Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəb direktorunun müəllimlərdən pul tələb etməsi barədə səs yazısı yayılıb.
Səs yazısında bildirilir ki, guya müəllimlərin hər birindən tələb olunan 50 manat məktəbin təmirinə xərclənəcək.
"Hörmətli müəllimlər, sabah hamı bir nəfər kimi işdə olur və təcili məktəbin uçuq-sökük yerlərini 4-5 gün ərzində təmir etməliyik. Ona görə sabah hamı bir nəfər kimi 50 manat gətirir. Şüşələr sınıqdı, salınacaq, dəhlizlərə bu 4 gündə bir az əl gəzdiriləcək. Usta haqqı ilə birlikdə ancaq çatdıracağıq. Artıq pul qalsa, bir balaca da mərkəzi yerlərdə jalüzlərin təmirinə diqqət yetiriləcək. Əgər çatsa. Ona görə hamı bir nəfər kimi sabah 50 manat pul gətirir.
15 gündə kim hansı gün məktəbə gəlməyibsə, həmin günü yazılmayacaq, o da başqa cür hesablanacaq. 3 gün kim işə gəlmədiniz, hamının gününü yazdıq, aldınız, xərclədiniz, halal olsun. İndi də məktəbi düzəltməliyik. Yəni o gəlmədiyiniz günlərə görə də maaşınızdan əlavə məbləğ çıxılacaq",- səs yazısında bildirilir.