28 Oktyabr 2022 12:42
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Freedom House”un 2022-ci il üçün hesabatında internet azadlığı baxımından Azərbaycan 70 ölkə arasında 51-ci yerdədir (Rusiya 65-ci yerdədir). Ötən il internet azadlığı üzrə vəziyyət 28 ölkədə pisləşib, 26-da isə yaxşılaşıb. Azərbaycan 38 bal toplayaraq “azad olmayan internet”ə malik ölkələr kateqoriyasında qalıb. Hesabatda bu ilin fevralında Azərbaycanda qəbul edilmiş media haqqında yeni qanunun məhdudlaşdırıcı müddəalarına görə ölkəmiz tənqid edilib. Belə ki, qanun xarici KİV-lərin maliyyələşdirilməsini məhdudlaşdırır və KİV operatorlarının ölkədə yerləşməsini tələb edir. “Freedom House” isə bu maddəni internet azadlığının pozulması kimi təqdim edir. Hesabatda həmçinin deyilir ki, sözügedən qanun İnternet-KİV üçün onsuz da məhdud olan mühiti daha da məhdudlaşdırıb və bir çox azərbaycanlı jurnalisti xaricdə işləməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, hesabatda Qazaxıstan 32, Türkiyə 30, Belarus 28, Özbəkistan 27 və İran 16 balla “azad olmayan İnternet”ə malik ölkələr kateqoriyasına düşüblər.

Gürcüstan və Ermənistan isə “azad ölkələr” kateqoriyasında qalıblar. Gürcüstanın 78, Ermənistanın 74 balı var. Gürcüstan 7-ci, Ermənistan isə 14-cü yeri tutub.

İslandiya 100 ballıq reytinq cədvəlində 95 balla ən azad ölkədir. Sonrakı yerləri Estoniya, Kosta- Rika və Kanada tutublar.

“Freedom House” kimi təşkilatlar Azərbaycan haqqında qeyri-obyektiv məlumatlar yaymağı öz ənənəsinə çevirib. Bu vəziyyət isə həmin beynəlxalq təşkilatların ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirməməsi və bilərəkdən qərəzli mövqe nümayiş etdirmələri ilə əlaqədardır. 44 günlük müharibədə də “Freedom House” təşkilatının sədri Maykl Abramoviç “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisinə hücumlarını dərhal dayandırmalı və Aİ, ABŞ və Rusiyanın dəstəklədiyi sülh prosesinə sadiq qalmalıdır”, - deyə bəyanat vermişdi. İnternet azadlığı “Freedom House”un anlamında nə deməkdir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə uzun illərdir qərəzli mövqe nümayiş etdirirlər:

"44 günlük Vətən müharibəsi zamanı Ermənistan Azərbaycanın mülki əhalisinin yaşadığı şəhərləri, binaları bombalayan zaman “Freedom House” susurdu. Onda insan hüquqları onların yadına düşmürdü, insan azadlığı yadlarına düşmürdü. Yalnız Bərdə şəhəri raket atəşinə tutulanda çoxlu sayda insan həlak olanda həmin təşkilatın nümayəndələri gözdən pərdə asmaq xatirinə gəldilər və yarımçıq bir hesabat hazırladılar. Sonra isə həmin yarımçıq hesabatı da guya balanslaşdırdılar və Azərbaycanın da guya Ermənistana qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi fikrini hesabata daxil elədilər. Dediyim odur ki, biz ölkəmizə qarşı bunlardan həmişə qərəzli münasibət görmüşük. İndi yaydıqları hesabatda Azərbaycanın adının 70 ölkə arasında 51-ci yerə qeyd edilməsi də ənənəvi qərəzli yanaşmadan irəli gəlir. Azərbaycanın internet azadlığının olmadığı ölkələr sırasına daxil edilməsi açıq-aşkar qərəzdən doğur. Azərbaycanda internet azadlığı var, hər bir vətəndaşın internetə daxil olması, onun imkanlarından yararlanması, sosial şəbəkələrdə azad fikirlərini paylaşması üçün şərait var. Vətəndaşlarımız da bu şəraitdən yararlanırlar. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. "Freedom House" öz hesabatının Azərbaycana aid hissəsini bu ilin fevralında qəbul olunmuş "KİV haqqında" yeni qanunun məhdudlaşdırıcı maddələrinə istinad edərək hazırlayıbsa, bu da başadüşülən deyil. Çünki məhdudlaşdırıcı məqamlar internet azadlığına qarşı deyil. Söhbət KİV-lərin maliyyələşdirilməsindən gedir və qanun operatorların ölkə daxilində yerləşməsini tələb edir. Çünki həqiqətən də necə ola bilər ki, hansısa operator xaricdə yerləşsin və Azərbaycan haqqında ağlına gələni danışsın və Azərbaycan qanunları buna imkan yaratsın? Heç bir dövlət buna razı olmaz. Ona görə də Azərbaycandakı adıçəkilən qanundakı həmin məhdudlaşdırıcı məqam dünya təcrübəsinə əsaslanır. Buna görə Azərbaycanı internet azadlığı olmayan ölkələr sırasına salmaq qəbul edilən deyil. Qonşusunun ərazisini işğal edən, beynəlxalq qanunları, insanların yaşamaq hüquqlarını tapdalayan, əraziləri kütləvi minalayan, peşə fəaliyyəti ilə məşğul olan jurnalistləri öldürən Ermənistanı isə azad ölkələr kateqoriyasına daxil eləmək həmin hesabata etimadı, inamı tamamilə heçə endirir və hesabatı gülünc hesabat səviyyəsinə endirir".

Hüquq müdafiəçisi qeyd edib ki, “Freedom House” kimi təşkilatlar Azərbaycan haqqında qeyri-obyektiv məlumatlar yaymaqla siyasi sifarişlər yerinə yetirirlər:

“Bu təşkilatların maliyyələşməsinə dəstək verən dövlətlər özlərinin siyasi kurslarına uyğun olaraq istədiklərini onların hesabatlarına daxil etdirməyə çalışırlar. "Freedom House"un, ümumiyyətlə, Azərbaycanla bağlı danışmağa və nəsə yazmağa haqqı yoxdur. Bu təşkilatın sədri Vətən müharibəsi yeni başlayanda ortaya çıxıb Azərbaycana qarşı çıxışlar edirdi və Azərbaycandan Ermənistana “hücumları” dərhal dayandırmağı tələb edirdi. Azərbaycan dünya tərəfindən tanınan ərazilərini erməni işğalından qurtarmaq üçün öz ərazisində əməliyyatlar keçirirdi, Ermənistan ərazisində heç bir hərbi əməliyyat keçirmirdi. Bunu bütün dünya görürdü, elə “Freedom House”un rəhbəri də bilirdi. Lakin bunu bildiyi halda reallığı danaraq, təhrif edərək çağırışlar irəli sürürdü. İndi onların heç bir haqqı çatmır ki, Azərbaycan haqqında hansısa rəy versinlər. O cür təşkilatlar özləri azad olsaydılar, qərəzli, sifarişli hesabatlar hazırlamazdılar".//Yeni Müsavat


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər