Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının binasında “İnzibati binalarda baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasediciləri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.
Təlim başa çatdıqdan sonra bölmələrin “yanğının söndürülməsi” və “insanların təxliyəsi” zamanı fəaliyyətləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə 9 ədəd texnika və 60 nəfərdən çox şəxsi heyət üzvü cəlb olunub.