15 Avqust 2023 09:05
2 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Sevgidə ilahi bir güc var, o, bütün yaraları sağaldar...

- Mənim yaramı da?

- Bütün yaraları...

- Düzünü de, sən bir ayağı olmayan gənci sevə bilərdin?

- Mən iki ayağı, iki əli, iki gözü olmayan adamı da sevə bilərdim. O adamı ki əli, ayağı, gözü yoxdur, amma dünya boyda ürəyi var...

***

Nurəddin və Nuranə... Uşaqlıq illəri bir yerdə keçdi. Eyni məktəbin eyni sinfini, bəzən də bir partanı bölüşdülər. Son zəng günü səhnəyə əl-ələ çıxdılar. Heç biri əlini çəkmək istəmirdi, amma bayırda onları yeni yetkin həyat gözləyirdi.

Nuranə kollecə getdi, Nurəddin isə hərbçi olmaq arzusunun dalınca yollandı. Beləcə, istər- istəməz hərəsi öz yolunu seçməli oldu. Amma tale öz yolunu artıq salmışdı. Elə bir yol ki, enişiylə, yoxuşuyla əsl tale yolu idi...

***

Əzizli Nurəddin Qurbəddin oğlu 11 yanvar 2000-ci ildə İsmayıllıda anadan olub. Atası yol idarəsində qırçı, anası isə xəstəxanada sanitardı.

Şəhid Natiq Behdiyev adına məktəbdə təhsil alan Nurəddin ikinci sinifdən atasına kömək edir, Qurbəddin kişinin arabayla meyvə-tərəvəz daşıdığı bazarda o da kökə satırdı. Bununla kifayətlənməyib maşın sexində də usta köməkçisi işləyirdi. Kiçik Nurəddin səhər 6-da sexi açır, 9-da əynini dəyişib məktəbə gedirdi. Əziyyətli iş idi, əvvəl-əvvəl motor dırnaqlarını yandırırdı. Həm də hələ naşı olduğundan dəmiri döyəndə barmaqlarını zədələyirdi. Beləcə, dırnaqları birdəfəlik üzüldü, barmaqları dırnaqsızlığa alışdı.

Zəhmətkeş oğlan gecələr də boş dayanmır, maşınlara qarpız, yemiş vurur, çörək pulu qazanırdı. Mal qoyun nobatlarına getməyə də vaxt tapırdı, təki ailəyə köməyi dəysin.

Ürəyini verdiyi sənət isə idman idi. Sərbəst güləş, cüdo, sambo. Yarışlara gedir, medal, diplom qazanırdı. İdmana sevgisi əmisi oğlusu Ayazın əsgərlikdə qazandığı fəxri fərmanı gördükdən sonra yaranmışdı. Özlüyündə xəyal etmişdi ki, günlərin birində, əsgəri xidmətdə o da beləcə şanlı qələbə qazanıb ailəsinə başucalığı gətirəcək.

Hərbçi olmaq istəyirdi. Babası Birinci Qarabağ müharibəsi qazisiydi, onun doğmaca qardaşı isə şəhid olmuşdu. Nurəddin hərbçiliyin ona candan-qandan keçdiyini hiss edirdi. Anlayırdı ki, vaxtilə babalarının da keçdiyi yol yalnız qələbəylə başa vara bilər. O vaxta kimi isə savaşmaq lazımdır.

2018-ci ildə əsgəri xidmətə yola düşdü. Hərbi hissə İranla həmsərhəd rayonda yerləşirdi. O isə ermənilərlə sərhəd xəttində xidmət etmək istəyirdi. Ancaq boyunun balaca olması bu arzunun gerçəkləşməsinə mane olurdu. Düşmənlə həmsərhəd postlarda səngərlər çox hündür olduğundan boyu 1.65-dən aşağı olan əsgərlər götürülmürdü. Amma Nurəddin təslim olmaq fikrində deyildi.

Generallar zastavaya gələndə Nurəddin onlara üz tutdu, düşmənlə həmsərhəd rayonda xidmət etmək istədiyini bildirdi. Cəsarətli gəncin şəxsi işi incələndikdən, idmanda qazandığı qələbələr diqqətə alındıqdan sonra Qazaga, N saylı hərbi hissəyə göndərildi. Dostu Məmmədli Əşrəf də onunla birlikdə xidmət edəcəkdi.

Heyət bir ailə kimi idi. Dostluq və mehribanlıq hökm sürürdü. Əsgəri xidmətini başa vuranda Nurəddin həyatında, dünyasında nəyinsə çatışmadığını hiss edirdi. Hərbçilik onun qanında, ruhunda idi.

Dostu Əşrəflə qərara alırlar ki, hərb yoluyla gedəcəklər. Hər ikisinin əmri çıxdıqdan sonra Cəlillabada kurs keçməyə göndərilirlər.

Müharibə onlar zastavaya bölündükdən 10 gün sonra başlandı. Nurəddin cəbhəyə getmək üçün təkid etdi. Zastava rəisi “Yalnız əmr çıxdıqdan sonra cəbhəyə gedə bilərsən” dedi. Milli Ordunun tərkibində Nurəddinin ailəli qardaşı Nəsirəddin də döyüşürdü. O, artıq döyüşlərə qatılmışdı.

Digər qardaşı Əzizov Asim də əsgəri xidmətdəydi, Cəlillabada gəlib kurs keçdikdən sonra ikisi birlikdə (bir gün fərqlə) cəbhəyə yollandılar. Döyüş yolu başladı.

Minaya düşür…

Əmr gəldi ki, postlar qurulmalıdır; minalar çox olduğu üçün heyət hərəkət edə bilmir. Könüllü şəxslər ayrıldı. Nurəddin də onların arasındaydı. 8 nəfər beş gün təlim keçdi. Təlimdən sonra mina aktivliyini öyrənmək, zərərsizləşdirmək üçün sahələrə göndərildilər. Fevralın 26-sı, məşum Xocalı faciəsinin ildönümü günü Qubadlının Xanlıqaya yüksəkliyində minaya düşdülər.

Nurəddin 4 saat idi ki, ağrılar içində qıvrılırdı. Neytral zonada olduğundan onu dərhal ərazidən çıxarmaq müşkül idi.

İkinci faciə yaşanır…

O, minaya düşən vaxt ikinci faciə də yaşandı. Vaqif adlı əslən Ağdamdan olan döyüşçü dostunun minaya düşdüyünü görüb təlaşa qapıldı. Əlindəki minaaxtaranı yerə atıb Nurəddinə köməyə tələsəndə ikinci dəfə mina partladı. Vaqif də sol ayağını itirdi.

8-9 saatdan sonra xəstəxanaya çatdırıldılar. Qan qrupunu yoxlamaq vaxt apara bilərdi, Nurəddin zəif səslə:

- İki müsbət, iki müsbət, iki müsbət…- deyirdi.

Amma həyəcanlı atmosferdə səsi eşidilməz olmuşdu. Həmin an xatırladı ki, şəxsiyyət vəsiqəsinin olduğu portmanat sağ cibindədir. Son bir cəhdlə əlini cibinə apardı və portmanatı çıxarıb atdı. Həkimlər tez səsləndilər:

- Şəxsiyyət vəsiqəsi burdadır, iki müsbət, tez əməliyyata alın!

Həkim açıq danışır...

Bədənində yanıq xəsarətləri vardı, ayağının birini itirmişdi,o birisində də çoxlu sınıqlar vardı. Qan itkisi çox idi.

Əməliyyatdan sonra gözlərini açanda Vaqifi qonşu çarpayıda gördü. Sonra gecəyarısı halı pisləşdi, yenidən əməliyyata alındı.

Xəstəxanada dörd ay qaldı. Bu vaxt ərzində döyüş yoldaşları onu tək qoymur, tez-tez gəlib baş çəkirdilər. Baxmayaraq ki, yol getmək onlar üçün çətin idi, onlar da bədən üzvlərini itirmiş, müxtəlif xəsarətlər almışdılar.

Dörd aydan sonra Nurəddin rayona qayıtdı. İsmayıllı camaatı qəhrəmanını qürur və şadyanalıqla qarşıladı.

O ərəfədə psixoloji baxımdan sarsılmışdı. Ağrıları çox olurdu. Döyüş yoldaşları, qardaşları onun başınını qatmaq üçün internet oyunları alıb gətirirdilər.

Bir ayağında protez, bir ayağında “Yelizarov”… Dərd azmış kimi, Yelizarov iltihablandı, Nurəddini yenidən əməliyyata aldılar.

Sol ayağını da itirmək təhlükəsi vardı. Sonuncu dəfə yanında olduğu həkim onunla açıq danışdı:

- Mən əlimdən gələni edəcəyəm. Amma ayaqda qanqrena baş versə, onda heç nə etmək mümkün olmayacaq.

Keçirdiyi əməliyyatlar Nurəddinin işlə məşğul olmasına mane olmurdu. Daha doğrusu, Nurəddin çətinliyi gözardı edib müxtəlif işlərdə çalışırdı. Dükanda kassir işləyir, maşınları yuyurdu.

Onu həyata qaytaran mesaj

Bir müddətdən sonra yenidən əməliyyata ehtiyac yarandı. Bədən proqramı pozulduğundan Nurəddin həvəsdən düşmüşdü. Həm də əməliyyatdan sonrakı ruh düşgünlüyü özünü göstərirdi.

Ölüm haqqında tez tez düşünməyə başlamışdı; şəfa gecikəndə depressiya özünü yetirmişdi.

Gözləmədiyi anda gələn mesaj onu həyata qaytardı:

“Nurəddin, salam, necəsən? Mənəm, Nuranə, unutmamısan ki?”

Nurəddin onu unuda bilərdimi? Ötən günlər gözünün önündə sıralandı. Məktəb zarafatları, bir-birini cırnatmaları, bütün bu zahiri dünyanın içində onların bir-birinə duyduğu saf məhəbbət...

Nurəddin qıza cavab yazdı. Qarşılıqlı yazışmalar davam etdikcə Nurəddin həyata bir az da bağlandığının fərqinə varırdı.

Günlərin birində Nuranə rəfiqəsiylə onu görməyə gəlir. Onda Nurəddin ilk dəfə yataqdan durub arabaya oturur. Hərçənd ona hələ arabada oturmaq olmazdı. Sevincdən özünü itirən gənc ilk məhəbbətini görmək eşqiylə arabanı necə tələsik sürürsə, araba aşır, o da yıxılır. Xoşbəxtlikdən, kürəyi üstə yıxılır və heç bir zədə almər. Onun zədə almadığını görəndə hamının ürəyi yerinə gəlir və elə bu vaxt gülüşmə qopur…

Nurəddinin Nuranəni görmək eşqiylə tələsik gəlməsi hamıda xoş əhval oyatmışdı. Nuranə də onlara qoşulub gülürdü. Ona baxıb Nurəddin də gülürdü, bəlkə də neçə vaxtdan bəri ilk dəfə idi ki, belə ürəkdən gülürdü.

Həmin gün Nuranə onlarla birgə nahar etdi. Məktəb xatirələrindən danışıb güldülər.

- Yadındadır, sən həmişə mənim hörüyümü dartardın?

- Sən də mənim ağ köynəyimi yazardın, evdə də sənin üstündə anam məni döyərdi.

- Heç mənə deməmişdin!

Elə bil qanlı-qadalı günlər heç olmamışdı, elə bil heç böyüməmişdilər, ikisi də həmin o saf, məsum məktəbli idi.

- Nuranə, sənin ürəyinin gözəlliyi mənə o qədər yaxşı tanışdır ki. Yadıma gəlir ki, mən bazarda kökə satanda sən də ananla bərabər gələrdin və anana bir yığın kökə aldırardın. Mən bilirdim ki, sən kökəni sevmirsən, sadəcə mənim çörək pulu qazanmağım üçün belə edirsən. Mən isə səni görəndə utanırdım.

- Soyuğa, istiyə baxmadan bazarda kökə satmağın səni gözümdə daha da ucaldırdı. Axı sən öz ailənə kömək edirdin…

O gündən gənclər iki dost kimi bir- birinə və həyata tutundular.

“N” kimdir?

Nuranənin yaxşı rəssamlığı vardı. Gözəl rəsmlər çəkərdi, Nurəddin onun rəsmlərini ürəyində bəyənsə də qızı cırnatmağı sevərdi.

Bir dəfə Nurəddin onun işlədiyi yerə getdi. Onda hələ protez taxılmamışdı, arabadaydı. Nuranə onun gəlişinə sevindi. Bir az söhbət etdikdən sonra arabanı yüngülcə qaldırıb divarda çəkdiyi şəkli oğlana göstərdi.

Divarda panda şəkli çəkilmişdi. Pandanın içində ürək, onun içində isə “N” gizlənmişdi.

- Nurəddin, bir bax, gör bəyənirsən?

- Nəyi deyirsən? Bu çəkdiyin şəkli deyirsən? Bu nədir ki?

- Pandadır da. Yaxşı bax.

- Həə, pandaymış. Heç həyatda panda görməmisən, eləmi?

- Bunun nə dəxli var?

- Çünki çox zəif çəkmisən. Heç oxşada bilməmisən.

- Elə deyirsən, elə bil sən özün panda görmüsən. Sən rəsmi duya bilmirsən.

- Ta niyə əsəbiləşirsən... Bilsəydim inciyəcəksən, deyərdim ki, bəyənirəm.

Nurəddin bu sözləri deyir və altdan-altdan Nurənənin reaksiyasına baxırdı. Qızın qaşları çatılmış, dodaqları büzülmüşdü. Nurəddin güldü:

- Ee, mən zarafat edirdim. Əlbəttə, gözəl pandadır. İçində də “N” hərfi var. Bəs bu “N” kimdi?

- “N”-yəni Nuranə.

- Yəni öz adını həkk etmisən?

- Əlbəttə.

- Yaxşı, mən getsəm yaxşı olar, görürəm ki, incimisən.

Nurəddin gedəndən sonra rəfiqələri Nuranəni sorğu-suala tutdular. Qızlar gənclərin arasında doyulmaz bir istək olduğunu hiss etmişdilər. Nurəddinin sözlərində, baxışlarında Nuranəyə olan zərif sevgini görməmək, duymamaq mümkün deyildi.

Ancaq qız utanaraq “biz dostuq” deyirdi.

Həmin axşam Nuranə Nurəddinə mesajında qızlarla arasında olan söhbəti yazdı:

“Qızlar dedi ki, Nurəddin səni sevir. Məgər sən…”

“Yox, biz ancaq dostuq”.

Nurəddinin ayağı yenidən çirk etmişdi, əməliyyat olunmalıydı. Ola bilsin ki, sol ayağı da kəsiləcəkdi. Ona görə Nuranəyə yük olmasın deyə onu sevdiyini etiraf etmədi. Nuranə isə bu etirafı ürək çırpıntısıyla gözləyirdi.

Bir dəfə Nuranə sosial şəbəkədə sevgiyə aid paylaşım etdi: “Sevgi hər şeyə qalib gələr. Sevgi olan yerdə dərd, bəla yoxdur”.

Nurəddin paylaşımı oxuyub fikrə getdi. Görəsən doğrudan da sevgi onun xilası ola bilərdimi? Axı bu sevgi onu yenidən həyata bağlamışdı. Etiraf etməsə də, Nuranəni sevdiyini və bu sevginin onun qəlbini gülzarlığa döndərdiyinin fərqindəydi. Amma onu qarşıda çətin günlər gözləyirdi. Yeni əməliyyatlar, müalicələr, prosedurlar. Nuranəni bütün bu qayğılardan azad etmək istəyirdi. Qeyri-ixtiyari qızın nömrəsini yığdı.

- Paylaşımını oxudum... Doğrudan sevgi səncə hər şeyə qadirdi?

- Əlbəttə. Yoxsa sən buna inanmırsan?

- Sən bu sözləri kimə yazmısan?

- Düzünü deyim?

- De.

- Sənə.

- ...

- Niyə susdun? Bu sözlər sənin üçün heç nə ifadə etmir?

- ...

- Nurəddin, madam belə oldu… Bilirsən, nə düşündüm. Bu dostluğa son verməliyik. Bir də mənə zəng etmə.

Nurəddin əlində telefon fikrə getdi. Nuranənin hisslərini görməzdən gələrək görəsən düzmü etmişdi? Axı həmişə fərqindəydi ki, bu fədakar, anlayışlı, sevgi dolu qız onunla bütün çətinliklərdən keçməyə hazırdır. Və bəlkə də bu sevgi nəinki onun özünü, onların ikisini də yaşadar.

Nuranəyə sevgisini etiraf etmək üçün yenidən onun nömrəsini yığdı, amma qız telefonu açmadı. Nurəddinin elə bil nəfəsi tıxandı, Nuranəni itirmək qorxusu hər şeyə güc gəldi, tələsik təkərli arabada Nuranənin evinin yolunu tutdu.

Qızın pəncərəsini uzaqdan görəndə bir az sakitləşdi, çünki pəncərə açıq idi, çox güman ki, Nuranə də evdəydi.

- Nuranə, məni eşidirsən? Xahiş edirəm, cavab ver!

Qızın pəncərəyə yaxınlaşdığını hiss etdi.

- Niyə gəlmisən? Demədimmi, dostluğumuz bitdi. Bir də məni axtarma.

- Dostluğumuz bitdi, düzdü. Çünki bu dostluq sevgiyə çevrildi. Böyük bir sevgiyə.

O anın xoşbəxtliyi ikisini də göyün yeddinci qatına qaldırmışdı. O andakı ilahi sehr hər ikisini sehrləmişdi, sözlər də aciz görünürdü.

Yenidən öz ayaqları üstündə…

Nurəddin və Nuranə sevgi fəslini yaşayırdılar. Birlikdə gəzməli, görməli yerlərə gedir, saatlarla söhbət edir, bir-birlərinə ruhən dəstək olurdular. Əməliyyat keçirən Nurəddin protez taxılandan sonra da arabadan qalxmağa ürək eləmirdi. Nuranə ona hər şeyin yaxşı olacağını təlqin etsə də, o, hələ də tərəddüd edirdi.

Bir dəfə isə Nuranə onu qalxmağa məcbur etdi:

- Sən dur, mən səni tutacam.

- Sən zərif qızsan, qolların məni saxlayarmı? Həm birdən ayaqda dura bilmərəm, ümidimi də itirərəm.

- Yox, sən ayaq üstə duracaqsan. İnan mənə.

Nurəddin yavaş-yavaş arabadan qalxdı. İndi ayaqları üstə dura bilirdi. Dönüb Nuranəyə baxdı. Qızın üzü gülürdü. Gözlərindəki sevinc Nurəddin tərəddüdlə addımlarını atdığı yolu işıqlandırırdı...

Bir neçə ay sonra Nurəddinlə Nuranənin toy mağarı quruldu. Nurəddinin döyüş yoldaşları hamılıqla məclisdə iştirak edib göz aydınlığı verdilər. Ara-sıra döyüşçülərin danışdığı kövrək müharibə xatirələri də toyun aydınlığını pozmadı, əksinə, daha bir duruluq gətirdi...

Nurəddinlə Nuranə qayğıları gözlərində böyütmədilər, əksinə, həyatın bir parçası kimi gördülər. Həyata sevgiylə baxdıqlarından həyat da onlara yeni möcüzələrlə qucaq açdı. Melisanın doğulması ilə ailənin sevinci, sevgisi, işığı daha da çoxaldı.

Sevgi dolu günlər bir-birini əvəz etdikcə, heç bir müharibənin, xəstəliyin, ağrının ayıra bilmədiyi iki gəncin- Nurəddinlə Nuranənin həyat hekayətinə yeni uğurlu səhifələr yazılır.


Müəllif: Günel Natiq

Oxşar xəbərlər