30 Dekabr 2014 14:26
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik” adlı növbəti tədbirini Sumqayıt şəhərində keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, onun milli adət və ənənələrinin inanc dəyərlərinin müstəsna xidmətləri var: “Milli kimliyi meydana gətirən amillər milli mədəniyyət olduğuna görə buraya daxil olan xüsusların və dəyərlərin hamısı kimliyimizi müəyyən edən ünsürlərdir. Bunların ən önəmliləri dil, din, Vətən, bayraq, tarix, sənət, ədəbiyyat, fəlsəfə, dövlət ənənə və adətlərdir”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi günü gəlir: “Azərbaycan xalqı hər zaman öz adət-ənənələrini qoruyub saxlayıb və bayram günlərində birliyini, həmrəyliyini nümayiş etdirib. Amma tarix boyu bu birliyə zərbə vurmağa, nifaq salmağa çalışanlar olub. Təəssüflər olsun ki, bu gün Yaxın Şərqdə baş verən hadisələri Azərbaycanda təkrarlamağa cəhd göstərənlər var. Lakin biz xalq, cəmiyyət olaraq buna qarşı mübarizə aparmalı və dövlətçiliyimizin zədələnməsinə imkan verməməliyik”.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti ictimai siyasi şöbənin müdiri Seyfəddin Rəhimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Sumqayıt regional şöbəsinin müdiri Azər Abbasov, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədr müavini Xanım Qasımova və digərləri mövzu ilə əlaqədar fikirlərini bildiriblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər