6 noyabr 1952-ci ildə Türkiyənin Qars şəhərində “Ayhavar” adında satirik qəzet işıq üzü görüb. Azərbaycan ağzı ilə “İmdad”, “Yetişin!” anlamında işlənən bu adda qəzetin sahibi və müdiri Cengiz Ekinci idi.
Azərbaycan türkü olan Cengiz Ekinci 1919-cu ildə Gümrü şəhərində doğulub. Erməni zülmünə məruz qalan ailəsi o, 40 günlük körpə ikən şəhəri tərk edərək Qarsa yerləşib. Atası Əsəd bəy ailəsini xilas edə bilsə də, əmisi Süleyman bəy sərhədin digər tərəfində qalıb. Əsəd bəy əvvəlcə sərhədə yaxın olan Akyaka kəndinə bağlı Şahanlar məzrasına yerləşib. Bir neçə il sonra Sarıqamışa, ardınca Qarsın mərkəzinə köçüblər. Cengizin Məhəmməd və İsmayıl adlı qardaşları da olub.
C.Ekinci Ankara Hüquq Fakültəsini bitirib, 1949-cu ilin sonunda ailəsi ilə birgə Iğdıra gedib, orada vəkil olaraq işə başlayıb. Vəkillik fəaliyyəti ilə yanaşı jurnalistikaya meyil edən Cengiz bəy Cümhuriyyət Türkiyəsində Iğdırda ilk qəzet çıxaran şəxsdir. 28 sentyabr 1950-ci ildə işıq üzü görən “Iğdır” adlı qəzetin arxivlərdə cəmi bir sayı (32-ci say, 15 yanvar 1951, Turgut Sungar arxivi) qalıb. Cengiz bəydən öncə 1921-ci ildə Doktor Derviş Kuntman Iğdırda həftəlik dərc olunan “Aras” dərgisini nəşr edib. Amma 1923-cü ildən sonrakı ilk qəzet nəşri Cengiz bəyin adı ilə bağlıdır.
Cengiz bəy Qarsdan tanış olduğu, daha sonra Ankarada yenidən münasibət qurduğu Vuslat xanımla evlənib. 1951-ci ildə onlar Qarsa gəliblər. Cengiz bəy “Cumhuriyet” qəzetinin köhnə bir mətbəəsini satın alaraq 11 oktyabr 1951-ci ildən etibarən Qarsda “Ekinci” qəzetini çıxarıb. Qəzet 1979-cu ilədək davam edib.
Qarsda ixtisası ilə bağlı çalışmayan Cengiz bəyin bu dövrdəki həyatı ilə bağlı xanımı bunları bölüşüb: “Bütün enerjisini, gücünü qəzetə vermişdi. Pedallı bir sistem istifadə etdikləri üçün işləri çox çətin idi. Mürəttiblər hər şeyi tək-tək düzmək məcburiyyətində idilər. Daha sonra aşağı mərtəbəyə enilirdi, ayaqla mexanik olaraq çalışan mətbəədə basılırdı. Belə günlərdə Cengiz ah çəkib “Ah! Qutenberq gəlsə, öz mətbəəsini həmən tanıyacaq!” deyərdi. “Ayhavar” qəzeti böyük rəğbət görürdü, çıxdığı gün mətbəənin önündə uzun növbə olardı”.
Cengiz bəy Qarsda qısa müddət davam edən (1952-1953) “Serhat” adlı qəzet də nəşr edib. Vüslat xanımın şahidliyindən aydın olur ki, Cengiz bəy özü kimi yenə Azərbaycan əsilli Cengiz Askeran ailəsi ilə yaxın münasibətdə olublar. Daha sonra siyasətə qoşulan Cengiz bəy 1965-ci ildə Qarsdan millət vəkili seçilib. 1969-cu ildə isə Süleyman Dəmirəlin Ədalət Partiyasından Ordu millət vəkili olub. 1973-cü ildə yenə eyni partiyadan İzmirdən namizəd olsa da, seçilə bilməyib. Ona görə də partiyanın hüquq müşaviri olub və təşkilati işlərində çalışıb. Cengiz bəy 13 dekabr 1999-cu ildə 80 yaşında boğazında yaranan şiş nəticəsində vəfat edib.
“Ayhavar” qəzeti
Cengiz bəyin bu gün də xatırlanan ən önəmli mətbu fəaliyyəti “Ayhavar” qəzetidir. 6 noyabr 1952-ci ildən 4 dekabr 1955-ci ilə qədər davam edən qəzetin 46 sayı işıq üzü görüb. Qəzetin sayılarına nəzər yetirdiyimizdə Cengiz bəyin “Molla Nəsrəddin” jurnalından xəbərdar olduğuna və ya onun yazarlarının əsərlərinə aşinalığına əmin oluruk. Qəzetin adına və qəzetdəki Azərbaycan ağzı ilə yazılan həcvlərin mətninə baxdığımız zaman da bunu görürük. Qəzetin ilk sayında bu nəşrin nə üçün çıxdığı da bu şəkildə açıqlanıb: ““Ayhavar” nə üçün çıxır? İstisnasız hər kəs və hər şeyi (sən də daxil) sarımaq üçün… Məqsədimiz zəhlənizi tökməkdir”.
Təbii olaraq qəzetin əsas tənqid hədəfi siyasilərdi. Qarsın valisi Hilmi Dağcıoğlu və bələdiyyə sədri Navruz Gündoğdu əsas hədəf idilər. Cengiz bəy “Ekincioğlu” imzası ilə onlara həcviyyələr yazırdı.
Qəzetdə Sabirin bir neçə şeiri çap olunub, həmçinin onun əsərlərinə nəzirə yazılıb. Qəzetin 10-cu sayında (8 yanvar 1953) Ekincioğlu imzası ilə “Nə sanırsan?” adlı şeir dərc olunub ki, Sabirin “Fəhlə…” şeirini xatırlatır.
Qəzetin 12-ci (12 fevral 1953) və 19-cu (2 aprel 1953) sayılarında “Hophopnamə”dən şeirlər verilib. 17-ci sayında (19 mart 1953) isə Sabir Tahirzadənin “Get arvad al” şeiri işıq üzü görüb. 21-ci sayda (16 aprel 1953) “Qorxmuram” şeirinə nəzirə olaraq “Ekinci” imzası ilə “Susmuram” şeiri təqdim olunub.
“Ayhavar”ın dövlət məmurlarını özünün dili ilə desək sarıması qəzəbə tuş gəlirdi. Buna görə də Cengiz bəy qəzeti qapatmaq istəyənlər üçün 24-cü sayda (16 iyul 1953) Sabirin “Ay can, ay can” şeirini verib, onu böyük türk şairi adlandırıb. Qəzetin bu sayında giriş yazıda qapadılma ilə bağlı bildirilib: “… Qapatmağa çalışanların başlarına and olsun ki, QAPANMAYACAQDIR. Bununla yanaşı daha bədbin düşünək, fərz edək ki, qapandı. Fəqət “Ayhavar”ı qapatmağa müvəffəq (!) olanlar unutmasınlar ki, ertəsi gün “Ayharay” ismi ilə qarşılarına dikiləcək və xalqımızı aldatmalarına yenə imkan verməyəcəyik”. Bu cümlələr 1907-ci ildə Ömər Faiq Nemanzadənin “İrşad” qəzetində yazdığı fikirləri xatırlatır: “Biçarələr elə güman edirlər ki, “Molla Nəsrəddin” bağlanmaqla onların eyibləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az maarifimizlə də olsa, içimizdə bir çox Molla Nəsrəddinlər var. Bu gün “Molla Nəsrəddin” batar, sabah “Molla Xeyrəddin” çıxar”.
“Ayhavar”ın 42-ci sayında (13 mart 1955) “Görmədim” adlı qəzəl dərc olunub. Aydın olur ki, Ekincinin Molla Pənaha vaqifliyi olub.
Xatirələrə görə, “Ayhavar”ın Amerika və Yaponiyada da abunəçiləri varmış, Qars poçtu kütləvi abunədən bezibmiş.
“Dıbızlaram” məhkəməsi
Ekinci “Ayhavar”da məmurları, eləcə də müxtəlif sənət sahiblərini sərt şəkildə tənqid edib, karikaturalar verib. Özünün də bir neçə karikaturası yer alıb. Uşaq vaxtı bir kor kişinin onu dizindən vurması nəticəsində bir ayağı axsaq qaldığı üçün Cengiz bəy buna da satira qoşaraq özünü “Cengizi-ləng” olaraq verib. Vəkil İsmayıl Alacanın özündən çox kiçik yaşlı qızla evlənməsini “Ayhavar” bu şəkildə təqdim edib: “Alaca ilə balaca evləndilər”.
Cengiz Ekincinin qəzetdə ən çox işlətdiyi ifadə “dıbızlaram”dır. Şəhər valisi bu sözə görə Ekincini məhkəməyə verib, lakin hakim “dıbızlaram” sözünün mənasını bilməyib. Məhkəmədən bezən Cengiz bəy hakimə yönələrək “məni hirsləndirməyin, sizi də dıbızlaram” deyib. Bu məhkəmə ilə bağlı da qəzetdə karikaturalar verilib.
Azərbaycan mahnıları
“Ayhavar”ın 23-cü sayında (9 iyul 1953) Azərbaycan kültür dərnəklərinə müraciət edilib. Bunun səbəbi Azərbaycan mahnılarının Qars və Iğdırda yaşayan, oxuyan aşıqların, müğənnilərin adı ilə verilməsidir. Məqalədə yazılıb: “Son bir neçə ildən bəri Ankara və İstanbul radiolarının “Məmləkət havaları musiqi nəşriyyatı”nda bəzi şərqi və türkülərə təsadüf edirik ki, hamısının başına “Qarsda filankəsdən, Ərdəhanda behmənkəsdən dərlənmişdir” deyə böyük bir yalan uydurulub millətə təqdim edilməkdədir. Şərqiləri dinləyirik: “Dinmə”yə “Ərdəhanın yolları”, “Qubanın ağ alması”na “Iğdırın ağ alması”, “Bu dağlarda maral gəzər”ə “Aman ovçu” isimləri qoyaraq oxuyurlar. Sayı bir neçə olan Azərbaycan kültür dərnəklərindən soruşaq: “Bu şərqilər təqdim edildiyi kimi qarslı filankəslə ığdırlı behmənkəsdən dərlənib, yoxsa Azərbaycandanmı gəlmədir? Çaykovskinin bir əsərini öz ismi ilə dinləyirik, bir Türk diyarının şərqisini o Türk diyarının adı ilə dinləməkdən qorxuruqmu? Necə talesiz bir millət imiş Azərbaycan türklüyü!... Vətəninin hürriyyət və istiqlalının Moskva istilaçıları tərəfindən oğurlanması az deyil, onun musiqisini də aşırıb qarslı filankəslə, ığdırlı filankəsə aid edirik. Yazıqlar olsun!...!”.
Şübhəsiz ki, Qarsın “Molla Nəsrəddin”i olaraq gördüyümüz “Ayhavar” qəzeti geniş təhlil edilməli, müqayisələr aparılmalıdır. Bu yazı ilə biz Azərbaycanda tanınmayan bir azərbaycanlının Türkiyədəki mətbu fəaliyyətinə toxunduq.
P.S. Məqalədə ığdırlı tədqiqatçı Mücahit Özden Hunun məqaləsindən istifadə olunub. Cengiz Ekincinin fotoşəkilləri Mehmet Özçelikə aiddir.