"Qonşusu ackən tox yatan bizdən deyil". Peyğəmbərimizin bu sözü indiki zamanda bir çox insanlar üçün öz əhəmiyyətini itirib. Hərə özünü düşünür, yaxasını kənara çəkib qapısından kənarda nə baş verdiyi ilə maraqlanmır. Bəziləri də “başqasına nə olur-olsun, bircə mənə xətər dəyməsin” düşüncəsi ilə yaşayır.
Əvvəllər qonşuluq daha çox əhəmiyyət kəsb edirdi. Bu, bir sıra atalar sözlərində də özünü büruzə verir. "Qonşu qonşunun külünə möhtacdır", "Ev alma, qonşu al" ifadələri də buna nümunədir. İnsani dəyərlərin yüksək olduğu, hər kəsin biri-birinə hörmətlə yanaşdığı vaxtlarda bu yaxınlıq özünü fərqli göstərirdi. Evdə nəsə çatmırdısa, qonşu qapısını döyməklə problemi həll etmək olurdu. Yaxşı qonşusu olan kəs elə bil xəzinə sahibi sayılırdı.
Bu günün insanında biri-birinə qarşı səbəbi bilinməyən aqressiya duyulur. Bəzən salamlaşmaq belə ağır yükə çevrilir.
Əvvəllər qonşunun köməyinə elə qonşusu gələrdi. Hansısa evdə bədbəxt hadisə baş verərdisə, qonşular tezliklə toplaşar, əlindən gələni etməyə çalışardılar. Analoji vəziyyət şad gündə də olardı, qonşular hər işdə yardım edər, heç kəs əlindən gələni əsirgəməzdi.
Son zamanlar isə qonşular arasında olan dava bəzən cinayətə gətirib çıxarır. Səbəbini araşdıranda isə çox xırda şeylər ortaya çıxır. Evdə bir az səs olan kimi dava salan, hətta polisə belə şikayət eləyən insanların sayı çoxalıb, çünki qonşunu biri-birinə bağlayan tellər qırılıb, divarın o tayında kimin yaşadığından belə bixəbərik.
Bu yaxınlarda evə qonaqlar gəldiyi üçün bir qədər səs-küy oldu. Səhəri gün qonşunun aqressiv şəkildə şikayəti ilə üzləşdim. Nəyi var, ürəyini boşaltdı. Nə isə, xoşagəlməz olsa da, dərinə getmədim, mehribanlıqla problemi həll etdik. Qonşuda səs olanda heç vaxt bir söz deməmişəm, insanıq, olan şeydir deyib keçmişəm.
İslam dinində qonşu haqqı deyilən anlayış var. Qonşumuz yaxşı olarsa yaxşı, pis olarsa pis olmalı deyilik, hər zaman yaxşı tərəfdən eyni münasibəti göstərməliyik. Qonşuya zərər verməli deyil, ondan gələn çətinliyi dözüm və səbirlə dəf etməliyik.
Yaxşı qonşu bir nemətdir. Belə mehriban qonşuluğu yaşadan, hər dərdə şərik olanlar hələ də az deyil. Yaxşılardan olmağa çalışaq.