25 Sentyabr 2022 13:43
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mühacirlərindən Məhəmmədşərif Əfəndizadə (Türkiyədə Şərif Bilgəxan) Türkiyədə bir sıra tənqidi məqalələr qələmə alıb. Kitab və xatirələrində, eləcə də bəzi yazılarında Azərbaycan Cümhuriyyəti xadimlərini də sərt tənqid edən Məhəmmədşərif bəy bir sıra məqalə və raportlarında yaşadığı Osmanlı və Türkiyə Cümhuriyyətinin dövlət maraqlarını müdafiə edib.

Məhəmmədşərif Əfəndizadə 1887-ci ildə Şamaxıda doğulub, buradakı üsuli-cədid məktəbində oxuyub. Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib.Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib.O, İsveçrədə Cenevrə universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb.Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.

Onun Türkiyə mətbuatında qələmə aldığı maraqlı məqalələrdən biri də 1942-ci ildə “Bozkurt” jurnalında çıxan “İranda bir türk liseyi açıla bilməzmi?” adlı yazısıdır. Bu gün üçün də aktual olan məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***

Şərif Bilgəxan

İranda bir türk liseyi açıla bilməzmi?

Şərq hüdudlarımızdakı hadisələr tarixdə daha bir dəfə məmləkətin nəzəri-diqqətini qonşumuz İranın üzərinə cəlb etmişdir.

Məlumdur ki, Anadolu və İran böyük Səlcuq imperatorluğunun hissələridir. Bu imperatorluğu təsis edən oğuz türklərinin mütəmadi bir sel kimi şərqdən qərbə yönəlmiş böyük hərəkatı Anadolunun etnik simasını qəti və əbədi bir surətdə türk olaraq təyin etmiş olduğu halda İranı təmsil edə bilməmişdi. Bu səbəblə bu gün başdan-başa türk olan bir Anadolu ilə əsrdidə əcəm kültürünə istinadən bir İran yanyana, hətta qarşı-qarşıyadır. Fəqət fars kültürünə istinadən və bu gün mütəəssib bir farslaşdırmaq siyasəti təqib edən İranın bugünkü əhalisinin üçdə biri türkdür. Bu türklər Türkiyədə hökmran xalqın mənsub olduğu böyük Oğuz soyunun övladlarıdır. Danışdıqları ləhcə şərqdəki vilayətlərimizdəki türkcənin eynisidir, xalq şeirləri, xalq musiqiləri, xalq adətləri tamamilə oxşardır. Bu etibarla İranda bu gün 4 milyon Anadolu türkünün yaşadığı mühəqqəqdir. Bu milyonlarla Anadolu türkünün çoxluq etibarı ilə şərq hüdudlarımızda – İran Azərbaycanında toplanması ikinci mühüm həqiqətdir. Ümumi İran əhalisinin üçdə biri olan türklərin İran-Türkiyə münasibətlərində icrayi-təsirdən xali qalacağını zənn etmək bir xəta olduğu kimi bu qədər türkün İran daxilində mövcudiyyətinin Türkiyədə İrana qarşı imperialist ehtirasları oyandıracağını iddia etmək də yanlışdır. Cümhuriyyət Türkiyəsi siyasətinin ana cizgiləri böyük bir hədəflə hər cür macərapərəstlikdən azadə müsbət bir zehniyyətlə və daimi bir mahiyyət daşımaqla ortaya çıxmışdır. Biləks iddia oluna bilinəcək həqiqət budur ki, bu milyonlarla İran türkü iki məmləkət arasında ən böyük sülh və dostluq vəzifəsini ifa etməyə namizəddir. Bunu təqdir etməmək sonradan təlafi edilməz bir xəta olacaqdır.

Fəqət İrandakı bu Anadolu irqinin iki məmləkət arasında bu qədər məsud bir rol ifa edə bilməsi üçün onun şüurlanması və böyük rolunu idrak və kütlə halında təqib edə biləcək bir səviyyəyə çatması lazımdır. Ancaq o zaman da İran siyasəti Türkiyəyə qarşı cəbhəsinə görə bu şüurlanmış türk vətəndaş kütləsi önündə hesab vermək məcburiyyətində olduğunu düşünəcək və bu məcburiyyət hissi mütəmadi olaraq titrəyən İran siyasət ibrəsinə xeyirli təsir icra edəcəkdir. Dörd milyon İran vətəndaşının Türkiyəni sevən və ucaldan bir şüura malik olması iki məmləkətin sülh və dostluğuna böyük bir kəfildir ki, buna hər iki məmləkətin idarəçilərinin birlikdə hümmət və qeyrət etməmələrinə ilk həmlədə insanın heyrət edəcəyi gəlir.

Fəqət bugünkü İranın maarif səviyyəsinə və İranda irqdaşlarımıza qarşı ciddən əcəmicə təhqiranə kimi izhar olunan təmsil cərəyanlarına baxıldığı zaman bu birgəliyin həyata keçirilməsindəki imkansızlıq dərhal diqqəti çəkər.

İran türkləri üçün şüur nurunun yeganə mənbəyi Türkiyə maarifidir. Müasir və demokrat Türkiyənin maarifi yalnız İran türklərinə deyil, bəlkə, bütün İrana inqilab və mədəniyyət nuru saçacaq. Şiri xurşid rəmzindəki günəşin həqiqi dəlilidir.

Bu gün İranda açılmış fransız, alman, ingilis və rus məktəbləri iranlılara xarici dillər və kültürlərə cazibə və məhəbbət yaradır. Bunların yanında dost və iranlıların üçdə biri ilə irqdaş və bu məmləkətin həyat və bəqasına əlaqədar olan Türkiyənin bir məktəbi də yoxdur. Buna müqabil və çox qəribə olaraq İran Maarifinin Vətənimizdə biri İstanbul, digəri Trabzonda olmaqla iki dəbistanı fars kültürünə aid olaraq uzun zamanlardan bəri tələbə yetişdirməkdədir. Bu halın nəticələri bunlardır:

İrandakı türk icması məktəbsizdir. Türk təbəəsinin övladları türk mədəniyyəti, lisanı və ədəbiyyatı ilə türk inqilab ruhundan doğan fikirlər və hissiyyatla təmas edəcək, bir kəlmə ilə özlərinə milli ruh və nur verə biləcək bir mənbədən məhrumdurlar.

İran türkləri türkcə oxunulub-yazılan, türkcə şeirlər inşa edilən, türkcə şərqilər tərənnüm edilən, türkcə pyeslər göstərilən, xülasə, bir dam altında türk zəkasının, türk qəlbinin hərəkət və həmlələri titrəyən bir milli irfan müəsisəsi görməməyə məhkum, bu aləmdə belə bir varlıqdan bixəbərdirlər. Çünki İranda ermənicə qəzet çıxa bilər, ermənicə kitab çap edilə bilər, ermənicə pyeslər göstərilə bilər, milli erməni təşkilatı qurula bilər, fəqət türkcə və türklər bu haqlardan məhrumdurlar və xor görülürlər.

Türkiyənin mühüm mərkəzləri ilə ticarət münasibəti və xəbərləşmə içərisində olan iranlılar övladlarına müəssisələrinin katib və məmurlarına çox möhtac olduqları türkcəni öyrədəcək, Türkiyə haqqında fənni, coğrafi və tarixi məlumat verəcək ticarət sinifləri də daxil bir türk liseyindən məhrumdurlar. Bu məhrumiyyətlərin hər biri qüvvətli bir ehtiyaca müqabildir. Bu ehtiyaclar dərəcə-dərəcə Türkiyənin ali mənfəətlərini əlaqədar etməkdədir.

Nə imperatorluq, nə də məşrutiyyət hökumətləri türk məktəbinin İranda ifa edə biləcəyi rolları düşünməmişdir. Bunların təqdiri Türkiyə xalq hökumətincə cümhuriyyətimizə qalmışdır. Belə bir müəssisənin açılış kitabəsi şərq qövmlərinin müqəddaratını elan edən lövhü-məhfuzdan bir sətir kimi oxunacaqdır. İranda açılacaq türk məktəbi ticarət siniflərini də ehtiva edən, ən son məktəb planlarına uyğun olaraq inşa edilmiş gözəl bir binaya malik olmalıdır. Türk liseyi üçün uyğun yer tarixi Təbriz şəhəridir.

Təbriz həm türk olan İran Azərbaycanının, həm də İran-Türkiyə ticarətinin mərkəzidir. Bu məktəbin təsisi tarixi bir hadisə olacaq və bu hadisənin daimi və payidar nəticələri cümhuriyyət hökumətini taclandıran müvəffəqiyyətlər arasında əbədiyyən parıldayacaqdır.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər