Azərbaycanda həm qeydiyyatdan keçən Qeyri-Hökümət Təşkilatların, həm də media qurumlarının sayı artmaqda davam edir. Vətəndaş cəmiyyətinin ayrılmaz qolları hesab olunan bu institutların birgə əməkdaşlıq mexanizmlərinin işlənilib hazırlanması məsələsi daim müzakirə mövzusu olub. 90-cı illərin sonundan etibarən formalaşmağa başlayan QHT sektoru ölkənin ictimai həyatında vacib rol oynayırlar.
Amma onların fəaliyyətləri bir çox hallarda mediada lazımi səviyyədə işıqlandırılmır.
Problmin səbəblərinə və həlli yollarına aydınlıq gətirmək üçün QHT və media nümayəndələrinə müraciə etdik.
Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımovun sözlərinə görə, həm QHT, həm də media vətəndaş cəmiyyətinin təmsilçiləridir və onların üzərinə müəyyən bir ictimai məsuliyyət düşür. Baxmayaraq ki, media reklam bazarına əsaslanmalıdır, amma bizim ölkədə reklam bazarı məhduddur. Ona görə də, medianın ayaqda qalması, fəaliyyəti üçün müstəqil maliyyə mənbələri yoxdur. Mətbuat ya dövlətdən maliyyələşir, ya da hansısa oliqarx tərəfindən. Bu da onların müstəqil fəaliyyətinə maneə olur. Bu üzdən medianın ictimai funksiyanı yerinə yetirməsində narahatlıq olur. Eyni problemi QHT-lərə də aid etmək olar. 2013-cü ildən bəri Azərbaycandakı QHT-lər əsasən bir mənbədən - əvvəlki adı Prezident Yanından QHT-lərə Dövlət Dəstəyi Şurası, indiki adı isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi olan bir qurumdan maliyyələşirlər. Bu maliyyə dəstəyi kiçik qrant müsabiqələrini nəzərdə tutur və il ərzində 1 dəfə verilir. Təbii ki, bu zaman QHT-lər öz məlumatlarını mediada dərc etməkdə çətinlik çəkirlər. Bu istiqamətdə problemlər yaşanır. Medianın QHT-lərdən bir sıra gözləntiləri var və bu gözləntilər qarşılana bilmir”.
X.Kazımov mediada çıxış edən ekspertlərin əksəriyyətinin QHT təmsilçiləri olmasına diqqət çəkdi: “Əgər münasibətlər sırf maliyyə müstəvisində qurularsa, bu zaman ekspertlər də verdikləri açıqlamalara, müsahibələrə görə, qonorar tələb edə bilərlər. İndi nə QHT-lər mediaya, nə də media QHT nümayəndəsi olan ekspertlərə qonorar ödəmək gücündədirlər. Problemin əsas səbəbi QHT-lər üçün ölkədə münbit şəraitin, media üçün isə maliyyə mənbələrinin olmamasıdır. Hazırkı durum qənaətbəxş deyil. Problemi həll etmək üçün QHT-Media nümayəndələrinin görüşünə, müzakirələrinə ehtiyac vardır. Amma düşünürəm ki, qəbul ediləcək qərarlar problemi tam aradan qaldıra bilməyəcək. Vəziyyəti düzəltmək üçün hökumətin proseslərdən ya tam kənara çəkilməsinə, ya da müdaxiləsinə ehtiyac var. Hökumət reklam bazarında əldə saxlamaqdan çəkinməlidir, media və QHT-lər üçün azad mühüt, şərait yaratmalıdır. Bu, qanunvericiliklə tənzimlənməlidir. Qanun media və QHT-lərin vətəndaş cəmiyyətinin formalaşmasında, ictimai maraqların müdafiəsinə rolunu artırmalıdır”.
X.Kazımov düşünür ki, bu təsisatlar öz fəaliyyətlərini müstəqil şəkildə qura bilsələr o zaman qeyd olunan problemlər zaman-zaman aradan qalxacaq: “Həm QHT, həm də medianın əsas funksiyasi ictimai maraqları müdafiə etmək, xalqın səsi olmaqdır. Əgər QHT-lərə sərbəstlik verilsə, alternativ donor təşkilatlara müraciət etmək və onlardan qrant almaq imkanları tanınsa, o zaman media və sosial şəbəkələrlə peşəkar əməkdaşlıq məsələləri də öz həllini tapacaq. O zaman artıq QHT-nin imkanı olacaq ki, peşəkar jurnalistləri layihələrə cəlb etsin, onlara yeni təcrübələr qazandırsın və s”.
"Report" İnformasiya Agentliyinin redaktoru Anar Tağıyev QHT - mətbuat münasibətlərinin hazırkı durumunu müsbət qiymətləndirir: “Əksər qeyri-hökumət təşkilatları mətbuata açıqdır. Eyni zamanda cəmiyyətdəki bəzi problemlər, nöqsanlar barədə informasiyalar bir çox hallarda qeyri-hökumət təşkilatları tərəfindən mətbuata ötürülür və ictimailəşir. Bunun da nəticəsində həmin xoşagəlməz hallar barədə tədbirlər görülür və onlar aradan qaldırılır.
Məncə, QHT - mətbuat əlaqələrini daha da gücləndirmək üçün bir sıra layihələrin həyata keçirilməsi lazımdır. Bu, hər iki tərəfdən irəli sürülən layihələrdən ibarət olmalıdır. Eyni zamanda birgə tədbirlər, konfranslar təşkil edilməli, problematik mövzuların həlli yolları müzakirə edilməli, dövlət orqanlarına birgə təkliflər göndərilməlidir”.
A.Tağıyev təmsil etdiyi media qurumunda QHT-lərin xəbərlərini aktuallığını nəzərə almaqla işıqlandırdıqlarını bildirdi: “Bilirsiniz ki, agentliklər daha çox ictimai-siyasi əhəmiyyəti, xəbər yükü olan məlumatları işıqlandırır. Hər gün yülərlə xəbər istehsal edib oxucuların ixtiyarına veririk. Hər bir xəbər redaksiyada yoxlanılır və redaktorların rəyi əsasında saytda dərc edilir. Heç bir xəbər yükü olmayan informasiyalar təbii ki, saytda dərc edilmir. Bizə demək olar ki, hər gün QHT-lər tərəfindən xəbərlər göndərilir. Biz göndərilən hər bir press-relizə ciddi yanaşırıq. Amma əgər orada heç bir informasiya yükü yoxdursa, formal tədbir keçirilibsə vermirik, əgər göndərilən məlumat aktual məsələ haqdadırsa və oxucu üçün maraq kəsb edirsə, təbii ki, dərc edirik. Hələ mən press-relizin necə hazırlandığına toxunmuram. Bəzən cümlələr, fikirlər dolaşıq olur, müzakirə olunan mövzu qalır kənarda, ancaq çıxış edənlərin adları yazılır. Bir tədbirdə 10 nəfər çıxış edibsə, hamısının adları qeyd olunur və böyük bir yazı olur. Agentliklər tədbir barədə qısa məlumat verirlər. Gərək press-relizi hazırlayan şəxs peşəkar olmasa da belə, ən azından media ilə işləmək təcrübəsinə malik olsun”.
A.Tağıyev jurnalistlərin QHT layihələrinə cəlb edilməsini vacib hesab edir: “Jurnalistlərin iştirakı ilə keçirilən layihələr daha çox təbliğ olunur. Yəqin ki, gələcəkdə bu əməkdaşlıq daha da güclənəcək”.
Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.