8 Dekabr 2014 13:48
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zeynab Kazımova: “Təklif gəldi, dəyərləndirdim...”


Azərbaycan Dillər Universiteti (ADU) İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Zeynab Kazımova Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə Əlaqələr şöbəsinə transfer olunub.

Bu gündən yeni vəzifəsinin icrasına başlayan Zeynab Kazımovanın Teleqraf.com-a bildirdiyinə görə, ona BANM-n İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsi təklif olunub: “Mən də bu təklifi dəyərləndirdim”.

Qeyd edək ki, Z.Kazımova Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq Jurnalistika ixtisası üzrə təhsil alıb, magistr təhsilini BDU-da Beynəlxalq Jurnalistika ixtisası üzrə bitirib. Elmi fəaliyyətini Bakı Slavyan Universitetində davam etdirib. 2005-ci ildən BSU-da elmi işçi vəzifəsində çalışmaqla yanaşı dissertanturada təhsil alıb. Elmi işi Fransa mətbuatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub.

Zeynab xanım hesab edir ki, KİV-in bütün sahələrində çalışmağı ona jurnalistikanın bütün istiqamətlərində müəyyən təcrübə qazanmağıma imkan verib. O, “Azərbaycan”, “Şərq”, “Etimad”, “525”–ci qəzet, “Faktor”, fransızdilli “Az-Media” qəzetlərində müxbir kimi fəaliyyət göstərib.

2007-ci ildə “Az-Media” qəzeti fəaliyyətini dayandırdıqdan sonra fransızdilli qəzet “ Le Carrefour “ ( Yol qovşağı) adlı qəzeti təsis edib. 2008-ci ildə ADU-nun “Poliqlot” qəzetinin baş redaktoru olub və elə o vaxtdan da universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub. Bu ilin əvvəlində ADU-nun rektoru Səməd Seyidov bu şöbəni ləğv edərək, İctimaiyyətlə əlaqələr departamentini yaratdı və Z.Kazımovanı səlahiyyətləri artırılan bu quruma rəhbər təyin etdi.

ADU-dan verilən məlumata görə, hələlik universitetdə bu vəzifəyə təyinat olmayıb.

Onu da qeyd edək ki, Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.

SEVİL


Müəllif: