15 Dekabr 2022 12:48
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu xatırladıb. O, bu çərçivədə iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən nazir iki ölkənin uyğun qurumları arasında ayrı-ayrı istiqamətlər, o cümlədən mülki müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün müxtəlif səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin faydalı olacağına diqqət çəkib. Bu istiqamətdə 2011-ci il may ayında Roma şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında Anlaşma Memorandumu” əsasında müvafiq tədbirlərin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Klaudio Taffuri hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurumların əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib. Bu sahədə İtaliyanın Bakıdakı Səfirliyi tərəfindən dəstəyin davam etdiriləcəyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və İtaliya Respublikasının müvafiq tədris müəssisələri arasında ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər