9 Dekabr 2022 16:05
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, 3sual.az təşəbbüs qrupunun təşkilatçılığı “Tələbələrin İntellekt Festivalı” layihəsinin Gəncə şəhəri üzrə seçim turu keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” qrant müsabiqəsinin qalibi olan layihə “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilir.

Layihənin Gəncə şəhəri üzrə seçim turunda Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri yarışıblar.

Yarışların açılışında universitetlərin Tələbə Gənclər Təşkilatları sədrləri, həmçinin layihənin müəllifi və 3sual.az təşəbbüs qrupunun rəhbəri Bəhruz Aydınlı çıxış edərək intellektual oyunların gənclərin təməl inkişafındakı, bilik və bacarıqlarının artırılmasındakı rolunu və gələcəyin yüksək savadlı kadrlarının yetişdirilməsindəki əhəmiyyətini vurğulayıblar.

İki universitetin toplam 25 komandasının tərkibində 150-yə yaxın gəncin iştirak etdiyi yarışda Gəncə Dövlət Universitetinin “Tufan” və ”Tesla”, Azərbaycan Dövlət Aqrar Universitetinin isə “Cahillər” və “Vurğun” komandaları ön plana çıxmağı bacarıblar. Layihə çərçivəsində Bakı və Gəncə şəhərində baş tutması planlanan ümumi 5 seçim turunun nəticəsində hər universitetin ən güclü 2 komandası öz universitetini Bakıda keçiriləcək final yarışında təmsil etmək hüququ qazanacaq.

Layihənin keçirilməsində məqsəd tələbələrin intellektual potensialının, dünyagörüşünün artırılması, onlarda vətənpərvərlik hissinin intellektual yarışlar yolu ilə təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili olunmasıdır.


Müəllif: Teleqraf.com