Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin ISO 37001 - “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatı yenilənib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuar xidmətindən bildirilib.
Qeyd edək ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis edilib və rüşvətə qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
ISO 37001 standartının tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən edilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiq edilməsi sahəsində üstünlüklər verir. Eyni zamanda, maraqlı tərəflərə qurumun rüşvət hallarının qarşısını almaq üçün müsbət addımlar atdığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı, həmçinin idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.
Sertifikat alan qurumun sözügedən sahədə fəaliyyəti ISO 37001 - “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğun olaraq, sertifikat verən “Denetik International Certification and Surveillance Services” şirkəti tərəfindən hər il audit olunur və çatışmazlıqlar aşkar edilmədikdə sertikat yenilənir.
Onu da qeyd edək ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nomrəli Sərancamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının 2.11-ci bəndini icra edərək, öz fəaliyyətində sözügedən standartı tətbiq edən ilk dövlət qurumlarındandır. Agentlik ISO 37001 - “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə ötən il 24 iyun tarixində layiq görülüb.