Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) və İraqın Təlafər şəhər meriyasının birgə təşkilatçılığı ilə bu şəhərdə Qarabağ müharibələri dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların Anım günü ilə bağlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, İraqda Azərbaycan xalqı ilə dərin etnik, mənəvi-mədəni bağlara malik türkmanların yaşadığı bölgənin baş şəhərlərindən biri olan Təlafərdə Gənclik Mərkəzində keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi şəhidlərinin ruhu ehtiramla yad olunub, dualar oxunub.
Tədbiri giriş sözü ilə açan şəhər meri Seyid Qasim Şərifi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı türkmanların ruhən onların yanında olduğunu və mənəvi dəstəyini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd edib, eyni zamanda Azərbaycan ərazilərinin işğalı dövründə baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü zülmü ilə müqayisə edib. Şəhər meri sonda bütün Azərbaycana bir günlük antiterror əməliyyatlarındakı uğuru və ərazi bütövlüyünün tam bərpası ilə bağlı təbriklərini çatdırıb.
Tədbirdə ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov İraqın türkman əhalisinin Azərbaycana ardıcıl şəkildə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib, Azərbaycanın tarix boyu yaratdığı şanlı dövlətlər dövründə İraq türkmanları ilə daima bir-birinə bağlı olduqlarını qeyd edərək, bu yaxınlığın ölkələr arasında dostluğa daha çox töhfə verəcəyinə əminlik bildirib.
Daha sonra Ermənistanın xarici havadarlarının dəstəyi ilə müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti, erməni vandalizmini, eyni zamanda Vətən müharibəsini, müharibə vaxtı xalqımızın milli birlik ruhu ilə qələbəsini, müharibədən sonra azad olunmuş torpaqlarda başlayan böyük bərpa və quruculuq işlərini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını əks etdirən “44 Günlük Qəhrəmanlıq Salnaməsi” adlı fotosərginin açılış mərasimi keçirilib.