2023 Formula 1 Azərbaycan yarışması aprelin 28-29-30 tarixlərində keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Formula 1 Azərbaycan Qran Prisinin mətbuat katibi Turab Teymurov jurnalistlərə açıqlamasında deyib.
"Formula 1 Azərbaycan Qran Prisinə tam sürətlə hazırlaşırıq. Hər il Bakı Şəhər Halqası olaraq qarşımızda belə məqsəd qoymuşuq ki, növbəti ilin yarışını daha gözəl keçirək. Bu il ilk dəfə mötəbər bir hadisə olacaq, mövsümün ilk sprint yarışı baş tutacaq. Bu o deməkdir ki, Azərbayana daha çox azarkeş kütləsi gələcək", - o deyib.
Turab Teymurov biletlərin satışından da danışıb: "Bilet satışı ilə bağlı böyük rekordlara imza atırıq. Bu il biletin satışa çıxarılmasının ilk həftəsində digər illərlə müqayisədə ikiqat bilet satıldı. İndiyə qədər 90 ölkədən biletlərimiz alınıb. Bu ölkələr sırasında İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İspaniya, bir çox Avropa ölkələri, eləcə də ABŞ, Böyük Britaniya yer alıb. Ən çox biletlər alınan ölkələrin sırasında isə Hollandiya, Böyük Britaniya və Türkiyədir.
Yarışla bağlı müqaviləyə gəlincə, hazırda danışıqlar davam edir. Məlumat olan kimi media və ölkə ictimayətinə ilə paylaşacağıq".
Turab Teymurov onu da deyib ki, bu il 10 mindən çox könüllü qeydiyyatdan keçib: "Təəssüf ki, yalnız 1500 könüllünü qeydiyyatdan keçirəcəyik".
Turab Teymurov Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı şəhərdə baralyeflərin quraşdırılması haqqında da məlumat verib: "Hazırlıqlar gedir, baralyeflər yarışa yaxın həftələrdə şəhərdə quraşdırılacaq. Hətta yolların bağlanması haqqında da məlumat veriləcək. Əyləncə proqramları ilə bağlı yeniliklərimiz də olacaq. Bizim əyləncə zonamız Dənizkənarı Milli Parkda yerləşəcək. Konsert proqramı ilə bağlı danışıqlar gedir, olub-olmayacağı haqda növbəti tədbirlərdə məlumat verəcəyik".