19 Dekabr 2014 14:11
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən yaxşı tələffüz” uğrunda mübarizə

Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına Muzey-Lektoriyasında “Ən yaxşı tələffüz” uğrunda müsabiqə keçirildi. Hər il keçirilən ənənəvi müsabiqə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə baş tutdu.

Teleqraf.com-a ADU-dan daxil olan məlumata görə, ingilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə keçirilən yarışmada Pedaqoji (ingilis dili-alman dili) fakültənin, o cümlədən “Sabah” və Esseks qruplarının II kurs tələbələri ingilis dilində tələffüz etmə bacarıqlarını nümayiş etdirdilər.

Bu ilin iyun ayında başlamış müsabiqənin birinci mərhələsində iştirak edən 50-yə yaxın tələbə arasından seçilmiş 14 tələbə “Ən yaxşı tələffüz” üzrə birincilik uğrunda mübarizə apardılar. Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, İngilis dilinin fonetikası kafedrasının müdiri, professor Fərman Zeynalov, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, Təlimdə innovasiyalar kafedrasının müdiri, dosent Aytən Bayramova və İngilis dilinin fonetikası kafedrasının baş müəllimi Ziya Neymətulinin iştirak etdiyi münsiflər heyəti müsabiqəyə qatılan tələbələrin dil bacarıqlarını 10 ballıq sistem üzrə qiymətləndirdi.

Tələffüz bacarığı yüksək qiymətləndirilən Pedaqoji (ingilis dili-alman dili) fakültənin 206 b qrup tələbəsi Günel Allahverdiyeva I yeri, həmin fakültənin 204 b qrup tələbəsi Turan Eyvazova, Esseks qrupunun tələbələri Cəmilə Çaladze və Səbinə Şərifova, “Sabah” qrupunun tələbəsi Gülçin Baharova II yeri, sözügedən fakültənin 204 b qrup tələbəsi Leyla Əsgərzadə və 211 b qrup tələbəsi Lalə Süleymanlı, eyni zamanda “Sabah” qrupunun tələbəsi Günel Rüstəmova isə III yeri tutdular.

I yeri tutan tələbə pul mükafatı və I dərəcəli diplom ilə, II və III yeri tutanlar isə II və III dərəcəli diplomlarla mükafatlandırıldılacaqlar. Digər iştirakçı tələbələr isə diqqətdən kənar qalmayaraq həvəsləndirici diplomlarla təltif olunacaqlar.

NİGAR


Müəllif:

Oxşar xəbərlər