ilk dəfə zənginin çalındığını deyən Vahid Hacıyev ölkə başçısına yaratdığı bu şərait üçün minnətdarlığını bildirib.