15 Yanvar 2015 13:37
1 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə Fərman imzalayıb və uyğun siyahı təsdiqlənib.

Dəmir yolu, su, qaz və elektrik xətləri, neft torpaqları xaric ərazilər

Qeyd edək ki, fərmanın 2-ci bəndi ilə magistral infrastruktur xətləri (dəmir yolu, su-kanalizasiya, qaz və elektrik xətləri) üzərində inşa olunan və neft torpaqlarında tikilən evlərin sənədləşdirilməsi istisna edilir. Göstərilir ki, vətəndaşların bu ərazilərə daxil olmayan daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılır ki, fərmanla təsdiqlənmiş siyahıya daxil olmayan sənədlər aşkarlandıqda, onların siyahıya daxil edilməsi barədə müvafiq təklifləri Prezidentə təqdim etsin.
Siyahıda isə göstərilib ki, Azərbaycanın SSRİ tərkibinə daxil olduğu dövrdə səlahiyyətli orqanlar tərəfindən verilən daşınmaz əmlaklarla bağlı 10 müxtəlif tipdə ilkin sənədi olan şəxslərin mülkiyyətinin sənədləşdirilməsi mümkündür.

Siyahının 2-ci bəndi isə müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun qüvvəyə mindiyi dövrü əhatə edir.

Ekspertlər nikbindir

"NBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimovun sözlərinə görə, bu fərmanı daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı pərakəndəliyə son qoyacaq: "İndiyədək Torpaq Komitəsi bir cür sənəd tələb edirdi, Əmlak Komitəsi başqa cür, məhkəmə isə tamam başqa... Prezidentin bu fərmanı sənədləşmə zamanı konkret hansı sənədlərin tələb olunduğunu müəyyənləşdirdi. Hesab edirəm ki, pərakəndəliyə son qoyuldu".

Qeyd edək ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun 29 iyun 2004-cü ildə qəbul olunub.
Nüsrət İbrahimov bildirdi ki, fərmanın icrası hazırkı mərhələdə mövcud qanun qüvvəyə minənədək dövrü əhatə edir: "Növbəti mərhələdə yəqin ki, digər qeydiyyatsız evlərlə bağlı məsələnin həlli istiqamətində tədbir görüləcək".

Fərmanın 2-ci bəndi ilə bağlı Nüsrət İbrahimov bildirdi ki, bu məsələdə aydınlaşdırılmasına ehtiyac duyulan nüanslar var: "İnanmıram ki, o evlər heç bir kompensasiya ödənmədən köçürülsün. Vətəndaşların mülkiyyətində olan əmlakların sökülməsi, yoxsa köçürülməsi daha ucuz başa gəlir, bunlar hesablanmalıdır. Əgər dəmir yolu, su-kanalizasiya, qaz və elektrik xətləri üzərində inşa olunan və neft torpaqlarında tikilən evlərin köçürülməsinə qərar verilsə, onda müvafiq torpaq sahələri ayrılmalıdır ki, vətəndaş özünə yaşayış evi tiksin. Yaxud müəyyən kompensasiyalar ödənməlidir. Amma bütün bunlar sonrakı mərhələlərdir".

Fərmanın 3-cü bəndində göstərilib ki, kolxoz və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibətini müəyyənləşdirən təkliflər hazırlanmalıdır.

Ekspert bildirdi ki, sovetlər dövründə torpaq sahələri şəhər və rayon xalq deputatları sovetinin qərarı ilə ayrılırdı. Bəzi hallarda isə kolxoz və sovxoz idarə heyətlərinin qərarı ilə vətəndaşlara torpaq sahələri verilirdi: "Doğrudur, bu, bir o qədər qanuni sayılmırdı, amma belə faktlar mövcuddur. Sənəddə də göstərilir ki, həmin mülkiyyətə dair ilkin sənədləri əlində olan şəxslərə qanun şamil ediləcək.

Hazırda regionlarda kolxoz və sovxozların idarə heyətlərinin qərarları ilə çoxlu sayda torpaq sahələri var ki, sənədləşdirilməyib. Xeyli bağ evləri var, sonradan həyət evləri tikilib, amma bağ sahəsi kimi qeydə alınıb. Müvafiq icra qurumları da müxtəlif bəhanələr gətirib vətəndaşın evini sənədləşməsində problemlər yaradırdılar. Fərmanla bu məsələlər öz həllini tapmalıdır".

"ASAN xidmət"ə müraciət oluna bilərmi?

Ekspertin fikrincə, fərmanın icrası zamanı "ASAN xidmət"in xidmət spektrinin genişlənməsi gözlənilir: "Hesab edirəm ki, vətəndaşların əvvəllər qeyri-qanuni sayılan daşınmaz əmlaklarının sənədləşdirilməsi "ASAN xidmət"də də icra olunacaq".

Sənəddə bələdiyyələr tərəfindən verilən daşınmaz əmlaklar nəzərdə tutulmayıbmı? Ekspertin fikrincə, əgər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənə qədər bələdiyyə sənədləri əsasında verilmiş daşınmaz əmlakdan söhbət gedirsə, bu cür əmlakları da sənədləşdirmək mümkün olacaq.

Nüsrət İbrahimov onu da qeyd etdi ki, söhbət yalnız fərdi yaşayış evlərinin sənədləşməsindən getmir: "Fərman nəzərdə tutulan dövrədək alınmış çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsinə də şamil ediləcək".

Çox vacib addım

İqtisadçı Azər Mehtiyev fərmanı vacib addım hesab edir. Onun fikrincə, problemin tam öz həllini tapması üçün sonrakı mərhələlərdə də müvafiq qərarların qəbuluna ehtiyac var: "Fərmanın 3-cü bəndində problemin mühüm bir hissəsinin həlli üzrə təkliflərin bundan sonra işlənməsinə göstəriş verilib.

Ümumiyyətlə, sənədsiz olan, yəni zəbt edilmiş ərazidə mənzillərin taleyi sual altındadır. Bundan başqa, Neft Şirkəti ilə mübahisəli ərazilərdə olan mənzillər də bu fərmanın təsir dairəsindən çıxarılıb. Yəni problemin həllində kompleksliliyin təmin edilməsi zərurəti yaranıb".

İqtisadçı Rövşən Ağayev də sənədsiz evlərə mülkiyyət hüququnun verilməsini çox müsbət qiymətləndirir. Rövşən Ağayev hesab edir ki, bu vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyinin, fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi halların qarşısını almaq üçün proses ictimai nəzarət tələb edir.

Fərmanın 2-ci bəndində göstərilənlərlə bağlı Rövşən Ağayev bunları bildirib: “Aparılan araşdırmalar göstərir ki, bu qəbildən olan evlər sənədsiz mənzillərin yarısından da azdı. Yəni əgər indiki mərhələdə mülkiyyət sənədi olmayan hər 100 evdən ən azı 50-i üçün bu imkan yaranıbsa, başlanğıc üçün çox yaxşıdır. İndi Bakı, Abşeron, Sumqayıtda minlərlə ev hər hansı magistral xətt üzərində, neft ərazisində olmasa da, həmin evlərin sənədləşdirilməsi mümkün deyildi. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsi mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün çox məhdud (cəmi 3-4) sənəd müəyyən etmişdi. İndi siyahı tam müəyyən edilib.

Məsələn, 1992-ci ilin yanvarın 1-dək yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydlərinin hüquqi əsas sayılması üçün bir çox hallarda vətəndaşlar məhkəmələrdə sürünməli olurdu. İndi bu tip sənədləri Reyestr Xidməti sözsüz-söhbətsiz qəbul etməlidir".

Sevil


Müəllif:

Oxşar xəbərlər