2 Fevral 2023 15:51
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonu “Tufandağ” Xizəksürmə Mərkəzində xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilir.

Teleqraf.com xəbər verir ki, 29 yanvar - 4 fevral 2023-cü il tarixlərini əhatə edən təlim FHN-in xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, habelə müasir texnika və avadanlıqlardan istifadə üzrə peşəkar vərdişlərinin gücləndirilməsi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.

Təlimə FHN-in müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər cəlb edilib.

Təlim nəzəri və praktiki hissədən ibarət olmaqla keçirilir.

Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilir.

Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilasedicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetirirlər.

Təlimdən sonra FHN-in xilasedicilərinə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, bu tədbir iki nazirlik arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən sayca altıncı təlimdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər