16 Dekabr 2014 09:35
2 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

«Qanuni oğru»lar – bu müasir dünyanın ən gizli, sirli və qapalı səhifələrindəndir. Beləliklə, sovet hakimiyyəti ilə təxminən, eyni vaxtda formalaşan «qanuni oğru»lar Böyük Vətən Müharibəsini, Stalinin «təmizləmə» siyasətini – represiya illərini, cinayətkarlığa qarşı barışmaz mübarizəni və nəhayət, sovet rejiminin özünü uğurla yola verdilər.

Artıq o dövrlər arxada qalıb. Bu gün hətta 90-cı illərin kriminal müharibələrinin «qəhrəmanları» da arenada yoxdur. Hazırda bir çox «qanuni oğru»lar güc və iqtisadiyyatı, eləcə də biznesin ən gəlirli sahələrini nəzarətlərində saxlayırlar. Bir sözlə, «zakonnik»lər «tac»ları ilə yanaşı, nəhəng maliyyə gücünü də özlərində saxlamağı bacarıblar. İş o yerə çatıb ki, bu gün onların hüquqlarını müdafiə edənlər məşhur «Forbes» jurnalında adları qeyd olunan milyarderlərin vəkilləridir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda bu ölkədə «qanuni oğru» statusunu daşıyan 184 nəfər var. Qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, onların sayı bundan bir neçə dəfə çoxdur. Məsələn, bu sahəni araşdıran bir sıra ekspertlər hesab edirlər ki, postsovet məkanında «zakonnik»lərin ümumi sayı 500 nəfərdən çoxdur. Bundan başqa, bir neçə yüz nəfər özünü «qanuni oğru» adlandırsa da, əslində onların belə bir statusu yoxdur. Kimlərsə bu yolla qeyri-sağlam ambisiyalarını reallaşdırmaq, bəziləri isə ənənəvi «oğru»lar tərəfindən idarə olunan pul vəsaitlərindən müəyyən bir parça qoparmaq niyyətindədir. Lakin «qanuni oğru»lara qarşı edilən bu cür kələk sonda ağır fəsadlara səbəb ola bilər. Hətta layiq olmadığı halda «oğru tatuirovkası» vurduran şəxs belə, asanlıqla «sındırıla», həbsxanada öldürülə bilər. Heç şübhəsiz ki, azadlıqda da bu cür qondarma «oğru»ların taleyi acı sonluqla nəticələnir.

Diqqət yetirsəniz görərsiniz ki, artıq kriminal aləm də dünyəvi cəmiyyət və dövlətlə eyni dəyişikliklərə məruz qalır. Məsələn, hələ 80-ci illərin ortalarından etibarən kriminal aləm kommersiyalaşmağa başladı. Nəticədə «oğru tacı»nı pulla almaq mümkün oldu. Yəni əgər əvvəllər «qanuni oğru» adına, eləcə də kriminal aləmdə rəsmi səlahiyyətə sahib olmaqdan ötrü uzun illərin «həbsxana məktəbi»ndən keçmək lazım idisə, artıq indi demək olar ki, hər kəs pulun hesabına «oğru» adına yiyələnə bilər. Bu üsul Qafqaz ölkələrinin isanları arasında xüsusilə məşhurdur. İş o yerə çatdı ki, bazar, dükan, mağaza sahibləri, ticarətçilər özləri və övladları üçün «oğru tacı» almağa başladılar. Bununla da kriminal aləmə yeni anlayışlar – «lavruşniki» və «apelsinı» gəldi. Bu cür ifadələrlə əsasən Gürcüstandan çıxmış və yeni elan olunmuş «oğru»ları çağırırdılar. Çünki onların əksəriyyətinin məhkumluğu olmayıb və bu cür «oğru»lar öz statuslarını yalnız pulun hesabına əldə ediblər.

Əslində «oğru qanunları»nın müəyyən mənada zəifləməsi, pul və gücün onu üstələməsi prosesi hələ sovet hökuməti dağılmamışdan öncəyə təsadüf edir. Məsələn, 1979-cu ildə Kislavodskdə baş tutmuş «sxodka»da «qanuni oğru»larla yeraltı sahibkarlar arasında ittifaq, razılaşma əldə olundu. Həmin anlaşmaya əsasən fəaliyyətlərinin gizli qalmasında maraqlı olan iş adamları gəlirlərinin 10 faizini kriminal aləmə verməli idi. 1982-ci ildə Tiflisdə növbəti mühüm əhəmiyyətli «sxodka» təşkil olundu. Bu zaman «oğru»lar hakimiyyətə güc tətbiq edib-etməyəcəkləri ilə bağlı qərara gəlmək üçün toplaşmışdılar. O vaxt bunun üçün kifayət qədər səbəb vardı. Çünki korrupsiya hər ötən gün hökumət orqanlarını bir qədər çox əhatələyirdi.

Beləliklə, 1982-ci ildəki «sxodka»da yekdil qərar qəbul olmasa da, 4 il sonra eyni məsələ yenidən gündəmə gəldi. 1986-cı ildə baş tutmuş «sxodka»da çıxış edən ən hörmətli «qanuni oğru»lardan olan «Vasya Briliyant» «oğru qanunları»na əsaslanaraq hakimiyyət orqanları ilə hər hansı bir əməkdaşlağın yolverilməz olduğunu bəyan etdi. Milliyyətcə gürcü olan «oğru»lar isə «Vasya Briliyant»ın əksinə çıxış etdilər. Lakin artıq bununla bağlı müəyyən mənada qərar qəbul olunmuşdu. Odur ki, bir müddət sonra milliyyətcə gürcü olan ən məşhur «qanuni oğru»lardan sayılan Caba İoseliani Gürcüstanın prezidenti Eduard Şevardnadzenin yaxın köməkçilərindən biri olur. Daha sonra isə həmin «qanuni oğru» Gürcüstanın müdafiə naziri vəzifəsinə yiyələnir.

Ümumiyyətlə, həmin dövrlər Gürcüstanda «qanuni oğru»lar o qədər məşhurlaşmışdılar ki, Tiflisdəki orta məktəblərin birinin şagirdlərinin təxminən, 25 faizi gələcəkdə «oğru» olmağı arzuladıqlarını bildirmişdilər.


Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün ölkə ərazisində 480 cinayətkar dəstə fəaliyyət göstərir. Söhbət yaxşı təşkil olunmuş cinayətkar birliklərdən gedir. Bəzi ekspertlərin fikrincə, yeni kriminal avtoritetlərin fonunda aydın şəkildə görünür ki, «qanuni oğru»lar kriminal aləmdə öz güc və təsirlərini itirməkdədirlər. Əslində, bu, heç də belə deyil. Artıq heç kimə sirr deyil ki, Rusiya həbsxanaları elə bir dəmir qəfəsdir ki, bu cəhənnəmdən kriminal aləmin yüz minlərlə nümayəndəsi gəlib keçib. Və hələ də onların böyük əksəriyyəti məhz «qanuni oğru»lara itaət edir, onların təsir dairələrindədirlər. Yəni «oğru»lar bu gün də həbsxanalarda müstəsna güc və təsir imkanlarına malikdirlər. «Qanuni oğru»ların dəfn mərasimlərinə diqqət yetirdikdə aydın şəkildə görünür ki, bu şəbəkə gün keçdikcə əhatə dairəsini bir qədər də genişləndirir. Belə ki, bu cür cənazələrdə aktyorlar, jurnalistlər, siyasətçilər, Avropa, ABŞ və İsraildən gəlmiş nümayəndə heyətləri iştirak edirlər.

Bir sözlə, «qanuni oğru»lar həmişəki kimi «oğru obşakı»nın qoruyucuları və idarəçiləri hesab olunurlar. Onların gəlirlərinin əsas hissəsini mütəşəkkil cinayətkar qrupların və fərdi cinayətkarların gəlirləri təşkil edir. Bundan başqa, sahibkarlardan yığılan «vergi»lər, müxtəlif biznes strukturlarına edilən «krışa»lığa görə də əldə olunan gəlirlər də «obşak»ın büdcəsini formalaşdırır. Odur ki, hazırda bu tip «oğru bankları» öz gəlirlərinə görə real banklarla rəqabət apara, hətta onları üstələyə bilər. Elə bu səbəbdəndir ki, bu gün tanınmış «oğru»ların bəziləri rəsmi olaraq böyük maliyyə korparasiyalarının direktorlar şurasının tərkibində yer alıb, şəhər və rayonların rəhbər vəzifələrində təmsil olunurlar. Bütün bunlar onu təsdiqləyir ki, müasir «oğru»lar köhnə «oğru qanunları»na əməl etmirlər. Bu qaydalar demək olar ki, hər yerdə pozulur. Əgər diqqət yetirsəniz görərsiniz ki, artıq köhnə «qanuni oğru»lardan çox az qalıb.

Xülasə, bu gün müasir «qanuni oğru»ların əsas funksiyası təşkilati məsələlərin həlli, təsir dairəsinin bölüşdürülməsi və cinayətkar dəstələrin fəaliyyətinə nəzarətdir. Məhz bu cür vəziyyət hətta hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyi mümkün edir. Təbii ki, əgər bu, kriminal aləmin maraqlarına cavab verirsə...

publika.az


Müəllif:

Oxşar xəbərlər