Azərbaycanda uşaq dünyaya gətirmək də, onu böyütmək də baha başa gəlir.
Bütün sahələrdə özünü göstərən son qiymət artımları özəl sektorun tibbi xidmətlərində xüsusi müşahidə olunur.
Sosial mediada ana olmuş qadınlar arasında gedən müzakirələrdə özəl xəstəxanalarda təbii doğuş və keysəriyyə qiymətləri xeyli marağa səbəb olub.
Teleqraf.com qiymətlərin dəqiqliyini yoxlamaq üçün paytaxta fəaliyyət göstərən həmin özəl xəstəxanalarla əlaqə saxlayıb.
“Baku Medical Plaza”da təbii doğuş və keysəriyyə qiymətlərində həkimin kimliyi əsas rol oynayır. Hər bir həkimin öz qiyməti var. Qiyməti individual olaraq pasientin seçdiyi həkim müəyyən edə bilər.
“İnternational Medical Centre”də də qiymətlər xəstənin vəziyyətinə və seçdiyi həkimə görə dəyişir. Keysəriyyə əməliyyatında da oxşar qiymət proseduru tətbiq olunur.
“Caspian International Hospital”da qiymətləri həkim özü müəyyən edir. Müəssisədən əldə etdiyimiz məlumata görə, keysəriyyə 1 000 manatdan aşağı deyil.
“German Hospital” da, “Oksigen Klinikası” da qiymətlər eyni sistem üzrə müəyyən olunur.
Göründüyü kimi, özəl klinikalar doğuş paketi haqqında məlumat açıqlamaqdan boyun qaçırıb.
Gənc anaların paylaşdığı məlumatlara inansaq, özəl klinikalarda təbii doğuş və keysəriyyə qiymətlərini təqdim edirik:
“Baku Medical Plaza”: təbii doğuş 1200 AZN, keysəriyyə 1400 AZN.
“İnternational Medical Centre”: təbii doğuş 750 AZN, keysəriyyə 1050 AZN.
“Caspian International Hospital”: təbii doğuş 1000 AZN, keysəriyyə 1200 AZN.
“German Hospital”: təbii doğuş 900 AZN, keysəriyyə 1200 AZN.
“Oksigen Klinikası”: təbii doğuş 1000 AZN, keysəriyyə 1300 AZN.
“Liv Bona Dea Hospital”: təbii doğuş 1800 AZN, keysəriyyə 2500-3000 AZN.
Digər özəl xəstəxanalarla müqayisədə “Liv Bona Dea Hospital”da doğuş qiymətləri fantastik yüksək göstərilir.
Bunun səbəbini öyrənmək üçün hospitalla əlaqə saxladıq. Müəssisədən bildirildi ki, keysəriyyə əməliyyatı üçün qiymət göstərildiyi kimi 2500-3000 AZN yox, 1950 manatdır. Qiymət paketdə qeyd edilən xidmətlərin qarşılığında müəyyənləşir.
Detallı məlumatları təqdim edilən cədvəldən görmək olar:
Məlumat üçün qeyd edək ki, özəl xəstəxanalarda tibbi yardıma görə ödəniş “Özəl tibb fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsi ilə tənzimlənir.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Maraqlıdır, məsələ qanunla tənzimlənsə də, klinikaların fantastik qiymət cədvəlinə nəzarət olmalıdırmı?
Professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında qiymətlə bağlı məsələyə münasibət bildirmək istəməsə də, qeyd edib ki, özəl tibb müəssisələri tibbi təyinatlı kommersiya müəssisələrdir.
O bildirib ki, özəl xəstəxanalarda tibbi fəaliyyət ödənişli həyata keçirilir: “Hər bir özəl xəstəxana həmin ödənişləri özü müəyyən edir. Təbii ki, burada bazar rəqabəti də əsas rol oynayır. Ayrı-ayrı xəstəxana seçimi də pasiyentlərin ixtiyarındadır”.
Professor deyir ki, daha imkanlı, daha yaxşı, daha müasir avadanlıqlarla təchiz olunan xəstəxanalarda qiymətlər nisbətən yüksəkdir: “Burada çalışan həkimlərin əksəriyyətinin kvalifikasiyası da yüksək olur. Yəni onların müvafiq standartlara uyğun bacarıqlara malik olması sertifikat və ya diplom vasitəsi ilə rəsmi şəkildə təsdiq edilir. Bu baxımdan qiymətlər fərqli ola bilər. Bu, tam təbiidir. Ümumiyyətlə, bu məsələləri bazar iqtisadiyyatı tənzimləməlidir. Dünyanın hər yerində belədir. Müxtəlif xəstəxanaların kvalifikasiyasından, təchizat səviyyəsindən və statusundan asılı olaraq qiymətlər fərqli olur”.