Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Elçin Tağıyev və Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin və ictimaiyyət nümayəndələrinin, rayon icra hakimiyyətlərinin əməkdaşlarının, şəhidlərin ailə üzvləri və yaxınlarının, döyüş yoldaşlarının, hərbi qulluqçular və kursantların, eləcə də digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə şəhidlərimizin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.