“Təxminən iki yüz il bundan əvvəl Rusiya imperiyasının maraqlarına uyğun olaraq Cənubi Qafqazda, tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər ötən iki əsr ərzində yerli sakinlərə - azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, kütləvi deportasiyalar, qətliamlar həyata keçirmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş amansız soyqırımı Azərbaycan tarixinin acı həqiqətlərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli hökumət tərəfindən tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi edilmişdir. Xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, tariximizə “31 Mart soyqırımı” kimi daxil olmuş bu faciənin araşdırılması və həqiqətlərin qlobal miqyasda dünyaya yayılması işinə başlanılmışdır. 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli soyqırımı hadisələrinə müvafiq siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat etmiş oldu”.
Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib: “1918-ci il hadisələri Azərbaycan xalqının başına gətirilən dəhşətli müsibətlərdən biridir. Tarixi dəlil və faktlar inkarolunmaz şəkildə göstərir ki, 1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlayıblar. 1918-ci ilin mart ayında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanmış Bakı Kommunası daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə başladı. Həmin günlərdə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilmiş, diri-diri yandırılmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması lazımdır. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda 500-dək insan kəlləsi tapılıb. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.”
Kamaləddin Qafarov sonda deyib: “Azərbaycan xalqı tarix boyu başına gətirilən bütün faciələrə, üzləşdiyi çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini hər zaman qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi. Xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının işığında öz gələcəyini quran Azərbaycan dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan və cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq, Azərbaycan 30 illik işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz artıq uzun illər boyunca bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər bütün şəhidlərimizin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq.”