Ötən həftə Norveçdə keçirilən festival çərçivəsində Azərbaycan mədəniyyət gecəsi reallaşıb.
Teleqraf.com xəbər verir ki, "Can" diaspor təşkilatı tərəfindən Azərbaycanın İsveç və eyni zamanda, Norveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən tədbir “Roseslottet” mədəniyyət festivalı çərçivəsində həyata keçirilib.
Tədbirdə “Can” təşkilatının sədri Şervin Necefpur və ölkəmizin tanınmış siması, məşhur ifaçısı Nərmin Kərimbəyova ilə birgə Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi barədə ətraflı məlumat veriblər. Həmçinin, Nərmin Kərimbəyova tədbir boyunca iştirak edən qonaqlar Azərbaycanın musiqi tarixindən, milli musiqi janrlarından, dünya şörətli bəstəkarlarımızdan, o cümlədən Azərbaycan muğımdan bəhs edib. Xüsusilə də, tədbirin bədii hissəsində əvəzolunmaz səsə sahib olan Nərmin Kərimbəyova milli, eləcə də qazax və ingilis dillərində bir neçə mahnılar ifa edib. O cümlədən, mədəniyyət gecəsində tədbirdə iştirak edən rəsmilərə ölkəmizlə bağlı çoxsaylı kitablar təqdim olunub. Qeyd edək ki, Azərbaycanın ən böyük və ən məşhur şərab markalarından olan “Şirvan şərabları” (“Meysəri” olaraq da tanınır) və "AZGRANATA"nın sponsorluğu ilə tədbir iştirakçıları və qonaqlar üçün ən qədim və xüsusi üsullarla hazırlanmış şərablar servis edilib.
Azərbaycanın İsveç və eyni zamanda, Norveç üzrə səfiri Zaur Əhmədov dünyamızın hazırda üzləşdiyi çağırışların mədəniyyətlərarası dialoqun müxtəlif xalqları bir-birinə yaxınlaşdırmaq və onların qarşılıqlı anlaşmasını asanlaşdırmaq üçün nə qədər vacib olduğunu açıq şəkildə göstərdiyini bildirib. Skandinaviya ölkələri ilə Azərbaycan arasında dərin tarixi əlaqələrə inanan məşhur norveçli macəraçı və etnoqraf Tor Heyerdalın irəli sürdüyü nəzəriyyəni xatırladan diplomat deyib: "Norveçli alim Azərbaycanın Skandinaviya xalqlarının tarixindən əvvəlki dövrdə mühüm rol oynadığına inanıb. O əminliklə deyirdi ki, qədim zamanlarda şimal xalqları bizim bölgədən Skandinaviyaya köçüblər".
Z.Əhmədov festival iştirakçılarının, qonaqların, o cümlədən tədbirdə iştirak edən rəsmilərin diqqətinə çatdırıb ki, məhz bu nəzəriyyədən ilhamlanan isveçli kinorejissorlar hazırda bu mövzuda sənədli film üzərində işləyir. Azərbaycan ilə Skandinaviya ölkələri arasında mədəni əlaqələrin bu gün intensiv şəkildə inkişaf etdiyini bildirən səfir, ikili əlaqələrin əhəmiyyətini xüsusi ilə vurğulayıb.
“Roseslotet” muzeyinin direktoru Birgitte Espeland ölkəmizin festivalda iştirakını yüksək qiymətləndirib. O, festivalın özündə folklor, fərdilik və humanizmi birləşdirdiyini bildirib.