22 sentyabr 2023-cü il tarixində FHN-in Bakı Regional Mərkəzi tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş "Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur" mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların birliyinin yaranmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərdiyini iftixar hissi ilə dilə gətirib. M.Həsənov ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənliklə ölkəmizin və xalqımızın tərəqqisi üçün düşünülmüş siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrildiyini vurğulayıb.
Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev qeyd edib ki, zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli inkişaf konsepsiyasını işləyib hazırlayıb və onu dəqiqliklə həyata keçirib. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ümummilli Liderin şah əsəridir.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və digər çıxış edənlər də xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarıb müstəqilliyə qovuşduran Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.