Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfər azyaşlı xilas olunub. Bakı şəhərinin Sabunçu rayonunda bağlı qapı arxasında aşkar olunan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində batması ehtimal olunan 1 nəfər uşağın axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.