19 Noyabr 2022 17:40
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Molla rejimi yaxşı anlayır ki, ötən əsrdən bu yana İranda baş verən bütün inqilabların hərəkətverici qüvvəsi azərbaycanlılar olub. Bunu həm ötən əsrin əvvəllərində baş verən Məşrutə inqilabı haqqında, eləcə də 1920-ci illərdə baş verən Xiyabani inqilabı və nəhayət 1945-ci ildə güneyimizdə ikinci demokratik cümhuriyyətin meydana gəlməsi, bu cümhuriyyətin fars-ingilis müttəfiqliyi sayəsində qan gölündə boğulması, azərbycanlılara qarşı o dövrdəki fars rejiminin amansız davranması da ortaya qoyur. Çünki Seyid Cəfər Pişəvəri liderliyində başlanan bu hərəkatın azı 30 min üzvü fars rejimi tərəfindən qətl edilib, Tudə Partiyasının 300 mindən çox üzvü İranı tərk edərək Quzey Azərbaycana və digər məmləkətlərə səpələnib”.

Bu fikirləri Teleqraf.com-a professor Qabil Hüseynli İran daxilində müşahidə edilən etiraz dalğalanması fonunda Təbriz Tibb Universitetinin tələbəsi, azərbaycanlı Aylar Həqqinin öldürülməsi haqda danışarkən deyib.

Professorun fikrincə, İranın başbilənləri çox yaxşı anlayırlar ki, İranda azərbaycanlıların ayaqlanması mütləq İranı silkələyəcək, dəyişimə can atacaqlar. Onun sözlərinə görə, 1979-cu ildə İrandakı Ruhullah Xomeyni inqilabının əsas hərəkətverici qüvvəsi məhz azərbaycanlılar olub: “Bu hərəkatda azərbaycanlılar aparıcı rola malik idi. Bu gün də İranda baş verən hərəkət və ayaqlanmaların nüvəsini azərbaycanlılar təşkil edir. Bu səbəbdən də rejim azərbaycanlılara qarşı həddən artıq qeyri-adekvat repressiya tədbirləri həyata keçirir. Söhbət bir azərbaycanlı tələbənin öldürülməsindən getmir. İndiyə qədər bir neçə azərbaycanlı tələbə öldürülüb, onlarla azərbaycanlı fəal ya öldürülüb, ya da həbsə atılıb. Söhbət yüzlərlə, bəlkə də minlərlə azərbaycanlının Təbriz və Tehrandakı Evin həbsxanasına salınmasından, işgəncələrə məruz qoyulmasından gedir. Bununla da azərbaycanlıların gözünü qorxutmağa çalışırlar”.

Qabil Hüseynli əmindir ki, İranda yaşayan azərbaycanlılar qətiyyən geri çəkilmir, qorxmurlar, əksinə, bir az da cəsarətlə haqlarını tələb edirlər: “Azərbaycanlıların hədəfi azadlıq və bərabərlik şüarı altında gedir. Üstəlik də bütövlük şüarları da irəli sürülür. İranın müxtəlif bölgələrində müstəqil Azərbaycan prezidenti İlham Əliyevin portretlərinin asılması göstərir ki, soydaşlarımız bu prosesdə necə fəal və məqsədyönlüdür. Əsas məqsəd köklü dəyişikliklərə nail olmaqdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər