27 Aprel 2023 13:17
272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Həmçinin, yarışın “Heydər Əliyev İli”nə həsr olunduğu qeyd edilərək Ümummilli Liderin müstəqilliyimizin qazanılması və qorunub saxlanılmasındakı tarixi rolundan danışılıb, sonsuz məhəbbətlə sevdiyi Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açılıb. Ulu Öndərin titanik fəaliyyətindən bəhs edən natiqlər qeyd ediblər ki, dahi rəhbərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atıb, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyub.

Sonra yarışa start verilib. Yarışda Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Mingəçevir şəhər İsmət Qayıbov adına 10 nömrəli tam orta məktəbin komandası I yerə, Naftalan şəhər Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası II yerə, Yevlax rayon Nizami adına 7 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Yarışda fərqlənmiş komandalar müvafiq yerlər üzrə kubok və diplomlarla təltif olunub.

Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər