Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə konfrans keçirib.
Teleqraf.com xəbər verir ki, tədbir Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrinin sədrləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunub.
O, Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub.
Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.
Daha sonra, apellyasiya baxışının nəticələrinə əsasən ləğv edilmiş konkret işlər üzrə nöqsanlar, xarakterik pozuntular birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırıldı, mövcud məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinin zəruriliyi vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
İşlərə baxılarkən qanunvericiliyin, Ali Məhkəmənin Plenumunun qərarlarının tələblərinə ciddi əməl olunması ilə bağlı birinci instansiya məhkəmələrinin hakimlərinə tövsiyələr verildi.