13 Oktyabr 2022 10:43
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla genişlənən əlaqələrinə qısa nəzər salaq.

Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Bu kontekstdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini və iki il ərzində uğurlu fəaliyyətini qeyd etmək lazımdır. Şübhəsiz, hələ 2011-ci il oktyabrında BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun məntiqi nəticəsi idi.

Ümumiyyətlə, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik müddətini uğurla həyata keçirdi. Bu dövrdə BMT Təhlükəsizlik Şurasında dünyanı narahat edən bir sıra mühüm məsələlər - beynəlxalq terrorçuluqla mübarizə, Suriyadakı vəziyyət və s. fəal müzakirə olundu. 2012-ci il may ayının əvvəllərində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən iclasda müzakirə olunan “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusu məhz Azərbaycanın təşəbbüsü ilə gündəliyə daxil edilmişdi.

Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Eyni zamanda, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal rol oynamağa imkan yaradıb. Əlbəttə ki, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu”.

Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və həmin ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə aparıb. Azərbaycan Qoşulmama Hərəkatının adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin olunması ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul edilib. Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmasını göstərmək olar”.

Qoşulmama Hərəkatı ölkələrinin ölkəmizə tam etimadının nəticəsidir ki, üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın təşkilata sədrliyi daha bir il uzadıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətini mühüm töhfələr verir.

Qoşulmama Hərəkatından əlavə, Azərbaycan 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da uğurla sədrlik etdi. Ölkəmiz sədrliyi dövründə türkdilli ölkələr arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilərək beynəlxalq təşkilat statusunu qazanması, Türk dünyasının iki mühüm ideya və hərəkətverici gücünün - Azərbaycanın və Türkiyənin uzun illərdən bəri həyata keçirdikləri siyasətin, gərgin əməyin bariz nümunəsidir.

Azərbaycan Prezidentinin bu yaxınlarda Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaradan və bugünkü böhran dövründə etibarlı enerji təchizatçısı kimi özünün təsdiqləyən Azərbaycanın qazandığı beynəlxalq nüfuzun, dövlətimizin başçısının vaxtında uzaqgörənliklə verilmiş qərarlarının məntiqi nəticəsidir. Bu gün həm də Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında fəal rol oynayır ki, bu da artıq “Köhnə qitə”nin ölkəmizə artan marağının göstəricisidir.

Qeyd etməliyik ki, bu ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində, oktyabrın 6-da Praqada “Avropa Siyasi Birliyi”nin sammitində, hazırda isə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, onun çevik xarici siyasət yürütməsinin bariz göstəricisidir.

AQEM-in sənədlərində əks olunmuş əsas prinsiplər Azərbaycanın xarici siyasət prinsipləri ilə uyğundur və ölkəmiz AQƏM-in fəal üzv ölkələrindən biridir.

Müşavirənin fəaliyyətini tənzimləyən əsas sənədlərdə separatizm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib və üzv-dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi, bundan irəli gələrək bir-birinin ərazilərində olan separatçı fəaliyyətləri dəstəkləməmək barədə öhdəlik əks olunub. Azərbaycan da beynəlxalq terrorizmə töhfəsi ilə seçilir, hərbçilərimiz Əfqanıstanda, İraqda sülhməramlı missiyalarda iştirak ediblər.

Təbii ki, Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verir.

AQEM-in üzv ölkələrindən bəziləri həm də hazırda Azərbaycanın uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvləridir. Bundan əlavə, Azərbaycanın AQEM-in bir çox üzvləri ilə yaxşı ikitərəfli münasibətləri var. Hazırda dünyada Asiya regionunun önəmi getdikcə artır və bu kontekstdə həmin ölkələrlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türkdilli dövlətlərlə genişlənən əlaqələri dövlətimizin başçısının müdrik və uzaqgörən siyasət yürütdüyünü bir daha təsdiqləyir.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təsisat yaratmaq idi. Təşəbbüs Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən dəstəklənib.

Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq bir platforma olan AQEM-in hazırda 27 üzvü var (Azərbaycan, Türkiyə, Əfqanıstan, Bəhreyn, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, BƏƏ, Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka). Daha 9 ölkə - ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Türkmənistan, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. 2020-ci ildən AQEM-ə Qazaxıstan sədrlik edir. //AZƏRTAC


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər