“Fransa dünyaya riyakar siyasət apardığını bir daha göstərdi. Vaxtilə müstəmləkələri olan Afrikada, xüsusilə Əlcəzairdə 1,5 milyon insanı qətl edən Fransa indi Azərbaycana qarşı əsl simasını ortaya qoyur”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, faşist Ermənistanı demokratik dövlət kimi qiymətləndirən Emmanuel Makronun vaxtilə Fransa televiziyasına verdiyi müsahibənin davamı kimi Senat bu qətnaməni qəbul edib:
“Qətnamədə Azərbaycan neft və qazının Avropaya ixracına xüsusi diqqət edilir, bununla da Avropa İttifaqında problem yaratmağa çalışılır. Zamanında Avropa İttifaqının nümayəndələri Azərbaycana gələrək Prezidentlə görüşüb, ölkəmizin neft və qazına xüsusi maraq göstəriblər, hətta müvafiq razılaşma da əldə edilib. 20-30 min erməniyə müstəqillik tələb etməklə Fransa absur addıma yol verir və bundan utanmır. Həmçinin Azərbaycanın Laçın dəhlizindən çıxmasını istəyir. Son 30 ildə Ermənistanın yanında olan Fransa Makron dövründə daha da irəli gedib. Bu gün Makron Avropa İttifaqına, YUNESKO-ya öz təsirini göstərir. Təsadüfi deyil ki, Mehriban xanım bu yaxınlarda YUNESKO-nun xoşməramlı səfiri vəzifəsindən imtina edib. Bu, elə Fransaya, YUNESKO-ya və Makrona zərbədir. Amma bunlar nəticə çıxaracaqmı? Mən inanmıram. Çünki başdan-ayağa faşist Ermənistanı dəstəkləmək yolu seçiblər. Mən təklif edirəm ki, Fransa ilə diplomatik əlaqələr dayandırılsın”.