Vətəndaş cəmiyyəti insanların könüllü birliyi olub, özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında təmsil olunan qeyri-dövlət təşkilatlarını birləşdirir. Vətəndaş cəmiyyəti termininin tarixi müasir olsa da, onun əlamətləri Platonun, Aristotelin, Siseronun və digər yunan-Roma mütəfəkkirlərinin dövrlərinə gedib çıxır. Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sahəsidir.
Əsas məqsəd insanların və onların könüllü birliklərinin ölkənin ictimai, iqtisadi və siyasi həyatında rolunu gücləndirmək, dövlət idarəçiliyində cəmiyyətin iştirakını təmin etməkdir. Müasir dövrümüzdə inkişaf etmiş vətəndaş cəmiyyəti institutları öz ideyalarını, layihələrini gerçəkləşdirmək üçün həm dövlətlə, həm də öz aralarında əməkdaşlıq qururlar. Bu cür əməkdaşlığın vacib olduğu sferalardan biri də QHT-media sektorudur. Təbii ki, həm ənənəvi, həm də yeni rəqəmsal və social medianın dəstəyi olmadan QHT-lər öz ideyalarını gerçəkləşdirə bilməzlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün ideyanın aktuallığı, onun cəmiyyət tərəfindən dəstəklənməsi, ictimai müzakirəsi çox vacibdir. Bu üzdən QHT-lər hər zaman mətbuatın imkanlarından yararlanırlar. Bəs, media QHT-lərin fəaliyyətinin işıqlandırılmasında nə dərəcədə maraqlı görünür? Bu sualla media nümayəndələrinə müraciət etdik.
"Yeni Müsavat" qəzetinin redaktoru, "Vətəndaş Maarifləndirlməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli məsələyə daha konseptual yanaşmanın tərəfdarı olduğunu bildirib: “Biz QHT-media münasibətlərinin qurulmasında xarici təcrübədən yararlanmalıyıq. Məsələn, bəzi Avropa dövlətlərində QHT sektorunda çalışmayan şəxslərə seçkili orqanlarda iştiraka icazə verilmir. Dövlət hesab edir ki, şəxs ictimai-siyasi həyata QHT-lərin vasitəsilə gəlməli, orada təcrübə, bilik və bacarıqlar toplamalıdırlar. Gənc yaşlarında ictimai iştirakçılıqda fəallıq göstərməyən vətəndaş dövlət orqanlarında da effektli çalışa bilməzlər. Bəzən çox gözəl layihələr, hesabatlar olur ki, mediada dərc edilmir. Aparılmış araşdırmalar, tədqiqatlar jurnalistlər üçün əlçatan olmalıdır. Onların təqdimatı aparılmalıdır. Media ilə kommunikasiyası çox zəif olan QHT-lər var. QHT-yə rəhbərlik edən şəxsin peşəkarlığından, nüfuzunundan, liderlik xüsusiyyətindən çox şey asıldıır. Təşkilat rəhbərləri öz layihələrinə dar çərçivədən baxırlar. Layihəm qalib oldu, həyata keçirdim, hesabatı verdim, vəssəlam. Bu belə olmalı deyil”.
E.Məmmədli hesab edir ki, QHT-lər media ilə əlaqələrə xüsusi önəm verməlidirlər: “Mən həm jurnalist, həm də QHT rəhbəri olduğum üçün media ilə əlaqlərdə problem yaşamıram. Redaksiyaların QHT-lərlə bağlı əsas narazılıqlarından biri də press-relizlərlə bağlıdır. Hesabatlar, press-relizlər peşəkar səviyyədə hazırlanmalıdır. Jurnalistik yazı üslublarına uyğun hazırlanmalıdır. Çünki jurnalistlər oxucuların necə bir yazı üslubunu xoşladığını hər kəsdən yaxşı bilirlər. Eyni zamanda QHT-lər gündəmlə səsləşən, aktual məsələləri özündə ehtiva edən layihələrə üstünlük verməlidirlər ki, onların piar işlərini rahat apara bilsinlər. Formal tədbirlərlə, görüşlərlə nə medianın, nə də cəmiyyətin diqqətini cəlb etmək mümkün deyil”.
E.Məmmədli hesab edir ki, QHT Agentliyi media ilə əlaqələrini daha da gücləndirməlidir: “Jurnalistlərlə bağlı təlim və müsabiqələrin sayının artırılmasına ehtiyac var. Bu cür təlim və müsabiqələr jurnalistlərin QHT-lərlə əməkdaşlığına müsbət təsir göstərir. Eyni zamanda sosial media ilə iş gücləndirilməlidir. Son vaxtlar QHT Agentliyi bu istiqamətdə daha aktiv fəaliyyət göstərir. QHT-lər milli və dövlətçilik maraqlarının müdafiəsinə daha fəal qoşulublar və sosial şəbəkələrdə fəallıq nümayiş etdirirlər”.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin müəllimi Nərgiz Cavadzadə hesab edir ki, jurnalistika vətəndaş cəmiyyəti institutu olmaqla yanaşı, həm də bir kommersiya qurumudur: “QHT-lər isə kommersiya qurumu deyil, onları göstərdikləri fəaliyyətə görə gəlir əldə etmirlər. Vətəndaşların könüllü birliyi olan QHT-lər müxtəlif ideyalar ətrafında yaranırlar. QHT-lər cəmiyyəti inkişaf etdirmək, yenilikləri ölkəyə gətirmək, qanunvericilik bazasını gücləndirmək, sosial problemləri həll etmək üçün mövcuddurlar. Onlar bu problemlərin həllində mətbuatın köməyindən, imkanlarından yararlanırlar. Həmçinin QHT-lər jurnalistlərin peşəkarlığını artırmaq üçün müxətlif təlimlər, treninqlər keçirirlər. Məsələn, Azərbaycanda məşhur olan QHT-lərdən biri illər öncə qadınlara qarşı şiddəti, azyaşlıların erkən ərə verilməsi məsələsilə bağlı böyük layihə keçirirdi. Ölkənin aparıcı media qurumları bu layihəyə cəlb olunmuşdu".
Onun sözlərinə görə, həmin QHT kifayət qədər uğur qazana bildi: “Belə ki, jurnalistləri mövzu ətrafında məlumatlandırdı, dünyadakı və ölkədəki vəziyyəti əks etdirən bir hsabat hazırlayıb mediaya təqdim etdi. Bu layihə nəticəsində Azərbaycan mətbuatında qadınlarla bağlı mövzular aktuallaşdı, qızların erkən yaşda ərə verilməsinə daha həssas yanaşıldı. Bu problemin həllində QHT-media əməkdaşlığının gücləndirilməsinin bariz nümunəsi idi. Xarici donor təşkilatlar hansısa bir layihəni həyata keçirmək üçün ilk olaraq jurnalistlərə üz tutur. Onlar üçün seminar-treninqlər keçirir, səfərlər, müsabiqələr təşkil edir. Amma təəssüf ki, bizim QHT-lərin o qədər imkanları yoxdur ki, hansısa layihə çərçivəsində jurnalistlər üçün təlimlər, müsabiqələr keçirsin və onları rayonlardan birinə səfərə aparsın”.
N.Cavadzadə hesab edir ki, QHT-media əlaqələrindən danışarkən xarici ölkələrin təcrübələrindən yararlanmaq lazımdır: “Əgər QHT mediadan dəstək umursa, bu, qarşılıqlı olmalıdır. Sən də medianın inkişafına dəstək olmalısan. Jurnalistləri layihələrə cəlb etmək üçün onları həvəsləndirmək, stimullaşdırmaq lazımdır. Bizdə sahəvi jurnalistikanın yaranmasına ciddi ehtiyac var. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-media münasibətlərinin gücləndirilməsinə xidmət edən layihələri təqdir olunmalıdır. Müşahidələrim göstərir ki, QHT Agentliyi media ilə münasibətlərə xüsusi önəm verir”.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT - media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.