5 Noyabr 2022 15:36
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının rəhbər şəxsləri, Milli Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, Vətən müharibəsi iştirakçıları, qaziləri və MMQ-nin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mülki müdafiə qoşunları komandanının müavini – Qərargah rəisi general-leytenant Azad Ələkbərov Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıb. Natiq 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs edib, qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik edib.

Daha sonra Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev, Vətən müharibəsi qaziləri – kəşfiyyatçı, polkovnik-leytenant Dəyanət Məmmədov, kəşfiyyatçı İlqar Cahangirov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüblər. Çıxış edənlər ümumilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi ali diqqət və qayğısından bəhs ediblər.

Tədbirdə çıxış edən Milli Tarix muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov xalqımızın hərb tarixindən, döyüş ənənələrindən bəhs edib, Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirin rəsmi hissəsindən sonra Mülki müdafiə qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim edilib.

Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər