Teleqraf.com Axar.az-a istinadla cümhuriyyət dövrü tədqiqatçısı, tarixçi Dilqəm Əhmədlə müsahibəni təqdim edir:
- Azərbaycanda bolşevik Rusiyasının işğalı başlayandan torpaqlarımızın zəbt edilməsi və Ermənistana verilməsi həyata keçirilib. Bu proses əsasən 1929-cu ilə qədər davam edib. Bu müddət və bundan sonra Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bu barədə heçmi yazmayıb və buna etirazlarını bildirməyiblər?
- Təəssüf ki, 1920-ci ilin sonlarında Zəngəzurun qərb hissəsi bolşevik Rusiyası tərəfindən ermənilərə verildiyi zaman Azərbaycan mühacirləri hələ ki mütəşəkkil halda deyildilər. Bu qısa müddətdə Fətəli xan Xoyski, Həsən bəy Ağayev Tiflisdə öldürülmüş, Məhəmməd Əmin Rəsulzadə isə Moskvaya aparılmışdı. Həmin vaxt hələ ki ən yaxşı vəziyyətdə olan qrup Əlimərdan bəy Topçubaşının rəhbərliyində Parisdə olan nümayəndə heyətimiz idi. Bu dövrdə istər Fransa, Almaniya, istərsə də Türkiyədə yaşayan mühacir qruplar “Cəmiyyəti-Əqvam” dedikləri ozamankı BMT olan Millətlər Cəmiyyətinə bir sıra notalar veriblər. Bu notalar, əsasən, Qafqazdakı üç respublikanın Rusiya tərəfindən işğalı və SSRİ-nin Avropa tərəfindən tanınması ilə bağlı idi. Amma Rəsulzadə 1923-cü ildə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında işğaldan sonra Azərbaycan ərazilərinin ermənilərə verilməsinə ətraflı toxunub. O, bu işdə yerli kommunistləri də günahlandırıb belə yazırdı: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin səxavətkar ağzilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir surətdə Ermənistana hədiyyə etdi”. Onu da qeyd edim ki, azərbaycanlı siyasi xadimlər mühacirətdə qurulan Qafqaz Birliyi projelərində də erməni planlarının qarşısını alıblar. Məsələn, ermənilər 1934-cü ildə imzalanan Qafqaz Konfederasiyası Paktına 4 il sonra qoşuldular. Qoşulduqları zaman “milli azlıqlara tam inzibati muxtariyyət” tələbi irəli sürdülər, lakin Miryaqub Mirmehdiyev bunu qətiyyətlə rədd etdi. Çünki bu inzibati muxtariyyət Qafqaz azad olunduqdan sonra elə Sovet Azərbaycanı ərazisində qurulmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin qalması idi.
- Türkiyədə bu mövzu gündəmə gətirilibmi və reaksiya necə olub?
- Sırf Azərbaycan ərazilərinin verilməsi ilə bağlı müraciətə rast gəlməmişəm. Bu, onunla bağlıdır ki, mühacirlər Azərbaycanda qurulan bolşevik hökumətini tanımırdılar və 27 aprel 1920-ci ildə baş verən hadisəni haqlı olaraq işğal adlandırırdılar. Yəni ki, mühacirlərin öncəliyi bütövlükdə Azərbaycan ərazisinin işğalı idi. Bu baxımdan beynəlxalq qurumlara müraciətlər də ölkənin işğalı ilə bağlı idi. Bu işdə Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov önəmli rol oynayıblar. Məsələn, 1929-cu ilin 8 sentyabrında Millətlər Cəmiyyəti Ali Məclisinin Rəyasətinə müraciət edilib, Rusiyanın Azərbaycanı işğalı, ölkədə davam edən partizan hərəkatlarından bəhs edilib. Parisdəki heyətimiz üzvlərindən Məhəmməd Məhərrəmovu Cenevrəyə göndərib. Məhəmməd bəy 53 millətin nümayəndəsinə bu notanı təqdim edib. Bu notalar, müraciətlər Rəsulzadənin çıxardığı jurnallarda mütəmadi şəkildə dərc edilib. Bir daha təkrar edirəm ki, mühacirlər bütün ölkənin işğalda olduğunu dünyaya çatdırıblar. Amma onu da nəzərə alaq ki, Qurtuluş Savaşı dövründə Türkiyənin tək müttəfiqi Sovet Rusiyası idi. Ona görə də Türkiyə mətbuatında Rusiya əleyhinə yazılara rast gəlmək o dövrdə imkansızdı. Çünki 1928-ci ildə hər iki ölkə arasında növbəti dostluq müqaviləsi imzalanmışdı. Bu müqavilədən sonra Türkiyədə yaşayan mühacirlər ölkədən çıxarılmışdı. Mühacirlər sadəcə öz qəzet və jurnallarında yaza bilirdilər.
- Rəsulzadə də daxil olmaqla, cümhuriyyətçilər mühacirətdə olarkən dərgilər nəşr ediblər, xatirələrini yazıblar, vaxtaşırı olaraq Azərbaycanla bağlı hadisələrə toxunublar. Azərbaycan ərazilərinin zəbt edilməsi və Ermənistana verilməsi ilə bağlı hansı məqalələr var?
- Mühacirətdə çıxan ilk dərgimiz “Yeni Kafkasya”dır və 1923-cü ilin sentyabrında işıq üzü görüb. Bu jurnalın ilk sayında “Cibali Qarabağın muxtariyyəti” başlıqlı xəbər dərc edilib. Belə ki, 1923-cü ilin iyul ayının 7-də ruslar Dağlıq Qarabağ Muxtar Vilayəti elan ediblər və bölgəni ermənilərin idarəetməsinə veriblər. Jurnalda Sovet qəzetlərinə istinadən beş maddədən ibarət qərarnamənin mətni verilib, bölgədə rəsmi dilin ermənicə olduğu yazılıb. Jurnalın 5-ci sayında Dağlıq Qarabağda erməni idarəçiliyinin qurulmasından sonra qarşıdurmaların olduğu, məşhur Sultan bəyin İrana mühacirət etməsi, Ağdamda millətpərvər Teymur bəyin öldürülməsi haqqında məlumat verilib. Jurnalın 1924-cü ilin 15 fevral tarixli sayında Dağlıq Qarabağdakı idarəçiliyə toxunulub. “Cibali Qarabağ məsələsi” adlı xəbərdə Azərbaycan Sovet Qurultayında Dağlıq Qarabağ ermənilərinin özlərini müstəqil aparmaları barədə məlumat verilib. Jurnalın müxbirinin əldə etdiyi məlumata görə, Dağlıq Qarabağda bütün yazışma dili ermənicədir, Xankəndidən sonra Şuşanı da tamamilə ələ keçiriblər, müsəlmanları, yəni azərbaycanlıları Şuşadan və ətrafından köçürürlər. Hətta dağda yaşayan kürdlər də erməni təzyiqi nəticəsində yaşadıqları yerlərdən didərgin salınıblar. Bilirsiniz, həmin dövrdə Qarabağda baş verən hadisələrin İstanbulda mühacir mətbuatına çatması çox çətin idi. Xəbərləri yeni gələn mühacirlər və ya Qacar dövləti sərhədi üzərindən qurulan şəbəkə sayəsində əldə etmək olurdu. Amma buna baxmayaraq, məlumatlar gəlirdi. Dağlıq Qarabağla bağlı “Yeni Kafkasya”nın 1924-cü ilin 15 avqustunda çıxan 22-ci sayında “Qarabağlı Sənan” imzası ilə “Cibali Qarabağ muxtariyyəti” adlı geniş məqalə işıq üzü görüb. Məqaləni yazan şəxs Azərbaycan Cümhuriyyəti Parlamentinin Zəngəzurdan olan deputatı Məhəmmədsadıq Axundzadədir. O, mühacirətdə Sənan, Sənan Azər, Mehmet Sadık Aran kimi imzalarla tanınıb. Məqaləsinin elə birinci cümləsində Məhəmmədsadıq bəy sərt şəkildə bildirib: “Bolşevik ruslar Azərbaycanı istila etdikdən sonra rusların qarsonu Nəriman Nərimanov Azərbaycan İnqilab Hökuməti rəisi ünvanı ilə bir dekret nəşr edərək Azərbaycanın ayrılmaz hissələri olan Qarabağ ilə Zəngəzuru Ermənistana peşkəş çəkdi”. Axundzadə yazır ki, Qarabağ əhalisi təlaşa düşərək Bakıya heyət göndərdi. Həmin heyətdə özü də iştirak edib. Heyət Nərimanova Qarabağın əsas əhalisinin türklər olduğunu, tarixi, iqtisadi baxımdan da Azərbaycanın olduğunu faktlarla sübut edib. Maraqlıdır ki, məqaləyə görə Nərimanov heyətin dediklərinin doğruluğunu təsdiq edib, amma “belə etmək məcburiyyətindəyik” deyib. Yenə Axundzadənin yazdığına görə, muxtariyyətin elanından sonra bolşeviklər Hadrutdakı rus ordusunun qərargahından ermənilərə külli miqdarda silah verdilər və erməni milli dəstələrini yaratdılar. Buna qarşı çıxan azərbaycanlıları isə ÇeKa həbsxanalara doldurdu. Axundzadə bölgə əhalisindən olduğu üçün baş verənləri dəqiq analiz edib. Məsələn, o yazır ki, Azərbaycanı bölmək üçün ruslar bir tərəfdən Dağlıq Qarabağda erməni muxtariyyəti, digər tərəfdən Kürdüstan yaratdılar, Naxçıvanı faktiki ayrıca ölkə kimi qurdular. Təbii ki, bunlar arasında ən təhlükəlisi Qarabağ idi. Ona görə də Axundzadə “Azərbaycanın qəlbgahında bir “Ermənistan” qurdular” ifadəsini işlədib. Axundzadə erməni idarəçiliyinə verilən bölgələri bir-bir sadaladıqdan sonra Qarabağın ciyərgahı olan Əsgəran keçidinin də düşmənlərimizin kontrolunda olduğunu fəryadla qeyd edib. 70-80 minlik erməni əhalinin 600 minlik azərbaycanlı üzərində hökmran olmasını yazan Axundzadə köçəbə həyatı sürən xalqın ermənilərə vergi vermək məcburiyyətində olduğunu da bildirib. Yaylağa gedən əhali 1923-cü ildə ermənilərə 11 min qoyun vergi verib. Maraqlıdır ki, Məhəmmədsadıq bəy hadisələrin üzərindən 50 il keçəndən sonra da bu mövzunu gündəmə gətirib. Məsələn, o, 1967-ci ildə Türkiyənin “Yeni İstanbul” qəzetində yazdığı “Azərbaycanda erməni fitnəsi” məqaləsinin ikinci hissəsində yazırdı: “Qarabağdakı erməni fitnə və üsyanında məğlub olub Şuşa qalasından qaçan erməni “igidləri” Sovet idarəçiliyi dövründə onların köməyi ilə şəhərin 5 kilometr şərqinin şimalındakı tarixi türk qəsəbəsi olan Xankəndiyə yerləşdilər, adını da dəyişdirərək şarlatan bir erməni eşkiyası olan və savaşda öldürülən Stepanın adına uyğun olaraq Stepanakert qoyduqdan sonra buranı “Dağlıq Qarabağ muxtariyyət”inin mərkəzi etdilər”. Axundzadə bu yazısında bu gün üçün aktual olan və uğrunda mübarizə apardığımız dəhliz məsələsinə də toxunub: “Azərbaycan Cümhuriyyətini ortadan parçalamaq surətilə ölkəmizin 15 kv.km torpağını – Gəncə vilayətinin Zəngəzur qəzasının üçdə ikisi ermənilərə bağışlanmış və açılan bu koridorla da Naxçıvan vilayəti qərbdə təcrid edilərək kimsəsiz bir bir vəziyyətə salınmışdır”. Rəsulzadənin yaxın silahdaşı olan Abbasqulu Kazımzadənin İstanbulda çıxardığı “Bildiriş” qəzetinin 6 avqust 1931-ci ildə çıxan 53-cü sayının baş xəbərlərindən biri belə adlanırdı: “Azərbaycan hesabına böyük Ermənistan”. Yazının altbaşlığı isə belə idi: “Lenin milli siyasətinin əsərinin təcəllisi olaraq Ermənistana ilhaq edilən Zəngəzurdan sonra növbə Qarabağla Gəncəyə gəlmişdir”. Ardınca da daha kiçik yarımbaşlıq verilib: “Azərbaycanın hesabına böyük Ermənistan yaratmaq üçün erməni kommunistləri necə çalışırlar?”. Bu yazıda da daşnaklarla yanaşı azərbaycanlı kommunistlərin korluqlarından bəhs edilir. Məsələn, yazıda deyilir: “Sovet hökuməti azərbaycanlı kommunistlərin cəhaləti, acizliyi və korluqlarından istifadə edərək Azərbaycanın Zəngəzur vilayətini, Göyçə ətrafı ilə Qazax qəzasından bir çox ərazini ermənilərə vermişdir. Bu yetmirmiş kimi Azərbaycanın müqəddəs bir parçasını təşkil edən Qarabağda muxtar bir Ermənistan cümhuriyyəti təşkil elədi. Sovet hökuməti Qafqazın xaricində olan ermənilərin Azərbaycandan ayrılan bu yerlərə toplanmasına var qüvvətlə yardım etdi, hələ də etməkdədir. İrandan, İraqdan, Avropadan, Rusiyadan ermənilər bu türk yurduna dolmağa başladılar”. Bu xəbərdə deyilir ki, Azərbaycanda milli ədəbiyyatlar kitabxanalardan yığışdırıldığı halda, Dağlıq Qarabağda şovinist erməni daşnaklarının əsərləri qorunmaqdadır. Burada diqqət ediləsi önəmli məsələ odur ki, mühacirlər 1923-cü ildə yaradılan Dağlıq Qarabağ Muxtar Vilayətinin əslində Azərbaycan ərazisində bir erməni dövləti olduğunu açıq şəkildə görüblər. “Böyük Ermənistan” məsələsi ilə bağlı yazanlar arasında şuşalı mühacir, Cümhuriyyət tələbəsi Hilal Münşi də olub. Almaniyada yaşayan Münşi Rəsulzadənin çıxardığı “İstiqlal” qəzetinin 1 avqust 1932-ci il tarixli 13-cü sayında “Hayastani-kəbir idefiksi” adlı məqalə yazıb, Avropada Azərbaycan və Gürcüstan torpaqları hesabına “Böyük Ermənistan” təbliğatı aparan erməni Çubaryanı ifşa edib, bu düşüncəni xəstəlik adlandırıb. Qəzetin elə bu sayında görkəmli ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadə “Moskvanın kürd siyasəti” adlı geniş məqalə yazaraq Azərbaycanın daxilində “Qırmızı Kürdüstan”ın yaradılmasının məqsədini ifadə edib, bu prosesin Ermənistanın xeyrinə olduğunu bildirib. “İstiqlal” qəzetinin 1 sentyabr 1932-ci ildə çıxan 15-ci sayında isə Mirzəbala bəy “Azərbaycan necə parçalanır?” adlı məqalə qələmə alıb. Məqalədə müəllif bildirib ki, 96,160 kv.km olan Azərbaycan bolşeviklərin əlinə keçdikdən sonra 84,679 kv.km qalıb, yəni 11,481 kv.km ərazi itirilib. Bu itirilən torpaqlar Ermənistana verilib. Mirzəbala Məhəmmədzadə bu yazısında Qarabağla bağlı bildirib: “Azərbaycanın tam göbəyində Ermənistana məxsus “Dağlıq Qarabağ Cümhuriyyəti” vücuda gətirildi”. Bu məqalədə Mirzəbala bəy rusların Qarabağdan sonra Gəncə, Naxçıvanı da ələ keçirəcəklərini bildirib. Əlbəttə, mühacirət mətbuatı genişdir, şübhəsiz ki, başqa yazılar da vardır. Bu mövzuda sonda bunu bildirmək istəyirəm. Şuşalı Əhməd bəy Ağaoğlunun oğlu Səməd bəy 1967-ci ildə atasının doğulduğu yerə gəlir. Yəni Şuşaya. Qayıtdıqdan sonra “Sovet Rusiya imperatorluğu” adlı kitab çap etdirir. Bu kitabında o yazırdı: “Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirlərmiş! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə, əlbəttə, bir Allah, bir də Kommunist partiyası bilir”.
- Dərc edilən dərgilərdə Azərbaycanın xəritəsi çap olunurdumu?
- Məhəmmədəmin Rəsulzadə 1923-cü ildə İstanbula gəldiyi zaman “Azərbaycan Cümhuriyyəti” adında kitab nəşr edir və qurduğu dövlətin tarixini türk dünyasına tanıdır. Bu kitabda o, Azərbaycanın xəritəsini də təqdim edir. Kitabdakı bu xəritə Rəsulzadənin çap etdiyi jurnalların qapağında da gedib. Məsələn, “Yeni Kafkasya” jurnalının 28 may 1924-cü ildə çıxan istiqlal günü sayında həmin xəritə verilib. Yenə Rəsulzadənin İstanbulda nəşr etdiyi “Azəri Türk” jurnalının 9-cu sayında təqdim edilib. Həmin xəritədə Qarabağ, Zəngəzur da Azərbaycanın tərkibindədir. Eləcə də Göyçə gölünün bir hissəsi. Çünki Rəsulzadə hələ 1918-ci ildə İstanbulda türk müxbirə verdiyi müsahibəsində Ermənistanla sərhədi bu şəkildə düşünmüşdü: “Bizcə, Ermənistanın Azərbaycan ilə olacaq sərhədi Göyçə gölünün ortasından ayırıcı xətt çəkmək şərtiylə mümkün ola bilər və bu xəttin daha şərqinə qətiyyən keçə bilməz”. Yəni ermənilər Göyçə gölündən daha şərqə girə bilməzlər. Bu baxımdan indiki sərhəd də, yəqin ki, bu şəkildə olmalıdır. Rəsulzadə 1936-cı ildə Avropada bu xəritəni yenidən açıqca şəklində çap etdirib. Bu dəfə latın qrafikasında. Ölkəmizin ərazisini 94 min kv.km kimi yazıblar. Burada da Zəngəzur, Qarabağ Azərbaycanın tərkibindədir. Bayaq adını çəkdiyimiz Məhəmmədsadıq Axundzadə də 1951-ci ildə Türkiyədə çap etdiyi “Türk yolu” jurnalının ilk sayının qapağında Azərbaycan Nümayəndə Heyətinin Parisdə təqdim etdiyi xəritəni nəşr edib.