28 Mart 2023 09:23
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə məxsus sosial şəbəkə “TikTok”dan istifadəyə qadağa gətirən ciddi addımlar davam edir.

ABŞ-ın rəsmi orqanları hesab edir ki, “TikTok” Çin hökuməti tərəfindən amerikalı istifadəçilərin məlumatlarını toplamaq üçün istifadə oluna bilər. Müntəzəm olaraq irəli sürülən bu şübhələr təsdiqini tapmasa da, tətbiqin qadağan edilməsinə dair çağırışların arealı genişlənir.

Oxşar məhdudiyyətə İsveç Müdafiə Nazirliyi də qoşulub. Nazirlik əməkdaşlara xidməti cihazlarda “TikTok”dan istifadəni qadağan edib. Qərarın verilməsinə səbəb kimi proqramın istifadəçi məlumatlarını toplamaq imkanlarına malik olması və sonradan bu məlumatların Çin dövlət qurumlarının əlinə keçməsi göstərilir.

Ağ ev administrasiyası çıxış yolu kimi, “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.

Qeyd edək ki, indiyə qədər ABŞ, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Böyük Britaniya, Şotlandiyada, Yeni Zelandiyada, eləcə də Kanadada da “TikTok”a qarşı sərt addımlar atıb. Hökumət rəsmilərinə bu sosial şəbəkədən xidməti telefonlarında istifadəyə qadağa qoyulub.

Maraqlıdır, dövlətlərin bu qərarlarının əsası varmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Teleqraf.com-a bildirib ki, bir sıra Avropa ölkələrində dövlət sektorunda “TikTok”un məhdudlaşdırılması ilə bağlı ciddi müzakirələr gedir:

“Son dövrlərdə bir sıra Avropa ölkələrində dövlət sektorunda çalışanlara bu resursdan istifadə qadağan olunur. Hamısının da bir əsəslandırması var, Çinə məxsus olan bu şirkət istifadəçilərin məlumatlarını Çinə ötürür. Şirkətə təzyiqlər olunur ki, onların məlumat bazaları ABŞ-da yerləşsin. Burada diqqət çəkən məqam o ölkənin vətəndaşlarına məxsus fərdi məlumatların üçüncü tərəfə ötürülməsi və sui-istifadə olunmasıdır”.

Azərbaycanda “TikTok”la bağlı situasiya necədir?

Ekspert xatırladıb ki, 44 günlük Vətən Müharibəsində hökumət “TikTok”u müvəqqəti olaraq məhdudlaşdırdı: “Həmin dönəmdə Azərbaycanda “TikTok”un bağlanması doğru qərar idi. Bu, dezinformasiyanın yayılmasının qarşısını almaq məqsədilə atılmış bir addım idi. Amma sonradan hökumət tərəfindən bu resursa qoyulan məhdudiyyət aradan qaldırıldı.

Azərbaycan qanunvericiliyi uşaqlar və yeniyetmələr üçün “TikTok”un ölkə ərazisində müəyyən qədər məhdudulaşdırmasını tələb edir. Yəni uşaqların təhlükəli, zərərli informasiyalardan qorunması ilə bağlı qanun var. “TikTok”da elə informasiyalar var ki, uşaqlarda və yeniyetmələrdə müəyyən təhdidlər yaradır.

İndiki halda bu platformanın bütövlükdə Azərbaycanda məhdudlaşdırılması məqbul hesab oluna bilməz. Aydın məsələdir ki, bu ödənişsiz resursdan əsasən gənclər, biznes və cəmiyyətin müxtəlif sahələri bəhrələnir və fayda götürə bilirlər. Məsələn, gənclərin bir çoxu reklam xərcləri olmadan bu platformada özünü təsdiq edir və pul qazanır. Əldə olunan gəlirdən təhsil, səhiyyə və digər xidmətlər əldə edir.

Hesab edirəm ki, “ TikTok” uşaqlar və yeniyetmələr üçün məhdudlaşdırılmalıdır, amma bu platformanın digər sahələrə faydalı tərəfləri qabardılmalıdır”.

İstifadəçi məlumatlarının ötürülməsi ilə bağlı digər sosial şəbəkələrdə vəziyyət necədir?

Osman Gündüz deyir ki, bütün sosial şəbəkələrə qarşı məlum iddialar və risklər var: “Azərbaycanın aidiyyəti dövlət qurumları bunun fərqində olmalıdır. İnformasiya sahəsində təhülkəsizliyə cavabdeh qurumlar var. Yəni həm Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti aktiv istifadə olunan bütün sosial media ilə işbirliyi qurulmalıdır. Onlar “Youtube”, “Facebook”, “İnstagram”, “Tvitter”, “Google”, o cümlədən “TikTok”la əməkdaşlıq etməlidir. Bu sosial şəbəkələrin nümayəndəliyi, ofisləri Azərbaycanda da açılmalıdır və ölkə miqyasında vergi ödəyicisinə çevrilməlidir.

Bu platformaları ölkəyə dəvət edib onların məlumat bazalarını, serverlərini Azərbaycanda qurmağa maraq yaratmaq lazımdır. Hesab edirəm ki, bu cür münasibətin sərgilənməsi daha doğru olardı, nəinki baltanı kökündən vurmaq. Əslində bunun faydası da yoxdur. İndi texnologiya elə inkişaf edib ki, bu cür məhdudlaşmalar müvəqqəti olur və hansısa yollarla hamı ondan istifadə edir. Biz bunu təcrübədə görmüşük. Aidiyyəti dövlət qurumları əməkdaşlıq xətti götürməlidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Yeganə Oqtayqızı