28 Avqust 2023 18:42
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada:

Qarabağa hərəkat

Biz də bir həftədən sonra İran hüduduna yaxın sayılan və 4 ayı aşan zamandan bəri mühasirədə olan Qarabağ elinin mərkəzi Şuşaqala türklərinin qurtarılması üçün digər bir alay və bir xəfif tank bölüyü ilə bərabər hərəkət əmrini aldıq...
Qaranlıq bir gecədə qatarla yola düşdük. Arxada dinclik və sakitlik içində qoyduğumuz böyük Bakı şəhərinin elektrik işıqları sanki göy üzünü alovlandırırdı. Bu alov keçmiş İstanbul yanğınları kimi çox, həm də lap çox uzaqlardan görünürdü. Xəzər dənizinin əsrarəngiz sahillərindən keçən dəmiryolu bu mədəni görünüşə ayrı bir gözəllik qatırdı. Cənub istiqamətinə doğru çılğın bir cəldliklə gedən qatarımız ilk və son dəfə dəniz hamamı qəbul etdiyimiz Ələt stansiyasına çatdı. Bundan sonra dəmiryolu qərb cəhətinə dönür və artıq Xəzərdən ayrılırıq.

Bütün çevrəsi türk və müsəlmanlarla məskun olan, Asiyanın bu böyük dənizindən əmniyyət və qürur içində ayrıldığımız o gün nə qədər gözəl və unudulmaz bir gün olmuşdu...

Bəli! Minlərlə və minlərlə il əvvəl saysız-hesabsız dost və düşmən orduları da bu Xəzərdən, bu ovalardan, bu dağlardan keçmişdilər. Tarix kitablarından öyrənirik ki, ərəb orduları və ən son olaraq rus orduları buralarda yerləşmişlər və Azərbaycan xalqını da mümkün olduğu qədər sömürmüş, kədərləndirmişlər. Amma Osmanlının ikinci məşrutiyyət dövründəki ordusu ilk dəfə Xəzərdən, bu vadilərdən milliyyət eşqi ilə dolmuş şəkildə keçir, yalnızca Azərbaycan türklərinin istiqlalı uğruna tər və qan tökürdü.

Qatar yoluna davam edir, çox sərt müharibələrə səhnə olan məşhur Hacıqabul stansiyasını, ucu-bucağı görünməyən düz ərazini keçirik. Nəhayət, Qarabağ şossesinin qatar yoluna qovuşduğu Yevlax stansiyasına varır, orada düşürük. Üç gün yürüyüşdən sonra böyük Ağdam şəhərinə xalqın sevgi dolu nümayişləri içində giririk. Burada da “Allah kömək etsin” səsləri uğultular halında göylərə yüksəlirdi. Fəqət fasilə vermədən şəhərin xaricinə çıxırıq. Bir neçə gün sonra Şuşaqala istiqamətində müharibə tərtibi alaraq yürüyüşə keçirik.

Yorğunluq, tər və qan bizim üçün ikinci bir təbiət halı idi. Dünənki müsəlman uşaqlar ikinci məşrutiyyətdən sonra milliyyətçi duyğularla bəslənmiş, yepyeni bir dövrün şüuru içində inkişafa başlamışdılar. Məmləkətimizdə fikir həyatının belə arzu və həvəslə irəliləməsi ruhları aydınlatmış, türklük aləmini bir-birindən dərin uçurumlarla ayıran sünnilik və şiəlik haqqındakı əhəmiyyətli mövzular da geridə qoyulmayaraq layiq olduğu vəchlə diqqətə alınırdı və mövzumuzun can damarı da budur:

Əli ilə Müaviyənin amansız müharibələrinin iç üzü hökmdarlıq taxtının ələ keçirilməsi üçün girişilmiş çətin savaşların və davamlı olaraq işlənmiş siyasi cinayətlərin, cürbəcür fitnə və fəsadın həzin hekayələrindən başqa bir şey deyildi. Nəticə olaraq şiə adı ilə, yəni Həzrəti Məhəmmədin ailəsini sevənlər adı ilə ortaya çıxan Abbasilər dəxi hicrətin 132-ci ilində Əməvi ordularını pərişan və dövləti məhv etdikdən sonra xilafət məqamını ələ keçirmişlər, tamamilə rəqibsiz səltənət sürmək məqsədi ilə Həzrəti Əlinin məsum nəvələrindən 21 nəfəri bir gecədə edam etdirmişlər. Buna bənzər başqa edamlar da olunmuşdu.

Cinayətləri tərtibləyən o günün siyasət adamı da Əhli-Beytin intiqamını almaq üçün Əməvilərə qarşı bayraq açan Həzrəti Peyğəmbərin əmisi Abbasın nəvələrindən və ikinci Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsurun özü idi. Amma bir az əvvəl ərz etdiyim kimi bizlər də İslam tarixini vicdan hürriyyəti daxilində təkrar-təkrar oxuyub araşdırdıqdan və dinimizin davamlı olaraq siyasətə alət edilmiş olduğunu anladıqdan sonra artıq əhli-sünnət vəl camaat deyil, əhli-Quran vəl camaat olmuşduq. Budur, Azərbaycanda belə şüurlu bir fikir səviyyəsinə ucalmış olaraq vəzifəmizi yerinə yetirir, Gəncədən başlayaraq girişdiyimiz milli savaş müxtəlif çətinliklərə hazır olduğumuz yeni və həqiqi imanla davamlı olaraq yenilənirdi.

Şuşaqala istiqamətindəki sıldırımlı qayaların möhkəm nöqtələrinə yerləşmiş düşmən cəbhəsinə də belə fövqəladə həyəcanın verdiyi qeyrətlə hücum edildi və bir hücumdaca yarıldı. Qarşı tərəfdən gələn səlahiyyətli nümayəndələr müharibəni bitirəcəklərini, bir neçə gündən sonra müəyyən saatda Şuşaqalanı qeyd-şərtsiz təslim edəcəklərinə söz verdilər...

Təbiət gözəlliyinə sahib Şuşaqalaya şəhərin kənarlarında bizləri maraq və həyəcanla gözləyən türklərin candan alqışları içində və çox tez hazırlanmış üç böyük Zəfər Tağının altından keçərək girdik. Birincisində “Yaşasın Ənvər”, ikincisində “Yaşasın Sultan”, üçüncüsündə “Bir gün olacaq şəmsi-həqiqi doğacaq, Şərqin bu əsir bəldələri hürr olacaq” yazılmışdı.

Üçüncüsünü Şuşaqala qızları bolşevik ixtilalından sonra yazmağa başlamış, iki ay içində tamamlaya bilmişdilər. Bu bilgiləri bizə şəhərin türk məhəllələrinin qadınları ilə birlikdə boy sipərləri içində müdafiə edən azəri mücahidləri verirdilər... (Bu barədə Həmidə xanım Cavanşir də xatirələrində yazıb – D.Ə)

Şuşaqalada böyük bir salondayıq. Dildən olduğu qədər ürəkdən də bərabər olduğumuz mücahidlərlə söhbətləşirik. Müxtəlif təhlükələrdən sovuşduğumuz üçün birlikdə sevinc içindəyik... Belə nəşəli söhbətləri, bu gözəl ortamı pozan, dayandıran yaşlı, xınalı saqqallı bir adam oldu. Həmin adam “Paşalar, necə olar ki, sünnilər gəlib şiələrin canını, malını qurtarır. Mən bunu anlamıram, anlamıram” deyə intəhasız marağını dilə gətirməyə başladı. Ona “şiəlikdən və sünnilikdən, hətta müsəlmanlıqdan əvvəl türk əslindən olduğumuza görə” söylədilər və daha çox şeylər izah edildi. Baş verənləri, həqiqətləri artıq gözləri ilə görən və indi tərəddüdsüz inanan bu adamın sevinc təəccübünü görmək lazımdı. Amma həzin bir mənzərə idi. Təəssüf ki, belə ciddi bir anlayışa mədəniyyət yolu ilə deyil, ağrıların, susuzluqların, nəhayət cürbəcür qətliamların yaratdığı fəci səhnələr önündə varılmışdı. Bununla yanaşı birlikdə aldığımız ibrət dərslərinin Azərbaycan istiqlalının ömrü qədər az və keçici olacağına, bu tarixdən 50 il sonra İstanbul Universitetindəki cəmiyyətdə sünnilik, ələvilik davalarının başlayacağına, aydın gənclərimizin bu dərəcə bəsit və qürurqırıcı bir pusqunun içinə atılacağına o zamanlar kim inana bilərdi?

Yaşlı adam böyük bir fərəhlə, bir tərəfdən də o günlərə qədər aldadılmış olmağın qəzəbi içində olduğunu bəlli edən döyüşkən hərəkətlərlə danışığına davam edir, bu dəfə ürəyindəkiləri çəkinmədən deyirdi: “Vaxtilə Şuşaqalada sərmayəsi az bir baqqalın yağ boçkasına siçan düşmüş, çölə çıxa bilmədiyi üçün boğulub ölmüşdü. Baqqal axunddan- yəni sarıqlı din adamından soruşmuşdu: Yağı tökərsəm, zərər edəcəyəm, rus və ya erməni müştərilərimə satarsam, günah etmiş olarammı? Axund cavab vermiş: Rus və ya erməniyə satarsan, ikiqat günah işləmiş olarsan, amma sünni müsəlmanlara satarsan, heç günah yoxdur”.

Xatirələrdə silinməz iz qoyan axundun fətvası zehinləri qarmaqarışıq etmiş, ətrafı üzüntülü bir səssizlik örtmüşdü... Hava bir an belə keçdi. Fəqət təhsilini Moskvada aldığını söyləyən gənc bir mücahid eyni mövzu üzərində sözə başlayınca hər kəs qulaq kəsildi. Aydın mücahid xülasə belə danışdı: “Paşalar! Ağanın söylədikləri doğrudur. Çox əski zamanlardan bəri bu tip axundlar hər tərəfdə olduğu kimi bizdə də vardır. Ancaq belələrini ruslar bol pullar verərək əldə etmişdilər. Bu xainlər türklər arasında birlik, qardaşlıq qurulmaması üçün vəzifəlidirlər. Ürəyim ağrıyaraq söyləyim: Millətin cəhalət və təəssübündən istifadə edərlər”.

Mövzu daha ziyadə hərarətlənmişdi. Artıq oyanıq olmağın əhəmiyyəti layiqli şəkildə dilə gətirilirdi. Belə zamanlara məxsus söhbətlər bir-birini təqib edir, haqlı həssaslıq səmimiləşib dərinləşirdi...

Yığıncaq təzəcə dağılmışdı ki, tabor komandanımız minbaşı Manastırlı Hafız Rəcəb bəy bizlərə xitab edərək: “A bə cocuqlar! Rusların türklük aləmini məhv etmək üçün nələr etmiş və etdirdiklərini tarix kitablarından oxumuşduq. Amma məscidlərimizin içinə girdiklərini bu gün burada öyrənirik. Belə zəhərli oyunlardan nə Ənvərin, nə Talatın, hətta Türkiyədə heç kimsənin xəbəri olmadığını tərəddüdsüz qəbul etmək lazımdır. Bu ağrılı həqiqətlər bilinməyincə müdafiə və müqabilə etmək üçün bir şeylər düşünülməz. Təbii deyilmi, təbii deyilmi?!”

Beləcə deyindi, nəhayət söylənəcək söz, ediləcək bəd dua tapa bilməyincə yerə tüpürdü. Qəzəbini belə bitirmək istəyirdi...
Dərin səssizliyi yenə o pozdu. Böyük enerji ilə rumelilərə xas şəkildə yürüyərək salondan çıxdı. O əsnada Şuşaqalalıların eşitməyə alışmadıqları şirin yeni bir melodi ətrafa yayılırdı. Bu melodi nümayiş yürüyüşü edən üçüncü bölüyün boru və trampet səsləri idi...

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər