Bədrəddin Quliyev: “Makedoniyada türk toplumu bizi böyük coşğu ilə qarşıladı”
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Teleqraf.com-un suallarına cavab verib. Partiya sədri əsasən, Makedoniya səfəri, Türk Hərəkat Partiyasının 15 illik yubileyi, bu ölkədə keçirdiyi görüşlər haqda danışıb.
- Bədrəddin bəy, Makedoniyaya səfərinizin məqsədi nə idi?
- Makedoniya Türk Hərəkat Partiyasının 15 illik yubileyi qeyd edilirdi. Biz də bu tədbirə dəvət edilmişdik. Bu ilin aprelində Makedoniyada parlament seçkiləri keçirildi. Biz seçki ərəfəsində də bu ölkəyə səfər etdik, Sosial Demokrat Koalisiyasında təmsil olunan Türk Hərəkat Partiyasına dəstəyimizi ifadə etdik. Seçkilərdə Enis İbrahim deputat seçilib. Bu dəfə dekabrın 3-10-u arasında orada olduq. Səfərdə məni Sabir Quluzadə müşayiət edirdi. Qeyd edim ki, Avropa və dünyanın bir çox yerindən də qonaqlar dəvət olunmuşdu. Türkiyədən MHP-nin Ankara millət vəkili də orada idi. Eləcə də Avropadan qonaqlar var idi. Səfər zamanı yüksək səviyyədə qarşılanma oldu.
- Kimlərlə görüşlər keçirdiniz?
- Liberal Demokrat Partiyasının başqan yardımçısı, deputat Milovski, baş katib, millət vəkili Dufe Rukovski ilə görüşümüz oldu. Sosial Demokratlar Birliyinin baş katibi Zoran Zaevlə, eləcə də partiya sədrinin vəkili Radmila Sekerinska ilə müzakirələr apardıq.
Qeyd edim ki, bu şəxslər eyni koalisiyada təmsil olunurlar. Əvvəlki illərdə onlar hakimiyyətdə olublar, baş nazir, xarici və daxili işlər nazirləri postlarında təmsil olunublar. Bu koalisiya Avropaya inteqrasiya etmək xəttini əsas götürüb. Həm də koalisiyanın Avropa Liberal İttifaqı, Sosialist İnternasional ilə də ciddi münasibətləri var. Biz də danışıqlarda qeyd etdik ki, Azərbaycanın iqtisadi əlaqələrinin 65 %-i Avropa ilə bağlıdır. Eləcə də TAP və TANAP layihəsi barədə fikirlərimizi qeyd etdik. Makedoniya prezidenti "Şahdəniz" yatağının təməl qoyulması prosesində iştirak etmişdi. Biz həmçinin hesab edirik ki, siyasi partiyalar arasında münasibətlərin yaxşı və möhkəm olması dövlətlərarası münasibətlərə də pozitiv təsir göstərir, müttəfiqlik münasibətlərinin əsasını qoyur. Makedoniya da imperiya tərkibindən çıxıb, 1993-cü ildə müstəqilliyini elan edib. Əvvəllər Yuqoslaviyada ciddi qarşıdurmalar, milli münaqişələr, ziddiyyətli proseslər yaşanıb. Biz də imperiyanın tərkbindən ayrılan zaman Qarabağ münaqişəsinin yaradılmasından, 20 yanvar hadisələrindən, ərazilərimizin işğalı məsələsi kimi məqamları vurğuladıq. Faktiki olaraq bizim taleylərimiz birdir. SSRİ-nin tərkibindən çıxan ölkələr olaraq bizi həm tale, həm dərd, həm də gələcək perspektiv birləşdirir.
Müzakirələr zamanı Ukrayna məsələsi də gündəmə gətirildi. Vurğulandı ki, Ukraynanın başına gələn bu hadisələr 1993-cü ildə bizim başımıza gəlib. Həmçinin "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycana təzyiqlər başlanıb, dövlət çevrilişinə cəhdlər olub. Yəni bizim neft-qaz kəmərlərimizə qarşı təhdidlər uzun illər davam etdi, amma bu proyekt baş tutdu, regiona böyük investisiyalar qoyuldu.
Bilirsinizmi, indi enerji daşıyıcıları məsələsində dünyada vəziyyət dəyişir. Rusiyanın Ukraynaya basqısı, mürəkkəb vəziyyətin yaranması kimi halları biz yaşamışıq. Qarabağ problemi həll edilməyib. Torpaqlarımız işğal altında olduğu bu ağır vəziyyətdə belə bizim Avropa ilə münasibətlər qurduğumuzu qeyd etdik. Yeri gəlmişkən, bildirim ki, hazırda dünya mediasında Azərbaycanda insan haqları, demokratiya ilə bağlı neqativ yazılar, mövqelər olur. Ancaq bizim Qarabağ məsələsi həll edilmədən bu istiqamətdə də irəliləyiş mümkün deyil. Mənə sual edirdilər ki, necə olur ki, Azərbaycan Avropa, Rusiya və Amerika ilə eyni zamanda yaxın münasibətlər qura bilir, müttəfiqlik edir.
- Əslində Azərbaycanın həm Rusiya, həm Amerika, həm də Avropa ilə yaxın və dost münasibətlərdə ola bilməsi təəccüblü görünə bilər. Çünki Rusiya-Qərb arasında ciddi qarşıdurma, çəkişmə hiss olunur...
- Əlbəttə. Ancaq tarixi şərait elə yaranıb ki, Rusiya bizimlə münasibətdə mövqeyini yumşaltmağa çalışır. Çünki Rusiya-Avropa, Rusiya-Qərb münasibətlərində açıq qarşıdurma yaşanır. Üstəlik bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilir. İndi Rusiya istəməzdi ki, TAP və ya TANAP layihəsi reallaşsın. Ancaq Türkiyənin bu məsələdə bizə dəstək olması Avropaya çıxışımızı təmin edir. Əslində Yaxın Şərqdə gedən müharibə enerji müharibəsidir. İndi Qərb mediasında Azərbaycana qısqanclıqla yanaşılır. Sanki bizim Avropa bazarına çıxmağımız ruslardan da çox Qərbi narahat etməyə başlayıb. Bu səbəbdən də Qərb mediasında Azərbaycanda insan haqları, demokratiya məsələsi qabardılır. Onsuz da bilirik ki, Amerika qaz yataqlarını istifadəyə çıxardıqdan sonra öz daxili bazar təlabatını ödəyərək Avropa bazarına qaz çıxarmaq istəyir. Bu bazarda biz də varıq. Yəni istər Amerikası olsun, istərsə də Rusiyası, onlar bizə qaz bazarında artıq rəqib kimi baxırlar. İnsan haqları və demokratiya məsələsinin qabardılması da bununla bağlıdır. Baxın Amerika və Avropa Ukraynaya verdiyi dəstəyi bizə vermədi. Baxmayaraq ki, biz heç bir ölkənin ərazisini tutmamışıq. Erməni bizim ərazilərimizi tutub, işğal faktı da millətin və dövlətin inkişafına mane olur. Buna rəğmən, ermənilərə qarşı münasibət bildirilmir, amma bizi tənqid edirlər. Ukraynaya verilən dəstək bizə verilmir, Ermənistana qarşı sanksiyalar tətbiq edilmir. Ermənistan Gömrük İttifaqının üzvüdür, ancaq bunu nəzərə almırlar. Biz isə regionda Türkiyə, Gürcüstan, Rusiya ilə yaxşı münasibətlər qururuq. Ancaq Azərbaycan nə Avrasiya, nə də Gömrük İttifaqının üzvüdür. Biz balans siyasəti aparırıq, iqtisadi münasibətlərə mənfəət nöqteyi-nəzərindən yanaşırıq. Qonşularımızla da normal münasibət saxlayırıq. Rusiya da, bizimlə hesablaşır, Azərbaycanın yerləşdiyi coğafi məkanı nəzərə alır. Biz Makedoniya səfəri zamanı bütün bu məsələlər haqda danışdıq, suallara cavablar verdik. Mən hesab edirəm ki, Azərbaycan, onun dövlət siyasəti, milli maraqları məsələsinin təbliğatını ciddi şəkildə aparmalıyıq.
- Türklər Makedoniyada hansı mövqedədirlər?
- Qeyd edim ki, Makedoniyada türk toplumunun belə güclü olması, özünə partiya qurması, siyasi həyatda yaxından iştirak etməsi bizi olduqca məmnun edir. Bu, bir daha göstərir ki, türk toplumu yaşadığı cəmiyyətə inteqrasiya edir, cəmiyyətdə demokratik dəyərlərin qorunmasında aktiv iştirak edir. Biz bu mübarizədə onlara uğurlar arzu etdik. Türk Hərəkat Partiyasının üzvləri, partiyanın sədri Adnan Kahinlə, millət vəkili Enis İbrahimlə müzakirələr apardıq, gənclər qurumu ilə fikir mübadiləsi apardıq. Yubiley tədbirində beş nəfər çıxışçı nəzərdə tutulurdu. Təsəvvür edin ki, ikinci çıxış üçün söz Azərbaycan nümayəndəsi olaraq bizə verildi. Bizim də çıxışımız coşğu ilə qarşılandı. Mənim çıxışımı Makedoniya televiziyasında və radiosunda verdilər. Çıxışımda qeyd etdim ki, sizlər Osmanlı dönəmində burada olan babalarımızın ruhunu özünüzdə daşıyırsınız, sizin burada ayaq üstə durmağınız babalarımızın ruhunu məmnun edir. Türklər hər zaman yaşadığı cəmiyyətdə aktiv iştirak edir, öz haqqını tələb edir, ortaya millət vəkili çıxarır. Vurğuladıq ki, sizin mövqeyinizin güclü olması burada Azərbaycanın mövqeyinin güclü olması deməkdir. Əlbəttə ki, toplum olaraq bir-birimizin hüquqlarını müdafiə etməliyik, gələcəkdə bu partiya nümayəndələrinin Avropada Azərbaycanın haqq səsini müdafiə etməsi kimi məsələlərin vacibliyini qeyd etdik. Bildirdik ki, harada olmasından asılı olmayaraq, türk toplumuna sahib çıxmaq, yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaq, əlaqələrin qurulması olduqca vacibdir. 300 milyonluq türklər harada yaşamasından asılı olmayaraq, müdafiə edilməlidir. Düzdür, hazırda türk dövlət başçılarının zirvə toplantıları keçirilir, münasibətlər normaldır. Gələcəkdə əlaqələrin gücləndirilməsi,türk toplumlarına sahib çıxılması, türklərin yaşadığı bu ərazilərə investisiyaların qoyulması, beynəlxalq səviyyədə təsir altında olan türk toplumlarının müdafiə edilməsi vacibdir. Fikirlərimiz də ehtiramla qarşılandı. Yeri gəlmişkən, iştirak etdiyimiz yubiley tədbirindən bir gün sonra ümumi bir ziyafət də oldu. Tədbirdə Türkiyədən müğənni Haluk Levent özünün ansamblı ilə iştirak etdi, konsert verdi. Haluk Levent bizim Azərbaycandan olduğumuzu biləndən sonra salamlar göndərdiyini dedi, bizim ölkədə konsert verməyə hər zaman hazır olduğunu, dəvət edilərsə, bunu məmnuniyyətlə qəbul edəcəyini bildirdi.
- Avropa və Amerikadan gələn siyasətçilər var idimi və onlarla hansısa bir təmasınız oldumu?
- Tədbirdə Makedoniyada təmsil olunan diplomatik nümayəndəliklər, səfirliklər iştirak edirdi. Biz də onların əksəriyyəti ilə görüşdük, Azərbaycanın mövqeyi, bölgədə rolu, Avropa ilə münasibətləri, NATO ilə müxtəlif proqramlarda iştirakı, Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Çərçivəsində əməkdaşlığı barədə ətraflı müzakirə apardıq. Eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün dəstək verilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından dəstək, haqqımızın müdafiə edilməsi, cəbhə xəttində baş verən istənilən bir hadisəyə görə, Azərbaycana ikili standartlardan yanaşılmasının doğru olmadığını qeyd etdik. Demokratik mühit və inkişafla bağlı etapların isə tədricən keçilməsi daha realdır. Çünki ilk olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, işğal altında olan torpaqlarımız azad olunmalıdır. Qarabağ kartından istifadə edərək Azərbaycana təzyiqlər olmamalıdır. Diplomatlarla bu istiqamətdə geniş müzakirəmiz oldu, Azərbaycanın maraqlarını qorumaq, ölkəmizi təbliğ etməyə çalışdıq. Səfərin son günü Makedoniyada olan türk məscidlərinə, türbələrinə, tarixi abidələrə baş çəkdik. Bektaşi türbəsində olduq. Hətta dedilər ki, Azərbaycandan millət vəkili Qənirə Paşayeva da burada olub. Bizə elə gəlir ki, dünyada heç yerdə bizi tanımırlar. Belə deyil. "Eurovizion"dan sonra Azərbaycanla bağlı münasibət dəyişib, ölkənin reklamı baş verib. Bizi bundan əvvəl dövlət rəsmiləri, deputatlar, beynəlxalq qurumlarda çalışan şəxslər tanıyırdı. Ancaq bizi xalqların tanıması lazımdır və bu baş verir. 2015-ci ildə Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi həm də məmləkətimizin həddən artıq reklam edilməsi deməkdir. Ölkənin dünya səviyyəsində tanınması, təbliğatının aparılması çox əhəmiyyətli məsələdir. Biz düşünürük ki, dövlət bu məsələləri edəcək. Biz xaricdə olan soydaşlarımızı, diaspor təşkilatlarımızı bu işlərə daha çox cəlb etməliyik. Hər kəs nə qədər imkanı və gücü varsa, bir o qədər işləməlidir. Biz daha da güclənməliyik. Biz Makedoniyaya getməklə həm siyasi baxımdan bu ölkədə yaşayan türk toplumuna dəstək ifadə etdik, həm də imkanlardan yararlanaraq vətən və dövlətimizin təbliğatını apardıq.
CAVİDAN