30 Dekabr 2014 18:06
2 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə sayılı günlər qalıb. Paytaxtın müxtəlif yerlərində yolkalar, oyuncaqlar, bər-bəzəklər artıq satışdadır. Buna baxmayaraq, Bakıda bayram ab-havası tam hiss olunmur desək, yanılmarıq. Ötən illər bayrama bir ay qalmış mağazalar, küçələr bəzədilmişdi. Bu il hazırlıq bir qədər gecikib.

Yeni ilə cəmi bir neçə gün qalmasına baxmayaraq, şəhərdə Şaxta baba və Qar qıza nadir hallarda və seyrək-seyrək rast gəlinir.

Artıq anlaşıldı ki, paytaxtın yeni ilə necə hazırlaşdığını müşahidə etmək, bayram atributlarının satıldığı yerlərə baş çəkmək, insanların Yeni il əhvali-ruhiyyəsini öyrənmək üçün gəzintiyə çıxmışıq.

Mağazalarda bolluqdur. Müxtəlif rəngli və ölçülü bəzəkləri, yolka ağaclarını, Şaxta baba və Qar qız fiqurlarını, rəngbərəng oyuncaqları istənilən formada və qiymətdə tapmaq olar. Əsasən, Çin, Türkiyə, Rusiyadan gətirilən oyuncaq və yeni il yolkalarının qiymətləri isə satış məntəqələrindən asılı olaraq dəyişir.

Yolka bazarı

İlk baş çəkdiyimiz məkan "Ağ çiçəyim" mağazalar şəbəkəsi oldu. Burada yolkaların qiyməti 500-2300 manat arasında dəyişir. Yolkaların üzərində oyuncaqlar qurulub verilsə, bu, əlavə 150 manat deməkdir. Mağazadakı Şaxta baba fiqurlarının qiyməti 40-350 manat arasıdır.

Bahalı Şaxta babaların hündürlüyü 3 metrdir, hətta mahnı da oxuyurlar... Kiçik oyuncaqlar isə 7 manatadır. Təbii ki, yolkanı bəzəmək üçün mütləq zər lazımdır. Zərlərin qiyməti 2 manatdan, zınqırovlar 4 manatdan başlayır. Yolka işıqları 9 manata, ulduzların ucuzu 6 manatadır.

Mərkəzi Bankın yaxınlığında yerləşən daha bir yeni il atributları satılan mağazaya baş çəkdik. Buradakı qiymətlər digər mağazaya nisbətən daha ucuzdur.

Satıcı Əlinin sözlərinə görə, bəzək əşyaları və suvenirlər yaxşı satılır: "Alıcılar daha çox bu fiqurlara üstünlük verirlər. Bizdə Şaxta babaların qiyməti 15 manatdan başlayıb, 60 manata qədər davam edir. Bazarlarda yolkaların ən ucuzu 6 manata təklif edilir. Amma buna yolka demək olarsa... Bizdə böyük, bahalı yolka 560 manatdır. Yolka üçün zərlər 2 manatdan, oyuncaqlar və yolka işıqları 5 manatdan başlayır. Dörd oyuncaqdan ibarət dəst 10 manatdır".

Oyuncaqlar bahadır

Mağazaya həyat yoldaşı ilə ucuz yolka və oyuncaq almağa gələn xanım diqqətimizi çəkdi. Əsmər xanım nəvəsinin israrı ilə mağazaya gəldiklərini bildirdi və qiymətlərdən şikayətlədi: "Yeni il oyuncaqları çox bahadır. Biz yaşlı adamlarıq, yolka nəyimizə gərəkdir... Buraya nəvəm yolka və oyuncaq istədiyi üçün gəlmişik. Neçə mağaza gəzmişik, bahalıqdır. 80 manata yolka var, onu alacam. Onda da oyuncaqları almağa pulumuz qalmayacaq. Ona görə oyuncaq almıram, yolkanı elə zərlərlə bəzəyəcəyik. Heyif deyildi bizim vaxtdakı oyuncaqlar..."

Daha sonra paytaxtın mərkəzinə -Nizami küçəsinə baş çəkdik. Burada nəhayət, canlı Şaxta baba və Qar qızı görmək mümkün oldu.

Onlara yaxınlaşıb nə vaxtdan meydana çıxdıqlarını soruşduq: "Dekabrın 25-dən buradayıq. Bakı Şəhər İcra Hakimiyyətindən dekabrın 20-dən fəaliyyət göstərə biləcəyimizi desələr də, lisenziya məsələsi gecikdi. Əgər şəxsi fotoaparatınız varsa, Şaxta baba ilə şəkil çəkdirmək 1 manatdır. Şəkli bizim fotoqraf çəksə, 3 manat ödəyəcəksiz. Şaxta babaya maraq böyükdür. Uşaqlar Şaxta baba ilə şəkil çəkdirməyi çox istəyirlər. Amma sevgililər, təzə ailə quran cavanlar, gənclər, tələbələr də yanımızdan şəkil çəkdirmədən ötüşmürlər. Çoxu da "Feysbuk" üçün şəkil çəkdirir. Hər il olduğu kimi, bu il də işlərimiz yaxşıdır".

Bəzəkli və bəzəksiz

8-ci mikrorayon ərazisində yerləşən mağazalarda qiymətlər mərkəzdən daha ucuzdur. Burada irili-xırdalı istənilən hədiyyə, Yeni il atributları tapmaq olar. Bəzək əşyalarından, balaca Şaxta baba və yolkalardan tutmuş, iki-üç metrlik yolka və ayı oyuncağı var. Ən ucuz yolkanın qiyməti 30 manatdır. Ümumi qiymətlər isə 30-300 manat arası dəyişir. Təxminən 2 metrlik yolkanın üzərində isə belə yazılıb: bəzəkli 150, bəzəksiz 90 manat.

Mağazada daha çox diqqətimizi adam böyüklükdə Şaxta baba çəkdi. Batareya ilə işləyən Şaxta babanın əlində mikrofonu da var, qarşısında dayanıb onunla danışana cavab verir. Qiymət 250 manatdır.


Şokolad konfetlər

Satıcı Murad deyir ki, bu il yolkaların bahalığının səbəbi onların forması və istehsal olunduğu ölkə ilə bağlıdır: "Təbii ki, Çin istehsalı olan yolkalar və oyuncaqlar digərlərinə nisbətən ucuz və keyfiyyətsiz olur. Yolkaların yanında yerləşən Qar adamının qiyməti 250 manatdır. Amma keçən ilə nisbətən hələlik alıcılarımız çox azdır".

Alıcı Əminə bizimlə söhbətdə bildirdi ki, neçə ildir Yeni il bəzəkləri almır: "Əvvəllər hər il oyuncaq alırdıq. Amma uşaq böyüdükdən sonra oyuncaqları qırır deyə daha almıram. Üç ilə yaxındır yolkadan oyuncaq yerinə şokolad konfetləri asırıq. Bu, uşaq üçün həm oyuncaqdan maraqlıdır, həm də gözəl görünür. Zərləri isə 1 manat 10 qəpiyə almışam. Oyuncaqların qiymətini heç soruşmadım..."

Yeni il aksessuarlarının qiymətindəki fərqlər onların şəhərin hansı hissəsində satılması ilə də əlaqədardır. Məsələn, 2-3 metr hündürlüyündə yolkalar şəhərin mərkəzindəki mağazalarda təxminən 200-300 manatdırsa, şəhərdən kənardakı ticarət obyektlərində onu cəmi 90-120 manata almaq mümkündür.


Mağazalarda müşahidələrimiz zamanı partlayıcı maddələrə, fişənglərə rast gəlmədik. Səbəbini satıcılardan soruşduqda, onlar bildirdi ki, belə maddələrin satışına icazə verilmir: "Hələlik satılmır. Amma deyirlər, bu maddələrin satışına yalnız bayrama bir neçə gün qalmış icazə veriləcək".

Məhsullar hansı rayondandır?

Daha sonra "Gənclik" metrosu yaxınlığındakı kənd təsərrüfatı yarmarkasına baş çəkdik. Bəzək əşyalarının olduğu mağazalardan fərqli olaraq burada bayram əhval-ruhiyyəsi daha yaxşı hiss olunurdu. Yarmarkada bayram süfrəsi üçün nə istəsəniz, tapmaq mümkündür.

Burada alıcılara əsasən rayonlardan gətirilmiş təzə məhsullar təklif edilir. Çeşidlər müxtəlifdir.
3 ildir yarmarkaya Astara rayonundan məhsul gətirib satan Anar Quliyev deyir ki, insanlar yarmarkaya məhsulların regionlardan gətirildiyinə görə gəlirlər: "Qiymətlər bazar qiymətindən ən azı 10 qəpik aşağıdır. Amma alıcıların sayı son iki gündə çoxalıb. Alıcılar da ilk olaraq məhsulların hansı rayondan gəldiyini soruşurlar. Daha çox yumurta, pendir, keçi südü alırlar".

Müxtəlif bazarlarda satıcı işlədiyini deyən Mərdalı Alıyev deyir ki, ödəniş olmadığı üçün bu yarmarkada alver edir: "Vətəndaşlar buraya daha çox mer-meyvə, tərəvəz almağa gəlirlər. Bayram bazarlığına gələnlər də az deyil. İsmayıllıdan gətirilən pendir 3-4 manat, şor 1 manat 50 qəpik, kənd yumurtası 20 qəpikdir".

Aslan Məsməliyev adlı alıcı kənd məhsulların qiymətindən və keyfiyyətindən razıdır: "Mən tez-tez bazarlıq edirəm. Yarmarkada rayonlardan gətirilib satılan qiymətlərdən razıyam. Çünki kəndli satırsa, malı daha ucuz verir".

Alıcı Nigar xala isə qiymətlərdən narazıdır: "Evə bazarlığı özüm edirəm. Tanışlarım deyir ki, bazara getmə, yarmarkaya get, orada məhsullar ucuz olur. Mən də gəldim bura, amma o qədər də ucuz deyil, əksinə, bayramqabağı olduğu üçün qiymətlərin artıb. Yarmarka açılmayıb ki, qiyməti artırsınlar. Əksinə, qiymət ucuzlaşmalıdır ki, camaat ala bilsin".

İlhamə Əbülfət

FOTO: Ruslan Allahverdiyev


Müəllif:

Oxşar xəbərlər