Ümummilli Lider Heydər Əliyev vurğulayırdı: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu gün dahi lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür. 19 il bundan əvvəl Vətən öz böyük oğlunu itirdi. Ötən dövürdə hər bir il Heydər Əliyev siyasətinin təntənəsi ili oldu. Çünki bu illər ərzində Heydər Əliyev siyasəti davam etdirilib, Azərbaycan uğurla inkişaf edib.
Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professora görə, dünya tarixində elə şəxsiyyətlər vardır ki, onlar təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olurlar və bəşəriyyət onlardan örnək alır:
“Belə şəxsiyyətlərdən biri də Azərbaycan dövlət müstəqilliyinin qurucusu Ulu Öndər Heydər Əliyev idi. O deyirdi: "Mənim əsas silahım sözdür". Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. 1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərib, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət edib, onu hakimiyyətə dəvət edib. Çünki ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında idi. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika olub. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrildi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaldıb. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaldıb, sovet rəhbərliyinin bu cinayətini qətiyyətlə pisləyib, onu qınayıb. Ulu öndər bu qanlı qırğına görə, sovet rəhbərliyini ittiham edərək, Kommunist Partiyasından imtina edib. Bununla da O əsl liderlik keyfiyyətləri nümayiş etdirib. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilib”.
Deputat bildirib ki, Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirib və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub:
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərib. Məhz bunun nəticəsində hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə gedə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı. Sözsüz ki, qələbəyə gedən yol ağır mübarizədən keçirdi. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. “Əsrin müqaviləsi” 1994-cü ilin sentyabr ayının 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanıbdır. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdır”.
Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir:
“Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsini qoydu. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynayıb”.
Hicran Hüseynova hesab edir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir:
“Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. Dahi şəxsiyyət, müdrik siyasətçi, böyük strateq bu günkü Azərbaycanı, onun əldə etdiyi nailiyyətləri hələ o zaman görə bilirdi. Xalqın birliyi, əzmi, fədakarlığı və özündən də çox inandığı Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi dövlətimizin daha da güclənməsinə, regionda və dünyada nüfuzunun artmasına, 30 ilə yaxın erməni işğalına məruz qalan tarixi torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə səbəb oldu. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır”.