Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2014-cü ilin illik hesabatına dair keçirilən mətbuat konfransında AMEA-nın prezidenti Akif Əlizadə ötən bir il ərzində akademiyanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, bu tədbirlər ölkəmizdə elmin inkişafı və onun təbliğində, həmçinin elmin populyarlığının artırılmasında əhəmiyyətli rol oynayıb.
Akademik il ərzində AMEA-nın bir sıra beynəlxalq konfranslarda iştirak etdiyi, elm adamlarının təcrübə üçün bir çox ölkələrə ezamiyyə olunması, alimlərin elm festivalının keçirilməsi, alimlərin qurultayı, akademiyanın yerli bölmələrinin yaradılması barədə məlumat verib: “Cari ilin iyun ayında akademiyanın həqiqi və müxbir üzvlüyünə keçirilmiş seçkiləri xüsusilə qeyd etmək lazımdır. Tamamilə şəffaf və hüquq normaları çərçivəsində təşkil olunmuş seçkilərdə akademiyaya yeni həqiqi və müxbir üzvlər seçildi.
Akademiyanın cari ildə bir sıra beynəlxalq təşkilatlar, eləcə də elmi qurumlarla əməkdaşlıq əlaqələri inkişaf etmişdir. Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən tədbirlər, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq elmi qurumlarla birgə layihələrdə iştirak etmişdir. AMEA rəhbərliyinin birbaşa iştirakı ilə İspaniya Kral, Rusiya, Macarıstan, Bolqarıstan, Polşa, Latviya və başqa ölkələrin elmlər akademiyaları ilə əməkdaşlığın yeni mərhələsinə başlanılıb.
Akademiyanın nəzdində elmin aidiyyəti istiqamətləri üzrə yeni Dünya Siyasəti, Elm Tarixi, Molekulyar Biologiya və Biotexnologiyalar, eləcə də Qafqazşünaslıq institutları yaradılıb.
İlin sonlarında, daha dəqiq desək dekabrın 19-da keçirilmiş “Azərbaycan alimlərinin I Qurultayı”nı xüsusilə qeyd etmək lazımdır. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarını təmsil edən 550-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi Qurultayda Azərbaycan elminin problemləri, onların həlli yolları və qarşıda duran vəzifələr geniş şəkildə müzakirə olunub. Qeyd etmək lazımdır ki, internet üzərindən canlı yayımlanan və interaktiv qaydada təşkil olunmuş sözügedən Qurultayda xarici ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alim iştirak edib”.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan elmində bir qədər qocalma olsa da, artıq gənc alimlər qoca alimləri əvəz etməyə hazırlaşırlar: “Elm bir anda yaranmır, bunun üçün müəyyən vaxt və şərait lazımdır. İl ərzində elmin sosial problemləri də akademiyanın diqqət mərkəzində olub. Bu yaxınlarda akademiyanın alimlərinin çoxdan arzuladığı poliklinikanın layihəsi də hazırlanıb. Ümid edirik ki, qısa zamanda layihə işləri yekunblaşıb tikinti işlərinə başlanacaq”.
Sevil