Psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən uğurlu əməliyyat həyata keçirilib.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına aparılan 79 kq 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin aşkar edilib.
Qeyd edilir ki, plastik məmulatlar aparan 25LS673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusuna yüklənmiş 2688 ədəd plastik şotkaların boru şəkilli tutacaqlarında xüsusi üsulla gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə (metamfetamin) aşkar edilib.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə cinayət işi başlanılıb.