12 Yanvar 2015 21:23
2 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahib Məmmədov: “İntihardansa Əmək Müfəttişliyinə müraciət etsinlər”

“Azərsun Holdinq”in Şəkər Zavodundan işdən çıxarıldıqlarına görə 8 fəhlə şirkətin baş ofisi qarşısında kütləvi intihar edəcəklərini bildiriblər. Yayılan məlumata görə, özünəqəsdə məcbur olan fəhlələrdən biri - İmişli sakini Elnur Uluxanov deyib ki, onlar iş şəraitindən və əməkhaqqının azlığından şikayət ediblər, bu səbəbdən də işdən kənarlaşdırılıblar. Nəticədə fəhlələr bu addımı atmağı qərara alıblar.

Fəhlələr: “Bizi istismar edirlər”

Elnur Uluxanovun sözlərinə görə, 2008-ci ildə Şəkər Zavoduna işə düzəlib, amma bir müddət sonra işdən çıxarılıb və o vaxtdan əmək müqaviləsiz, ağır iş şəraitində bu zavodda 16-18 saat çalışıb: “Məni o vaxt böhtanla işdən çıxartdılar. 6-7 ay get-gəldən sonra zavoda işə qaytardılar. Ancaq qeyri-qanuni işçi kimi... Məni ştata götürmədilər. Yem sexində təmizləyici işləyirdim. Orada ən ağır işin bir saatı təqribən 3 manatdan hesablanır. Mənim iş saatım isə 60 qəpikdən hesablanırdı. Məni təmizləyici adı ilə işə götürsələr də, vəzifəmə daxil olmayan bütün ağır işlərdə salışmağa məcbur edirdilər”.

Şikayətçi bildirib ki, ağır iş şəraitində əmək təhlükəsizliyinə də düzgün əməl olunmayıb: “Maska verilmirdi deyə dərmanlı toz-torpaq, zərərli kimyəvi maddələr ciyərlərimizə dolurdu. Bir dəfə üstümə qənd kisəsi aşdı, bərk əzildim, bir tərəfimi hiss etmirdim. Ailə vəziyyətim ağır olduğuna görə 4 gün sonra işə qayıtmalı oldum. Qardaşım da zavodda işləyirdi. O, kimyəvi dərmanların təsirindən, işin ağırlığından əməliyyata düşdü, başında xəstəlik tapıldı... İki ildən çoxdur xəstəxanada müalicə alır. Zavoda demək olar ki, hər ay qeyri-qanuni fəhlə götürülər, haqsızlıqlara dözməyib gedir. Qul kimi işlədirlər, sonra da bir bəhanə tapıb işdən qovurlar”.

“Şikayət araşdırılır”

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov qəzetimizə açıqlamasında bildirdi ki, fəhlələrin səsləndirdiyi ittihamların heç bir əsası yoxdur və hazırda ictimailəşən bu məsələ ilə bağlı araşdırma aparılır: “8 nəfərdən 3-ü “Azərsun” sistemində işləməyib. Onlar subpodratşı şirkətin əməkdaşları olublar. Digərləri müxtəlif vaxtlarda işdən çıxarılmış insanlardır və əmək qanunsuzluğuna görə işlərini itiriblər.

Belə bir halla üzləşmələri təbii ki, bizdə də təəssüf doğurur. Amma onların özlərinə qəsd etmə kimi təhdidləri əslində çıxış yolu deyil. Biz bu müraciətləri baş ofisin diqqətinə çatdırdıq. Müvafiq komissiya ayrılıb, bu şikayətlər araşdırılır”.

İki xidmət departamenti hara baxır?

Şirkət rəsmisi dedi ki, “Azərsun” ciddi qurumdur, heç kəsi əmək müqaviləsiz işə qəbul etmir: “Bundan başqa, fəhlələrin 12-14 saat işlədilməsi mümkün deyil. Bu zavod bazar prinsipi ilə yox, qayda-qanunlara uyğun, normativlərlə fəaliyyət göstərir. “Azərsun”da şirkətdaxili qaydalar əməkdaşlarının rifahına xidmət edir ki, bu əməkdaşlıq davamlı olsun. İşçilər sığorta ilə təmin olunub.

İddia edirlər ki, zavod rəhbərliyi işçiləri istismar edir. Müəssisələrdə idarəetmə strukturu elə qurulub ki, onlar bir-birinə tabe olmayan nəzarət mexanizmi ilə fəaliyyət göstərir. Hər hansı qanunsuzluq, yaxud işçini narazı salan hadisə, hal baş versə, zavod rəhbərliyinə tabe olmayan, ixtisasa və işin keyfiyyətinə nəzarət edən departamentlər onun qarşısını dərhal alar. Bu nəzarət departamentləri işçi hüququnun pozulması ilə bağlı neqativ halların qarşısını aldıqlarına görə mükafatlandırılırlar.

Yəni zavod rəhbərliyi işçilərini istismar edirsə, bu iki xidmət departamenti hara baxır? Ona görə səslənən fikirləri böhtan saymalıyıq. İmişli Şəkər Zavodunun rəhbəri yüksək idarəetmə səriştəsinə malik, öz kollektivində nüfuzu olan, savadlı, təcrübəli işçidir. Onun haqqında deyilənlər ən azı insafsızlıqdır”.

İttihamlar sübuta yetməzsə...

Afiq Səfərov dedi ki, müxtəlif vaxtlarda işdən çıxarılmış 8 nəfərin müəyyən ittihamlarla bir araya gəlib, şirkəti təhdid etmələrində hansı qüvvələrin maraqlı olması araşdırılır: “Belə bir hal indiyədək baş verməyib. Yəqin ki, cavabdeh təşkilatlar bununla bağlı tədbirlər görəcəklər. Rəhbərliyin təlimatı ilə müvafiq komissiya araşdırma aparır. O fəhlələrə qarşı hər hansı haqsızlıq olubsa, aradan qaldırılacaq və onların hüququ bərpa ediləcək. Əgər deyilənlər sübuta yetməzsə, onlar “Azərsun”un heç bir müəssisəsində iş tapa bilməyəcəklər”.

“İşçi öz hüququnu bilməyəndə, sui-istifadə halları baş verir”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, İmişli Şəkər Zavodunda işçilərin əmək müqaviləsiz işləməsi barədə rəhbərlik etdiyi təşkilata vaxtaşırı məlumatlar daxil olur. Sahib Məmmədov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən əksər türk şirkətləri fəhlələri əmək müqaviləsi olmadan işlədir və istismar edir: “Belə olan halda işçilər intihara, etiraz aksiyalarına əl atmaqdansa, öz qanuni haqlarını müdafiə edə bilərlər. Onlar ilk növbədə Əmək Müfəttişliyinə müraciət etməlidirlər. Heç olmasa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-qaynar xəttinə telefon açıb bu barədə məlumat versinlər. Bizim təşkilata müraciət etsələr, hüquqi baxımdan hansı addımlar atılması istiqamətində də onlara yardımçı olarıq. Bunları eləmədən intihara əl atmaq çıxış yolu deyil. İşçi öz hüququnu bilməyəndə, bundan sui-istifadə halları çoxalır”.

Sevil HİLALQIZI


Müəllif: